Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-572/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən İddiaçı məxsus sahibkarlıq obyekti ilə bağlı iddiaçını **********00300 saylı abonent koduna Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə hesablanmış 2424 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən əmlak İddiaçı ilə X1 arasında bağlanmış 28 dekabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsindədir. İddiaçı həmin ünvanda fərdi sahibkar olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədə də o, fiziki şəxs olaraq çıxış etmişdir. Birliyin əməkdaşları 30 oktyabr 2023-cü il tarixində sözügedən ünvana gəlmiş, guya həmin ünvanda Birlik ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavildə göstərilən qaz cihazlarından əlavə cihazların quraşdırılmasını əsas gətirərək, akt tərtib etmiş, buna görə də həmin ünvanla bağlı iddiaçının **********00300 saylı abonent koduna 2424 manat məbləğində borc yazılmışdır. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, sözügedən ünvanda müqavilədə göstərilən qaz cihazlarından əlavə hər hansı cihaz olmamışdır. Digər tərəfdən belə cihazlar olsa belə, bu cihazlara görə sərfiyyat yalnız sayğacdan keçən qazın hesabına olacaqdı və bu da tam qanuni olacaqdı. Belə ki, həmin sayğaca müdaxilə etmədən, təbii qazdan qeyri-qanuni istifadə etmədən müqavilədə göstərilən qaz cihazlarından əlavə cihazlar quraşdırılsaydı belə, həmin cihazlara görə də istehlak olunmuş qazın dəyəri ödəniləcəkdi ki, bu da mülki qanunvericliyin tələblərinə tam uyğun olacaqdı. Eyni zamanda qeyd edilmişdir ki, yazılmış borcun hansı riyazi hesablamalar əsasında yaranması da sual altındadır. Belə ki, birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində sözügedən ünvanda istifadədə olan məişət qaz cihazlarının saatlıq sərfiyyatı qeyd olunmuşdur. Lakin həmin cihazların reallıqda mövcud olması, qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi, olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa, birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13.8-1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh İB-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, AMX-3710/22 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən istehlakçının istifadəsində 1 ədəd su qızdırıcı qazan və 1 ədəd restoran plitəsi vardır. Qaz sayğacının nömrəsi 75091362, quraşdırılma tarixi xx.xx.2014-cü il, üzərindəki plombların nömrəsi isə 010052547-dir.
7. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin oktyabr ayı üzrə 2184 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
8. xx.xx.2024-cü il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (abonent kodu: **********00300) 2023-cü il üzrə aktlar əsasında hesablanmış borc məbləği yanvar ayı üzrə 10,25 manat, fevral ayı üzrə 10,5 manat, mart ayı üzrə 25 manat, aprel ayı üzrə 21 manat, may ayı üzrə 24,75 manat, iyun ayı üzrə 45 manat, iyul ayı üzrə 19,75 manat, oktyabr ayı üzrə 2184 manat, noyabr ayı üzrə 16 manat, dekabr ayı üzrə 16,75 manat olmaqla, ümumilikdə 2424 manat təşkil edir.
9. xx.xx.2024-cü il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (abonent kodu: **********00300) ümumilikdə borcu 3051,72 manat (sayğac oxunması: 25636,25 manat + aktlar: 3120,35 manat – ödəmələr: 35704,88 manat = son borc: 3051,72 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2023-cü ildə tərtib olunmuş aktlar əsasında cavabdehə 2424 manat məbləğində borc hesablanmışdır.
10. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh orqan tərəfindən əsassız hesablanmış 2424 manat borcun 10 gün müddətində **********00300 saylı abonent hesabından silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunması ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
11. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
12. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi
15. İddia tələbi **********00300 saylı abonent koduna Cavabdeh İB-nin tərəfindən tərtib olunmuş aktlar əsasında hesablanmış 2424 manat məbləğində borcun silinməsindən ibarətdir.
16. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında təbii qazın alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Qaz sayğacı abonentə məxsus obyektdə xx.xx.2014-cü il tarixdə quraşdırılmış və abonent təbii qazdan istifadə edərək, müvafiq ödənişləri həyata keçirmişdir. Müəyyən olunur ki, Cavabdeh İB tərəfindən 2023-cü il üzrə tərtib edilmiş aktlar əsasında iddiaçıya 2424 manat borc hesablanmışdır.
17. Məhkəmə hesab edir ki, həmin borc iddiaçıya əsassız olaraq hesablanmışdır.
18. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və həmin məbləğ iddiaçıdan tutula bilməz.
19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilən akt və onun hüquqi nəticələri qanunsuz olunduğundan, Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 2424 manat (iki min dörd yüz iyirmi dörd) məbləğində borc İddiaçı **********00300 saylı abonent hesabından silinməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən 2023-cü ildə tərtib olunmuş aktlar əsasında hesablanmış 2424 manat (iki min dörd yüz iyirmi dörd) məbləğində borc İddiaçı **********00300 saylı abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova