Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-569/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması və əmlakın boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması və əmlakın boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 17208,05 manat (o cümlədən texniki şərtə görə 207,5 manat xidmət haqqı) maddi ziyanın ödənilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2, Yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2022ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, cəmiyyət mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2 Yeni qaydalarla : AZ 1089, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi: 273,50 kvadratmetr) 120 kvadratmetr hissəsini onun müddətli istifadəsinə vermişdir. Müqaviləyə görə, icarə haqqı, vergi və xidmət haqqı daxil olmaqla, ümumilikdə hər ay 1500 manat (17208,05 manat (15500,55 manat (xx.xx.2024-cü il tarixədək borc) + 207,5 manat (texniki şərtə görə xidmət haqqı – buna görə xx.xx.2024-cü il tarixdən borclanma yaranıbdır) + 1500 manat (sentyabr ayı üçün borclanma) son ana olan borc məbləği) ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə öhdəliyini layiqincə icra etmədiyinə görə hüquqi tədbirlərə başlanmışdır. Belə ki, onun müqaviləyə görə, 17208,05 manat (o cümlədən texniki şərtə görə 207,5 manat xidmət haqqı) icra edilməmiş borc öhdəliyi mövcuddur. Qeyri-yaşayış sahəsinin müvafiq hissəsinin (icarə obyekti) cari ilin avqust ayının 9-da qaytarılması və borc məbləğinin (həmin tarixə 15500,55 manat) ödənilməsi barədə cavabdehə bildiriş ünvanlanmışdır. Sözügedən bildiriş üzərində tələblə razı olduğu barədə qeyd əksini tapmışdır. Obyekt hazırda idman zalı kimi fəaliyyət göstərir (müqaviləyə əsasən, idman geyimlərinin satışı, eləcə də dərzi və kserokopiya xidməti təyinatı müəyyən olunsa da müraciət əsasında cəmiyyət sonradan təyinatının dəyişdirilməsinə razılıq vermişdir). Ona ödənişin icrası ilə bağlı xəbərdarlıq edilsə də bu günə kimi müraciətə məhəl qoyulmamış, habelə yaranmış borc ödənilməmişdir. Təəssüf ki, cavabdeh icarə müqaviləsinin, o cümlədən icarə ödənişlərinin ödənilməsi qaydası və şərtləri ilə bağlı əhəmiyyətli pozuntulara yol vermişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 18500,55 manat maddi ziyanın ödənilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2 Yeni qaydalarla : AZ 1089, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 20000,55 manat maddi ziyanın ödənilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2 Yeni qaydalarla : AZ 1089, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.\
5. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 23000,55 manat maddi ziyanın ödənilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2, Yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraarı dövründə cavabdeh tərəfindən hər hansı vəsait ödənilməmiş, barışıq əldə edilməsi mümkün olmamış, hazırda icarə sahəsi cavabdehin sahiblik və istifadəsindədir. Bu səbəbdən iddia ərizəsinin tam təmin edilməsini xahiş edir.
7. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia ərizəsində göstərilən borcu qəbul etdiyini, həmin borcu maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, sahənin hazırda onun istifadəsində olduğunu, idman-trenajor zalı kimi istifadə etdiyini, ordan gəlir əldə etdiyini, iddiaçı ilə mübahisənin məhkəmədən kənar həll etmək istədiyini bildirmişdir.
8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
9. Sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verənin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2 Yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273,50 kv.m olan qeyriyaşayış sahəsinin müəyyən hissəsini icarəçinin müddətli istifadəsinə verməyi öhdəsinə götürür, icarəçi isə həmin obyektin icarəsinə görə bu müqavilə ilə müvafq məbləğdə və qaydada icarəyəverənə icarə haqqı, əmlakın saxlanılması üçün sahənin hər kvardrat metr üçün xərclər çəkməyi, habelə müqaviləyə xitam verdikdə obyekti icarəyə verənə qaytarmağı öz öhdəsinə götürür.
12. Müqavilənin 1.2-ci bəndinə görə, müqavilənin 1.1-ci bəndində göstərilən obyektin ölçüsü 120 kv.m təşkil edir.
13. Müqavilənin 3.1-ci bəndinə görə, obyektdən istifadə üçün icarə haqqı hazırkı bu müqavilə imzalandıqdan 45-60 gün sonra hesablanaraq aylıq hər kv.m üçün ƏDV və kommunal xidmət haqqı daxil 12,50 manat təşkil edir.
14. Müqavilənin 3.3-cü bəndinə görə bu müqavilə üzrə icarəçinin ödəyəcəyi məbləğ, icarə haqqı, vergi və digər ödənişlər daxil ümumi olaraq 1500 manat təşkil edir.
15. Müqavilənin 3.4-cü bəndinə görə müqavilə bağlanıqdan dərhal sonra icarəçi iki aylıq icarə haqqı məbləğini depozit olaraq icarəyəverənin hesabına köçürür.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa görə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2, Yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273,50 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı MMC-yə məxsusdur (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020).
17. İddiaçı tərəfindən verilmiş borc məbləği barədə arayışa görə cavabdehin icarə müqaviləsi üzrə icarə və kommunal xidmət haqqı üzrə cəmi borcu 23000,55 manat təşkil edir.
18. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmiş və icarə sahəsi cavabdehin istifadəsinə verilmiş olsa da, cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan icarə haqqının məbləği iddiaçıya ödənilməmiş, bununla da cavabdehin iddiaçıya 23000,55 manat məbləğində ödənilməmiş borcu yaranmışdır.
20. Belə ki, 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
21. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
23. Bundan əlavə, iddiaçı icarə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılması və cavabdehin oradan çıxarılması tələbini də irəli sürmüşdür.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə icarə sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, icarə sahəsi hazırda da cavabdehin sahiblik və istifadəsindədir. İddiaçı icarə haqları ödənilmədiyi üçün müqavilədən birtərəfli qaydada imtina edərək cavabdehə təqdim etdiyi xx.xx.2024-cü il tarixli xəbərdarlıqla icarə sahəsinin boşaldılmasını cavabdehdən tələb etmişdir.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, icarə sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 23000,55 manat borc tutularaq iddiaçıya ödənilməli və icarə obyekti tam boşaldılaraq cavabdeh həmin sahədən çıxarılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 159 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 23000,55 (iyirmi üç min manat əlli beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2; Yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi öhdəliyi Cavabdeh2 həvalə edilsin və Cavabdeh2 həmin qeyri-yaşayış sahəsindən çıxarılsın. Cavabdeh2 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova