Məhkəmə qərarları › İş №e-2-2(113)-5696/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5696/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5696/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, 363584-CNS-42299 saylı kredit müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, 363584-CNS-42299 saylı kredit müqaviləyə əsasən pulun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 363584-CNS-42299 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 1.892,70 manat məbləğində əsas borc, 100,82 manat məbləğində faiz borcu, 141,76 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 2.135,28 manat pul məbləğinin və 60 manat ödənilmiş mediasiya dair xərcinin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 363584-CNS-42299 saylı, kredit müqaviləsinə əsasən Cavabdeh illik 22 faiz hesablanması şərti ilə xx.xx.2024-cü il tarixədək (12 ay müddətinə) 2020 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticəsində Cavabdeh banka cəmi 2.135,28 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC (bank) ilə Cavabdeh (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 363584-CNS-42299 saylı kredit müqaviləsindən görünür ki, (2.1-ci bəndi) müqaviləyə əsasən bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən, əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən kreditin məbləği 2020 manatdır 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə 27 yanvar 2024-cü il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. 3.4.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 22% olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. 5.5-ci bəndinə əsasən faizlərin hesablanması zamanı bir ay 30 təqvim günü, bir il isə 360 gün sayına əsaslanaraq həyata keçirilir. 6.4.3-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmağı və faizləri ödəmək kredit alanın vəzifəsidir. 7.1.3-cü bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və/və ya bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərdən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə bank kredit alandan kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir. 8.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu andan ləğv edilir. 9.2-ci bəndinə görə bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və/və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Müqavilə bankın və kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli 363584-CNS-42299 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən kredit alan tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 2020 manat, faizin məbləği 249,39 manat, cəmi ödəniləcək məbləğ 2.269,39 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bankın və kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir. Maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2023-cü il tarixli 363584-CNS-42299 saylı kredit müqaviləsi üzrə banka əsas borcu 1892,7, faiz borcu 100,82, dəbbə pulu 141,76 manat təşkil edir. İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış 1.892,70 manat əsas, 100,82 manat məbləğində faiz borcu, 141,76 manat məbləğində dəbbə pulu borcunun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 363584-CNS-42299 saylı kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC həmin müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra edərək kredit məbləğini cavabdehin mülkiyyətinə versə də, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka həmin kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2023-cü il tarixli 363584-CNS-42299 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh xx.xx.2023-cü il tarixli 363584-CNS-42299 saylı kredit müqaviləsi üzrə 1.892,70 manat məbləğində əsas və 100,82 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Kredit razılaşması üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığına görə Cavabdeh hesablanmış 141,76 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 90 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 41,35 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qiymətinin 98%-ə yaxın hissəsi təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.892,70 manat məbləğində əsas borc, 100,82 manat məbləğində faiz borcu və 90 məbləğində dəbbə pulu, cəmi 2083,52 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar