Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-573/2025 30.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: pul tələbi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 510000 manat, vurduqları maddi ziyana görə 51000 manat, ödənilmiş dövlət rüsumuna görə 850 manat olmaqla, ümumilikdə 561850 məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2021-ci ilin avqust ayında tanış olmuşdur. Tanışlıq zamanı onlar özlərini "xxxx" MMCnin təsisçiləri kimi təqdim etmişdilər. Təxminən 2021-ci ilin iyul ayında Nicat ona mobil telefonla zəng edərək, mətbəədə götürdükləri sifarişi həyata keçirmək üçün 10 gün müddətinə 60000 manat məbləğində borc pul istəmişdir. Həmin vaxt o, onları tanış edən Ənvərə zəng edərək, Nicat barəsində məlumat almış və Ənvər Nicat barəsində müsbət fikir söylədiyi üçün o, Nicata inanaraq ona 60000 manat məbləğində pul vermişdir. Bununla əlaqədar onların arasında Bakı şəhəri 30 saylı Notariat ofisində borc müqaviləsi də bağlanmışdır. Həmin vaxt Nicat sözünə əməl edərək, 10 gün müddətində götürdüyü 60000 manat məbləğində pulu geri qaytarmışdır. Bundan sonra aralarında etibar, inam yaranmışdır. Təxminən 4-5 gündən sonra Nicat yenidən zəng edərək 125000 manat məbləğində pula ehtiyacı olduğunu bildirdi. O, Nicata inanaraq 125000 manat məbləğində pulu ona vermişdir. Təxminən bir müddət sonra Nicat əlavə olaraq 125000 manata ehtiyacı olduğunu bildirmiş və iddiaçı əlavə olaraq ona 125000 manat vermişdir. 2021-ci ilin avqust ayında Nicat zəng edərək, X2 çap işlərini götürdüyünü və buna görə də əlavə olaraq 250000 manat məbləğində pula ehtiyacı olduğunu və həmin pulu 15 gün ərzində geri qaytaracağını bildirdi. O, Nicatın həqiqətən DİM və digər şirkətlərlə işlədiyini bildiyindən ona etibar edərək, əlavə 250000 manat məbləğində pul vermişdir. 2021-ci ilin sentyabr ayında Nicat götürdüyü borcdan 100000 manatını qaytarmışdır. 2021-ci ilin sentyabr ayının sonlarında Nicat zəng edərək 400000 manat məbləğində pula ehtiyacı olduğunu bildirdi. Elə həmin gün Nicat onun işlədiyi mətbəəyə gələrək 400000 manat məbləğində pulu alaraq getdi. Ümumilikdə Nicatın və şəriki Cavabdeh1 680000 manat məbləğində borcu yaranmışdır. Nicatın dediyinə görə borcu 2021-ci ilin 16 noyabrına qədər qaytarmalı idi. Lakin 19 noyabr 2021-ci il tarixində Nicat Azərbaycan Respublikasını tərk edərək Ukrayna Respublikasına getmişdir. Bundan sonra o, Ukrayna Respublikasına gedərək ondan pulunu tələb etmişdir. Nicat Azərbaycana geri qayıtdıqdan sonra borcundan 170000 manatını ödəmiş və hal-hazırda 510000 manat məbləğində borcu qalmışdır. Nicata bu pullar verilməmişdən əvvəl, yəni o, Nicat və Hacı ilə tanış olarkən onlar özlərini şərik kimi təqdim etmiş və sonradan Cavabdeh1 ilə bu problemlə əlaqədar danışarkən də o, Nicat ilə şərik olduğunu və heç bir problem olmayacağını bildirmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh1 Cavabdeh2 ilə həqiqətən şərik olmuş, lakin əsas vəsaiti Nicat qoymuş, lakin Cavabdeh1 Nicata müxtəlif şirkətlər və dövlət orqanları tərəfindən sifarişlər təşkil edərək və ona havadarlıq edərək şərik qismində iştirak etmişdir. Nicat tərəfindən də şərik kimi bu müəssisənin gəlirindən xeyli miqdarda vəsait ödənmişdir. Yəni faktiki olaraq Nicata verilən puldan hər ikisi istifadə etmişdir. Ona görə də qanunvericiliyin tələbinə görə də hər iki cavabdeh borcun qaytarılmasında birgə cavabdeh kimi iştirak etməlidirlər. Cavabdehlər tərəfindən təxminən 2 il bundan əvvəl alınan pul vəsaiti bu günə kimi qaytarılmamış və həmin pul vəsaitinin dövriyyədən çıxarılması ilə əlaqədar AR MM-nin 449-cu maddəsinə əsasən illik 5% olmaqla, ümumilikdə 2 ilə görə 10% hesablamaqla 51000 manat məbləğində əlavə ziyan dəymişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 386.2, 386.3, 386.4, 449.1, 449.2, 449.3, 449.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə sübut təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümanəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 ona 680000 məbləğində pulun verildiyini, təxmini 170000 manat pulu qaytardığını, iddianı qəbul etdiyini, digər cavabdehlə şərik olduğunu, qalan məbləğin yarısının ondan, yarısının digər cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.
9. Məhkəmə iclasında şahid qismində dəvət edilən X3 izahat verərək qeyd etmişdir ki, Etibarı Nicatla tanış etmişdir. Nicat Etibardan xahiş etdi ki, avadanlıq almaq üçün pul lazımdır. Birinci dəfə 60000 manat, sonradan 120000 manat verilib. Pullar veriləndə o da orda olmuşdur. Pulların verilməsi zamanı 2 dəfə orda olmuşdur, sonradan pulların verilməsi ilə bağlı məlumatı olmuş, lakin iştirak etməmişdir. İlk dəfə Hacı ilə söhbət edəndə deyib ki, pulu özü verəcək. Etibarın zənglərindən məlum olurdu ki, pul ya ödənilməyib ya da gecikir. Hacı zamin kimi pulları qaytarmalı idi.
10. “Elektron Notariat” X1 çıxarışın məzmunundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə İddiaçı və Cavabdeh2 arasında borc müqaviləsi bağlanmışdır. Notariat hərəkətinin məzmununu borc verən borc alana 60000 manat məbləğində pul borc verməsidir. Borc alan borcu xx.xx.2021-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər.
11. Yasamal RPİ-nin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının məzmunundan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən tərəflər arasında yaranmış narazılığın mülki qanunvericilik əsasında tənzimlənməli olan mülki mübahisə olmasını və Cavabdeh2, Cavabdeh1 hərəkətlərində dələduzluq cinayətinin tərkib əlamətləri olmamasını nəzərə alaraq, cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (əvvəlki redaksiya). 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (əvvəlki redaksiya). 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (əvvəlki redaksiya). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
14. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən Cavabdeh2 2021-ci ilin avqust ayından başlayaraq həmin ildə müxtəlif vaxtlarda 680000 manat borc pul verilmiş, həmin məbləğin 170000 manat hissəsi Cavabdeh2 tərəfindən iddiaçıya qaytarılmış, qalan 510000 manat hissəsi isə qaytarılmamışdır. Müqavilə ilkin olaraq (60000 manatla bağlı) yazılı şəkildə bağlanmış, lakin sonradan pul məbləğləri şifahi qaydada bağlanan müqavilə əsasında verilmişdir (baxmayaraq ki, yazılı formada bağlanmalıydı). Həmin hal işin mübahisəsiz halını təşkil edir, belə ki, məhkəmə iclasında iddiaçı borcu Cavabdeh2 verdiyini bildirmiş, cavabdeh də həmin halı mübahisələndirməmiş və 170000 manat məbləğin də onun tərəfindən iddiaçıya qaytarıldığını bildirmişdir. Beləliklə, İddiaçı tərəfindən Cavabdeh2 qeyd edilmiş borc məbləğinin verilməsi, cavabdeh tərəfindən həmin borcun müəyyən hissəsinin ödənilməsi və nəticədə 510000 manat borcun mövcudluğu işin mübahisəsiz hallarını təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 680000 manat məbləğində pul vəsaitinin ona verildiyini və həmin məbləğin 170000 manat hissəsinin geri qaytarıldığını təsdiq etmişdir. Lakin hesab etmişdir ki, həmin məbləğ hər iki cavabdehdən tutulmalıdır.
15. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində göstərilənlərə əsasən borc məbləğinin hər iki cavabdehdən tutulmalı olduğunu iddia edərək, tələbi hər iki cavabdehə qarşı yönəltmişdir.
16. Məhkəmənin qənaətinə əsasən iddia Cavabdeh1 münasibətdə təmin olunmamalıdır. Həmin qənaətə gəlinərkən nəzərə alınır ki, həmin cavabdehin hazırkı öhdəlikdə tərəf olması öz təsdiqini tapmır. Belə ki, pul məbləğlərinin iddiaçı tərəfindən Cavabdeh2 verilməsi tərəflərin izahatları, yuxarıda qeyd olunan şahidin ifadəsi, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla öz təsdiqini tapır. Beləliklə, öhdəlik tərəf kimi onda iştirak etməyən Cavabdeh1 (üçüncü şəxs) üçün vəzifə yaratmır. Eləcə də, Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi öz təsdiqini tapmır. Belə ki, məhkəməyə bununla bağlı yazılı formada bağlanan hər hansı müqavilə təqdim olunmamışdır, yazılı formaya riayət edilməməsi isə zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Eləcə də təqdim olunmuş sübutlardan da həmin halın olması müəyyən edilmir.
17. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 510000 manatın iddiaçının xeyrinə tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, iş üzrə təqdim edilmiş sübutları, iddiaçının verdiyi borc məbləğinin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını, borc alanın isə aldıqlarını borc verənə qaytarmaq vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli və Cavabdeh2 510000 (beş yüz on min) manat borc məbləği iddiaçının xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
19. İddia tələbinin digər hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu madəsinə əsasən vurduqları maddi ziyana görə 51000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması təşkil edir.
20. İddia tələbinin qeyd edilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Hazırkı halda isə iddiaçının pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
21. Eləcə də, iddiaçı mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 850 manat məbləğində pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 772,70 manat (yeddi yüz altmış yetmiş iki manat yetmiş qəpik) pul vəsaiti Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 510000 (beş yüz on min) manat borc, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 772,70 manat (yeddi yüz altmış yetmiş iki manat yetmiş qəpik) olmaqla, cəmi 510772,70 manat (beş yüz on min yeddi yüz yetmiş iki manat yetmiş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova