Məhkəmə qərarları › İş №e-2-2(113)-5727/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5727/2025

18.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5727/2025 18.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı sayğacın quraşdırılması öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sayğacın quraşdırılması) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “sayğacın quraşdırılması öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00365 abunə kodu üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən yeni “smart” tipli sayğacın quraşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB ilə 16 oktyabr 2012-ci il tarixdə 1012-10-12 saylı “qaz sayğacı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanaraq Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 1 ünvanına **********00365 abunə kodu üzrə həmin vaxtdan bu günə kimi qazın verilməsi təmin edilir. Lakin, bir müddətdir ki, Cavabdeh İB ilə istehlak müqaviləsinin icrası ilə bağlı, xüsusən də abonentin ünvanına quraşdırılmış Almaniya istehsalı olan “G-40 Elster” markalı, 75019210 saylı sayğacla bağlı problemlər yaşanılır (həmin sayğac qanunsuz olaraq abonentin ünvanından çıxarılmışdır) və bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Cavabdeh İB-nin əməkdaşları abonentin ünvanına qazın verilməsinin dayandırlması ilə bağlı xəbərdarlıq etmişlər. Hesab edirik ki, Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 1 ünvanına **********00365 abunə kodu üzrə həmin qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən yeni “smart” tipli sayğacın quraşdırılmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə dövlət tərəfindən qorunan istehakçı hüquqları ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə isə bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Bununla belə, qeyd edirik ki, qeyri-yaşayış sahəsinin istifadə etdiyi qaz təchizatı üzrə ödənişlər vaxtıvaxtında həyata keçirilməsinə baxmayaraq ünvan 1 ünvanına **********00365 abunə kodu üzrə yeni “smart” tipli sayğacın quraşdırılması qanunun tələblərindən irəli gəlməklə normativ tələblərə uyğundur. Çünki, qazdan istifadə normativləri mütləq şəkildə müvafiq sayğacla təmin edilməklə sərfiyyatın daha düzgün olmasına şərait yaradır. Məhkəmə iclasında iddiaçının nümayədəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi, məhkəmənin suallarına cavab olaraq 2012-ci ildən Cavabdeh İB ilə müqaviləsinin olduğunu və ondan sonra müqavilənin yenilənmədiyini, yeni sayğac quraşdırılmadığından köhnə müqavilə üzrə ödənişlər etməyə məcbur qaldıqlarını, 2013-cü ilə aid tərəflər arasında qətnamə olduğunu, həmin qətnamə üzrə də çıxarılmış sayğacın yerinə yeni sayğacın gətirilib quraşdırıldığını, lakin 10 ildən sonra cavabdeh tərəfin həmin sayğacı da çıxartdığını, 2 ildən artıqdır ki, istehlakçıya sayğac olmadan sərfiyyat yazıldığını və ödənişlərin edildiyini, sayğacın quraşdırılması ilə bağlı dəfələrlə qarşı tərəfə müraciət olunduğunu, lakin sayğacın quraşdırılmadığını, e-sistemə əlavə olunan aktın da bu işə aiddiyyatının olmadığını, iş üzrə heç bir aktın, həmçinin sayğacın çıxarılması ilə bağlı sübutun məhkəməyə təqdim edilmədiyini bildirmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli ərizə ilə işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materillarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2012-ci il tarixli, 1012- 10-12 saylı “qaz sayğacı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1.1-ci bəndinə əsasən paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AMX-4262/21 saylı müqavilənin 1.1-ci bəndinə əsasən paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.12-ci bəndinə əsasən "Qazdan istifadə Qaydaları"nın 4.9-cu bəndinə uygun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacini təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək, 2.1.14-cü bəndinə əsasən bu müqavilə üzrə müəyyən edilmiş vezifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşımaq paylayıcının vəzifələrindən biridir. Müqavilənin 2.4.3-cü bəndinə əsasən Paylayıcı tərəfindən bu Müqavilənin, "Qazdan istifade Qaydalari"nın tələblərinin pozuldugu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmak istehlakçının hüququdur. 3.3-cü bəndə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz saygaci olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “03” oktyabr 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz" İstehsalat Birliyi tərəfindən 13 mart 2013-cü il tarixdə “Konsern-İnterturan" MMC-nin qeyriyaşayış sahəsində yerləşən qaz ölçü qovşağından çıxarılmış, Almaniya istehsalı olan "G- 40 Elster" markalı 75019210 zavod nömrəli qaz sayğacının geri qaytarılaraq yerinə bərpa edilməsi qət edilmişdir. **********00365 kod üzrə abonent haqqında məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən 2025-ci il üzrə 33068 kub metr qaz sərfiyyatı olmuş, aktlar əsasında 9 415,57 manat borc hesablanmış, qalıq bocla birlikdə iddiaçı tərəfindən 9 881,0 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 13.7-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. 13.8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.9-cu maddəsinə əsasən tikinti obyektinin qoşulduğu qazın nəqli və ya qazpaylayıcı şəbəkədən asılı olaraq məişət qaz qurğularını istifadə edən məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatorunun vəsaiti hesabına, digər istehlakçılar üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir. 13.10-cu maddəsinə əsasən istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 18.4-cü maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülür. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti su istehlakçılarını ağıllı sayğaclarla təchiz edir. 11.2-ci maddəsinə əsasən enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10-cu bəndə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.10-cu bəndinə əsasən sənaye qaz qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edib məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sübutlardan görünür ki, iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamağı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə qaz sayğacının geri qaytarılaraq yerinə bərpa edilməsi qət edilmiş, həmin qərar əsasında iddiaçının obyektinə qaz sayğacı quraşdırılmış, sonradan həmin sayğac çıxarılmışdır. Faktiki olaraq həmin obyektdə 2 ildən artıqdır sayğac yoxdur. Cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya etirazını bildirməmiş, hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt isə hazırkı işə aidiyyəti olmayan, başqa abonentə aid olmuşdur. Cavabdeh tərəf sübutları özündə saxlayaraq məhkəməyə təqdim etmədiyindən, iddiaçının sayğacının hansı əsaslı çıxarılması, yoxlama zamanı müəyyən edilməsi, yoxlamanın qeydiyyatdan keçməsi, uzun müddət iddiaçıya sayğacın qoşulmamasının əsaslı səbəbi müəyyən edilə bilinməmişdir. Belə olan halda isə sayğacın yoxlama nəticəsində çıxarılmasını, yoxlamanın qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçməsini, sayğacda qüsur olub-olmamasını, həmin qüsurun kimin təqsirindən baş verməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh sübutları (borcun yazılmasına əsas olmuş sənədləri) özündə saxlayıb təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni iddiaçının sayğacının əsassız çıxarılmasını və iddiaçının yeni ağıllı sayğacla təmin edilməli olmasını müəyyən olunmuş hesab edir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi cavabdeh sayğacın dəyişdirilməsi zərurəti yarandığı halda iddiaçının öz vəsaiti hesabına sonuncunu ağıllı (smart) sayğacla təmin etməlidir. Məhkəmə cavabdehin "Qazdan istifadə Qaydaları"nın tələblərini və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini, qazın sərfinə görə hesablaşma aparılması üçün qaz sayğacı quraşdırmadığını, yalnız sayğac yoxlanışda olduqda qısa müddətdə aktlar əsasında hesablamanın aparılmasının mümkün olduğunu, cavabdehin isə uzun müddətdir ki, abonentə qaz sərfiyyatını sayğac göstəriciləri əsasında hesablamadığını nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh tərəfindən yeni “smart” tipli sayğac (iddiaçının öz vəsaiti hesabına) quraşdırılmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC-nin **********00365 abunə kodu üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh tərəfindən yeni “smart” tipli (ağıllı) sayğac quraşdırılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumun əvəzi Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar