Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5734/2022 16.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli AV08/21 saylı müqavilə əsasında yaranmış 11200 manat borcun və vəkil xidmətləri üçün vəkilə ödənilmiş 1000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli AV08/21 saylı reklam xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamışdır. Müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya pul ödənilməklə ona reklam xidməti göstərməli idi. Cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir və bu günə kimi 11210 manat borc yaranmışdır. Bununla əlaqədə olaraq cavabdehə borcun ödənilməsinə dair məktub göndərilmiş və cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Yaranmış borcla əlaqədar Bakı 3 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Cavabdehin iştirakı olmadan mediasiya sessiyası keçirilə bilmədiyi üçün mediasiya təşkilatı tərəfindən 15 iyul 2022-ci il tarixli MŞB/3-1238 saylı ilkin mediasiya sesiyasında iştirak edilməməsinə dair arayış təqdim edilmişdir. Dəfələrlə cavabdeh təşkilata pulun ödənilməsinə dair pretenziya məktubu göndərilmiş, cavabdeh tərəfindən buna əhəmiyyət verilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında xx.xx.2021ci il tarixli AV08/21 saylı reklam xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə 1 saylı Əlavə tərəflərin razılaşması üzrə xitam edilmiş, həmin razılaşma üzrə yaranmış borc cavabdeh tərəfindən ödənilmişdir. Hazırkı borc tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AV08/21 saylı reklam xidmətlərinin göstərilməsinə dair müqavilənin 2 saylı Əlavəsindən irəli gəlir. Həmin Əlavə üzrə iddiaçıya ümumilikdə 11210 manat pul ödənilməlidir, lakin iddia ərizəsi tərtib edilərkən texniki səhvə yol verilərək həmin məbləğ 11200 manat göstərilmişdir. Bundan əlavə, tərəflər arasında razılaşdırılmış müqavilə üzrə xidmətlər vaxtında cavabdehin bildirdiyi kimi icra edilmirdisə, bu barədə onlara vaxtında məlumat verilməli idi, lakin onlara müqavilə üzrə xidmətlərin icra edilməməsi ilə bağlı hər hansı irad bildirilməmiş, tərəflərindən ödəniş tələb edildikdə, cavabdeh onlara xx.xx.2022-ci il tarixdə məktub ünvanlayaraq həmin xidmətlərin icra edilmədiyini bildirmiş, müqaviləyə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Cavabdehin bildirdikləri arqumentlər əsassız olduğu üçün iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli AV08/21 saylı reklam xidmətlərinin göstərilməsinə dair müqavilənin 2 saylı Əlavəsi üzrə iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər icra edilməmiş, tərəflər arasında razılaşdırılmış “X1” layihəsi üzrə reklamların yayımlanması həyata keçirilməmişdir. Bu barədə iddiaçıya yalnız şifahi şəkildə iradlar bildirilmiş, xx.xx.2022-ci il tarixdə isə irad məktubu göndərilmişdir. Bu səbəbdən iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış reklam xidmətlərinin göstərilməsinə dair 15 sentyabr 2021-ci il tarixli AV/08/21 nömrəli müqaviləyə əsasən icraçı sifarişçinin reklam materialını bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə uyğun olaraq yerləşdirməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli reklam xidmətlərinin göstərilməsinə dair müqaviləyə 01 nömrəli Əlavəyə əsasən reklam yayımı üzrə ödəniləcək aylıq məbləğ ƏDV daxil olmaqla 10325 manat təşkil edir və göstərilənlər öncədən ödənilir. Əlavənin 1.2-ci bəndinə əsasən bu əlavə üzrə çap, montaj və adaptasiya xidmətləri üzrə ödəniləcək məbləğ 579 manat təşkil edir və göstərilən xidmətlərin dəyəri öncədən ödənilir. AV/08/21 nöməli reklam xidmətlərinin göstərilməsinə dair müqaviləyə 18 yanvar 2022-ci il tarixli razılaşmaya əsasən AV/08/21 nömrəli müqavilənin xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavəsi iki tərəfin razılaşdırılması ilə ləğv edilir. Tərəflərin həmin Əlavə üzrə 1 fevral 2022-ci il tarixindən bütün öhdəliklərinə xitam verilir. Tərəflər arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli reklam xidmətlərinin göstərilməsinə dair müqaviləyə 02 nömrəli 19 yanvar 2022-ci il tarixli Əlavəyə əsasən reklam yayımı üzrə ödəniləcək aylıq məbləğ ƏDV daxil olmaqla 5605 manat təşkil edir və göstərilən xidmətlərin dəyəri öncədən ödənilir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBBS 013504 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməli olan məbləğ 5605 manat, EBBU 097022 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməli olan məbləğ 5605 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli **********456700 nömrəli məlumatından görünür ki, hüquqi şəxs xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC adı ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2020-ci il tarixdə yenidən təşkil olunaraq Cavabdeh Mənzil-Tikinti Kooperativinə çevrilmiş, xx.xx.2021-ci il tarixdə növbəti dəfə yenidən təşkil olunaraq Cavabdeh QSC-yə çevrilmiş, xx.xx.2021-ci il tarixdə növbəti dəfə yenidən təşkil olunaraq Cavabdeh QSC-yə çevrilmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyindən verilmiş 10 noyabr 2022-ci il tarixli 03-07/454 nömrəli açıq məkanda müvafiq reklamların yayımlanması barədə məktubdan görünür ki, "xxxx" MMC-yə aid Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində və Xətai prospektində yerləşən monitor tipli reklam qurğularında xx.xx.2022-xx.xx.2022 və X2–Həsənoğlu küçələrinin kəsişməsində yerləşən roller tipli reklam qurğusunda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində, "xxxx" MMC-yə aid Yusif Səfərov (“Port Baku” yaxınlığı) küçəsində yerləşən monitor tipli və X2 (“Gənclik” m/s yaxınlığı) küçəsində yerləşən roller tipli reklam qurğularında xx.xx.2022-xx.xx.2022 “X1” layihəsi ilə bağlı reklamlar yayımlanmışdır. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AV08/21 nömrəli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə 11210 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddia ərizəsində müqavilə üzrə yaranmış olan borcun məbləği 11200 manat göstərilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında bunun texniki səhv olduğunu bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11200 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, materiallardan görünür ki, iddiaçı ilə Bakı şəhəri 26 saylı Vəkil Bürosu arasında xx.xx.2022-ci il tarixdə “Hüquqi xidmətlərin göstərilməsinə dair” 309 saylı müqavilə imzalanmış, həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən 1000 manat məbləğində vəsait ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə 1000 manat hüquqi yardımla bağlı pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11200 manat pul və 1000 manat hüquqi yardıma görə ödənilmiş vəsait tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 18 iyul 2022-ci il tarixli MŞB/3-01238 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh QSC-dən 11200 (on bir min iki yüz) manat pul və 1000 (bir min) manat hüquqi yardıma görə ödənilmiş vəsait, ümumilikdə 12200 (on iki min iki yüz) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5734/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5734/2022
16.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver