Məhkəmə qərarları › İş №e-2-2(113)-5687/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5687/2023

20.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5687/2023 20.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmar Cəmiyyətinin qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmar Cəmiyyətinə qarşı “dividendin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ildən indiyə qədər "xxxx" ASC-nə qoyulmuş səhmlər üzrə dividendlərin hesablanaraq ödənilməsi barədə qərarqəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası Abbasov Alı cavabdehə 2007-ci ildən 16 ədəd səhmlər yerləşdirilmişdir. Sonradan atası vəfat etmiş və həmin səhmlər onun adına sənədləşdirilmişdir. Həmin dövrdən indiyə qədər həmin müəssisə nə ümumi yıgıncaq keçirilmiş, nə də ki dividendləri ödəniş etmişdir. Mediasiyaya müraciət edilsə də müəssisənin nümayəndəsi ödəniş barədə bir addım atmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmar Cəmiyyətinin qanuni nümayəndəsi məhkəməyə izahatında zavodun uzun müddətdir ki, istifadə olunmadığını, orada 27 ailədən ibarət məcburi köçkünlərin yaşadığını qeyd etmiş və hər hansı bir fəaliyyətinin olmadığını bildirmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş depo hesabından çıxarışdan görünür ki, İddiaçı Cavabdeh Açıq Səhmar Cəmiyyətində hər birinin nominal dəyəri 2 manat olan 16 adi adlı səhmə malikdir. Hazırda, iddiaçı ona məxsus 16 ədəd səhm üzrə dividendin ödənilməsini tələb edir. Məhkəmə hazırkı mübahisənin həlli baxımından aşağıdakıları normaları nəzərdən keçirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 98.1-ci maddəsinə əsasən Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Sadalanmış normaların məzmunundan da, göründüyü kimi cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi məsələsi məhz ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhkəmə qaydasında baxılmalı deyildir. Bununla bağlı izah edilməlidir ki, cəmiyyətin üzvü mənfəətin bölüşdürülməsi və ümumi yığıncağının keçirilməsi üçün Cəmiyyətə müraciət etməlidir. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı tərəfindən irəli sürülmüş tələbin məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmar Cəmiyyətinə qarşı “dividendin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar