Məhkəmə qərarları › İş №e-2-2(113)-5722/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5722/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5722/2023 18.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DCS00265118-01 saylı kredit müqaviləsinə əsasən 4723,20 (dörd min yeddi yüz iyirmi üç manat iyirmi qəpik) manat əsas borc, 403 (üç yüz üç) manat faiz borcu, 1109,96 (bir min bir yüz doqquz manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6236,16 (altı min iki yüz otuz altı manat on altı qəpik) manat borcun və mediasiya prosesi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 saylı versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- SE/3028 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Bundan başqa bankla borcalan arasında xx.xx.2020-ci il tarixli, DCS00265118-01 saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 04 sentyabr 2020-ci il tarixli, ZM-91/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 14800 (on dörd min səkkiz yüz) manat məbləğində kredit vermişdir. Lakin borcalan DCS00275602-01 saylı müqavilə üzrə öhdəliklərini 528 gün icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00265118-01 saylı kredit müqaviləsinə əsasən 4723,20 (dörd min yeddi yüz iyirmi üç manat iyirmi qəpik) manat əsas borc, 403 (üç yüz üç) manat faiz borcu, 1109,96 (bir min bir yüz doqquz manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6236,16 (altı min iki yüz otuz altı manat on altı qəpik) manat təşkil edir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək, cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 100 (bir yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. DCS00265118-01 saylı kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ödəniş cədvəli üzrə ödəmədikdə kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Eyni zamanda müqaviləyə əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslanıdırılmışdır ki, cavabdeh həqiqətən də iddiaçının qeyd etdiyi kimi, DCS00265118- 01 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 14800 (on dörd min səkkiz yüz) manat məbləğində kredit almış və onun 10000 (on min) manatdan artıq hissəsini banka ödəmişdir. Lakin vergi orqanlarının cavabdehin fəaliyyətinə əsassız və qanunsuz müdaxiləsi nəticəsində sahibkarlıq fəaliyyətini dayandırmalı olmuşdur. Cavabdehin İqtisadiyyat Nazirliyi X5 Xidmətinə və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Kredit öhdəliyini vaxtında icra etməməsinin səbəbi ilk növbədə, yuxarıda qeyd olunanlarla bağlıdır. İkinci bir səbəb isə bank əməkdaşlarının məsələyə anlaşılmaz yanaşmasıdır. Belə ki, iki dəfə cavabdehin kredit borcunu azaltmaq üçün bankda olan hesabına etdiyi mədaxil məbləği kredit borcuna görə İddiaçı ASC-nin hesabına deyil, vergi orqanının sərəncamına əsasən vergi borcu odənişi kimi müvafiq hesaba köçürülmüşdür. Qeyd etdiyi kimi, cavabdeh vergi orqanının hesabladığı vergi borcunu əsassız və qanunsuz hesab etdiyi üçün qəbul etməmiş və odur ki, müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra dəfələrlə İddiaçı ASC-yə müraciət edərək kredit borcuna görə ödəniş edə bilməyi üçün bankda başqa bir hesab açılmasını xahiş etmişir. Lakin bu, bir nəticə verməmişdir. İddiaçının əməkdaşlarının vergi orqanın əsassız və qanunsuz qərarının təmin edilməsini bankın və onun müştərisinin qanuni maraqlarından üstün tutması kredit borcunun yaranması səbəblərindən biri olmuşdur. Odur ki, iddia ərizəsində göstərilən 403 manat faiz borcu və 1109,96 manat cərimə borcunu qəbul etmir, 4723,20 (dörd min yeddi yüz iyirmi üç manat iyirmi qəpik) manat məbləğində əsas borcu isə bankın göstərəcəyi konkret hesaba 10 ay ərzində hissə-hissə ödəməyə razıdır.

Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdeh məhkəmə iclasında tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, iddia tələbini əsas borc və faiz borcu hissəsində qəbul edir, qalan hissədə qəbul etmir. İddianın qəbul etdiyi hissədə təmin olunmasına etiraz etmir.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, iddia tələbini əsas borc və faiz borcu hissəsində qəbul edir. İddianın qəbul etdiyi hissədə təmin olunmasına etiraz etmir.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, OnGTC/SE/3028 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.

9. Ümumi şərtlər toplusunun “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu Müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş etdiyi xidmət təqdim olunacaq. Ərizə müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur.

10. xx.xx.2020-ci il tarixli, DCS00265118-01 saylı kredit müqaviləsinə (sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanitinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə) əsasən bank tərəfindən müştəriyə 24 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla 14800 (on dörd min səkkiz yüz) manat məbləğində kredit verilmişdir.

11. xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-01272-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00265118-01 saylı kredit müqaviləsinə əsasən 4723,20 manat əsas borc, 403 manat faiz borcu, 1109,96 manat cərimə borcu olmaqla, cəmi 6236,16 manat təşkil edir (gecikmə günün sayı - 528).

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, OnGTC/SE/3028 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2020-ci il tarixli, DCS00265118-01 saylı kredit müqaviləsi (sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanitinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə) bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən müştəriyə 24 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla 14800 (on dörd min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

16. İddia tələbinin bir hissəsini Cavabdeh DCS00265118-01 saylı kredit müqaviləsinə əsasən 4723,20 (dörd min yeddi yüz iyirmi üç manat iyirmi qəpik) manat əsas borc, 403 (üç yüz üç) manat faiz borcunun tutulması təşkil edir.

17. Məhkəmə müqavilə şərtlərinə əsasən cavabdehin öhdəliklərini lazımınca yerinə yetirmədiyini və borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən əsas və faiz borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcu hissəsində əsaslı olduğundan tam təmin edilməli, Cavabdeh DCS00265118-01 saylı kredit müqaviləsi üzrə 4723,20 manat (dörd min yeddi yüz iyirmi üç manat iyirmi qəpik) əsas borc, 403 (dörd yüz üç) manat faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

18. İddia tələbinin digər hissəsini Cavabdeh 1109,96 manat cərimə borcunun tutulması təşkil edir.

19. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

20. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

21. Eləcə də, iddiaçı ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

22. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh DCS00265118-01 saylı kredit müqaviləsi üzrə 4723,20 manat (dörd min yeddi yüz iyirmi üç manat iyirmi qəpik) əsas borc, 403 (dörd yüz üç) manat faiz borcu, 250 (iki yüz əlli) manat cərimə, 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 5476,20 manat (beş min dörd yüz yetmiş altı manat iyirmi qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar