Məhkəmə qərarları › İş №e-2-2(113)-570/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-570/2024

17.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-570/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1544 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2001-ci il tarixdə müvafiq müqavilə ilə su tətti çəkilərək, sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixə kimi həmin su xəttindən istifadə etmiş və vaxtı-vaxtında ödəmələr olunmuşdur. Cəmiyyətin, Cavabdeh ASC ilə heç bir narazıçılığı yaşanmamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin nümayəndələri, su sayğacına baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, sayğacın göstəriciləri fərqlidir, Sayğac cavabdeh tərəfindən açılmış, cavabdehin kalibrləmə laboratoriyasında təmir olunması üçün abonentə təhil verilmiş, su xətti kəsilmiş tıxacla bağlanmış, sayğac təmir olunmuş, yenidən su borusuna quraşdırılıb, plomblanıb, işlək vəziyyətdə abonentə təhvil verilmişdir. Həmin müddətdə cəmiyyətə 14421 manat şişirdilmiş borc yazılmışdır. İddiaçı dəfələrlə Cavabdeh ASC-nin rəhbərliyinə müraciət edərək, bildirmişdir ki, müəssisə beton hazırlamaqla məşğul olmuş o zaman su sərfiyyatı çox istifadə olunurdu. Sonradan beton qurğusu ləğv olunduqda, su sərfiyyatından az istifadə olunmuşdur. Cavabdeh ASC-nin əməkdaşları deyilənlərə məhəl qoymamış, yaranmış borcu silməkdən imtina etmişlər. Bir neçə dəfə onun iştirakı ilə və bir neçəsi onun iştirakı olmadan, cəmiyyətin sayğacına Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, özləri istədikləri kimi akt və rəylər tərtib etmişlər. O, həmin aktları tələb etsə də, bütün akt, rəylərlə onu tanış etməmiş və təqdim etməmişlər. Sonuncu xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC-nin əməkdaşları yenidən cəmiyyətə gələrək sayğaca baxış keçirmiş, sayğacın düzgün işləmədiyini qeyd etmiş, sayğacı çıxarmış, dəyəri cəmiyyət tərəfindən ödənilmək şərti ilə yeni sayğac quraşdırmışlar. Əvvəldən cəmiyyətə hesablanmış borc yeni sayğacda qeyd edilmiş və əlavə olaraq, ona 100 manatdan çox, borc kimi hesablamışlar. Faktiki olaraq, bu günə cəmiyyətə 1544 manat əsassız borc yaratmışlar. Bu barədə müvafiq saldo çıxarışında öz əksini tapmışdır. Həmin əsassız borcun silinməsi ilə bağlı dəfələrlə Cavabdeh ASC-yə gedib, müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. O, məcburiyyət qarşısında qalıb, Cavabdeh ASC tərəfindən cəmiyyətə hesablanmış 1544 manat məbləğində borcunun əsassız hesab edilərək, silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2001-ci ildə müqavilə bağlanmış, iddiaçı su və kanalizasiya xidmətlərindən istifadə edir. Cavabdehin əməkdaşları xx.xx.2021-ci ildə sayğaca baxış keçirmiş, baxışın nəticəsi olaraq həmin tarixdə rəy tərtib edilmişdir. Həmin baxış zamanı sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq olması müəyyən edilmişdir. Mexaniki hissə ilə elektron hissə arasında fər 669 kub metr olmuşdur. Daha sonra müvafiq prosedurlardan sonra sayğac təkarən obyektə quraşdırılmışdır. Növbəti baxış xx.xx.2022-ci il tarixdə keçirilmiş, yenidən sayğacın mexaniki hissəsi ilə elektron hissəsi arasında fərq olması müəyyən edilmiş, fərqin 100 kub metr olduğu müəyyən edilmişdir. Ümumilikdə həmin fərqlərə görə iddiaçıya 1538 manat borc hesablanmışdır. Həmin borc sərfiyyat borcudur, mexaniki hissə ilə elektron hissə arasında yaranmış olan fərqdir, borc əsaslı olduğu üçün iddiaçı tərəfindən ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Cəfərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğacda problem olması barədə vaxtında ona hər hansı məlumat verilməmiş, iddiaçının smart tipli sayğacına kart vasitəsilə mütəmadi olaraq ödənişlər edilmiş, sudan əvəzi ödənilməklə istifadə edilmişdir. Sayğacda yaranmış texniki qüsuru cavabdeh vaxtında aşkar edib, onun elektron hissəsini dəyişməli, yeni batareya ilə təchiz etməli idi. Bundan əlavə, əvvəlki dövrlərlə müqayisədə iddiaçı tərəfindən 1544 manat sərfiyyatın olması ağlabatan deyildir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Əliyeva iddia tələbinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektdə yerləşən sayğaca cavabdehin nümayəndələri tərəfindən iki dəfə baxış keçirilmiş, nəticədə sayğacda texniki qüsur olması aşkar edilmiş, yalnız sayğacın elektron və mexaniki hissələri arasında olan fərqə görə abonentə əlavə borc yazılmışdır. Həmin qüsurun nə zaman yaranması barədə cavabdeh məlumatsızdır. Bundan əlavə, iddiaçıya məxsus obyektdə yoxlamalar keçirilərkən dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır.

9. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən iddiaçıya əlavə 669 kub metr, xx.xx.2022-ci il tarixli rəyə əsasən 100 kub metr əlavə sərfiyyat hesablanmışdır.

10. Abonent haqqında məlumata əsasən iddiaçıya əlavə sərfiyyata görə ümumilikdə 1538 manat borc hesablanmışdır.

11. xx.xx.2021-ci il tarixli cavabdeh tərəfindən tərtib edilmiş rəyə əsasən sayğacda olan qüsurlar aradan qaldırıldı. Batareya dəyişdirildi. Sayğac plomblandı.

12. xx.xx.2022-ci il tarixli cavabdeh tərəfindən tərtib edilmiş rəyə əsasən sayğacda olan qüsurlar aradan qaldırıldı. Batareya dəyişdirildi. Sayğac plomblandı.

13. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində sayğacda texniki qüsur olması müəyyən olunmuşdur.

15. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun sərfiyyat borcu olması, lakin sayğacda olan nöqsanlar nəticəsində vaxtında sayğac tərəfindən qeydə alınmaması ilə əsaslandırsa da, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.

16. Belə ki, “Sudan istifadə Qaydaları”nın 7.3-cü bəndinə əsasən smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

17. Qaydaların 7.6-cı bəndinə əsasən verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz.

18. Məhkəmə iclasında tərəflərin nümayəndələrin izahatlarından, materiallarda olan abonent haqqında məlumatdan məlum olmuşdur ki, iddiaçı tərəfindən istifadə etdiyi suyun dəyəri ilə bağlı mütəmadi ödənişlər edilmişdir.

19. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

20. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

21. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

22. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

24. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

25. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

26. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

27. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

28. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

29. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya əlavə borc hesablamaqla haqlı olmamışdır.

30. Bununla yanaşı, iddia ərizəsində iddiaçıya əlavə olaraq hesablanmış 1544 manat məbləğində borcun silinməsi xahiş edilsə də, abonent haqqında məlumatdan görünür ki, iddiaçıya əlavə olaraq ümumilikdə 1538 manat məbləğində borc hesablanmışdır.

31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya əsassız olaraq hesablanmış 1538 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 1538 (bir min beş yüz otuz səkkiz) manat borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar