Məhkəmə qərarları › İş №e-2-2(113)-5757/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5757/2024

21.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5757/2024 21.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 21 nömrəli evin ümumi sahəsi 402 kv.m, 6 otaqlı 215 nömrəli mənzilindən faktiki istifadə etdikləri üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia qaldırılan tarixə 304000 (üç yüz dörd min) manat təşkil edən kirayə haqqı, qətnamə çıxan tarixdən mənzili tərk edəcəkləri günədək aylıq 4000 (dörd min) manat kirayə haqqı məbləği və iş üzrə ödənilmiş 594 (beş yüz doxsan dörd) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hərracın X2 (№ 157) və eyni tarixli Hərracın yekunları üzrə Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 21 nömrəli evin 215 nömrəli 6 otaqlı mənzilin 538050.00 (beş yüz otuz səkkiz min əlli manat) manat məbləğində alqı-satqısı barədə müqavilə bağlanmışdır. Qeyd edilən sənədlər əsasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 21 nömrəli evin 215 nömrəli mənzil üzərində 20 dekabr 2018-ci il tarixində İddiaçı ASC-nin mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydə alınmış, ******* nömrəli çıxarış verilmişdir. Bakı şəhəri Nəsimi Rayonu İcra şöbəsi Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 21 nömrəli evin 215 nömrəli 6 otaqlı mənzilindən Cavabdeh2 və Cavabdeh1 çıxarılmalarına və mənzili boşaltmalarına dair müxtəlif tarixlərdə icra hərəkətləri təyin etsə də, bu mümkün olmamış, cavabdehlər mənzildən istifadə edərək, yaşamaqda davam etmiş və edirlər. Qeyd edirlər ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 21 nömrəli evdə 3 otaqlı və çox otaqlı mənzillərin kirayə dəyərlərinin müəyyən edilməsi məqsədilə sifariş verilmiş və qiymətləndirmə şirkəti xx.xx.2024-cü il tarixinə 3 və daha çox otaqlı mənzillərin kirayə qiymətinin 1550 – 1700 manat arası dəyişdiyi barədə mütəxəssis rəyi vermişdir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 21 nömrəli evin 215 nömrəli mənzil 6 otaqlıdır və onun ümumi sahəsi 402 kv.m-dir, bu halda hesab edirik ki, mənzilin aylıq kirayə haqqı 4000 (dörd min) manat təşkil edir. Belə ki, mənzilin kirayəsi 1 kv.m-ə 10 manata düşür ki, bu qiymət kirayənin bazar qiymətinə uyğundur. Cavabdehlər artıq 76 aydır ki, ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 21 nömrəli evin 215 nömrəli 6 otaqlı mənzilindən faktiki istifadə etdikləri üçün iddia qaldırılan tarixə 304000.00 (üç yüz dörd min) manat təşkil edən kirayə haqqının və qətnamə çıxan tarixdən mənzili tərk edəcəkləri günədək aylıq 4000 (dörd min) manat kirayə haqqının ödənilməsini təmin etməlidirlər. Bundan başqa, cavabdehlər mənzili tərk etmədikləri və istifadə etdikləri üçün mənzilin mülkiyyətçisi olaraq iddiaçı öz əmlakı üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. İşə əlavə edilən sübutlar əsas verir ki, ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 21 nömrəli evin 215 nömrəli 6 otaqlı mənzildən faktiki istifadə etdikləri üçün iddia qaldırılan tarixə 304000.00 (üç yüz dörd min) manat təşkil edən kirayə haqqı və qətnamə çıxan tarixdən mənzili tərk edəcəkləri günədək aylıq 4000 (dörd min) manat kirayə haqqı cavabdehlərdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Hüquqi əsas kimi Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 31,33,43cü maddələrinə istinad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2(006)- 2725/2024 saylı qərardadına əsasən mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ...prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Həmçinin məhkəmə tərəfindən müvəqqəti təminat tədbirindən verilmiş şikayətə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə də buna münasibət bildirilərkən hüquq münasibətinin xarakterinin kommersiya olması da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı kommersiya hüquqi şəxsi, cavabdehlər Cavabdeh1 (VÖEN **********), Cavabdeh2 (VÖEN **********) isə vergi ödəyicisi olan fiziki şəxslərdir (fərdi sahibkardır). Digər tərəfdən aralarında bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan digər qeyri-yaşayış sahəsini "xxxx" ASC-yə icarəyə vermiş və həmin müqaviləyə uyğun olaraq hər ay icarə haqqı alır. Artıq müəyyən edildiyi kimi, hazırkı ərizənin verilməsinə əsas olmuş iddia üzrə də iddiaçı cavabdehlərdən götürməli olan gəlirlərin əvəzini tələb edir. Göründüyü kimi, tərəflər arasındakı mübahisə predmeti kommersiya məqsədi daşıdığından həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(006)- 1990/2024 qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci və 26-cı maddələrinə istinad edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki (müvafiq ərizə də ünvanlanmışdır), iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən faktiki istifadəyə görə kirayə haqqının ödənilməsi tələbinə" dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(103)-384/2024 nömrəli qərardadını nəzərə almaqla, iddia ərizəsini baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(103)-384/2024 nömrəli qərardadında ərizənin məhkəmə aidiyyəti baxımından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasının mümkünlüyünə hüquqi qiymətin verilməsi qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi əsaslı hüquqi qiymətləndirmə aparmadan iddia ərizəsini baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Qeyd edilir ki, cavabdehlərə qarşı tələb onların sahibkarlıq fəaliyyətindən irəli gəlmir və kirayə haqqı tələbinin ödənilməsi iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin faktiki istifadəsindən irəli gəlmişdir. Cavabdeh1 mənzilin əvvəlki mülkiyyətçisi olmuş, Cavabdeh2 isə onun həyat yoldaşıdır. İş materiallarına əlavə edilən çıxarışdan göründüyü kimi, mənzil xx.xx.2018-ci il tarixindən LPO İddiaçı ASC-nin mülkiyyətindədir. Hesab edirik ki, hazırkı mübahisəyə baxılmasının Bakı Kommersiya Məhkəməsinə aidiyyəti araşdırılmalı və Bakı Kommersiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı Kommersiya Məhkəməsindən hazırkı mübahisənin baxılmasının məhkəmə aidiyyətinə hüquqi qiymətin verilməsi xahiş edilir. Cavabdeh2 bildidi ki, işə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də işə başqa məhkəmədə baxılmasına etiraz edir. Həmçinin qeyd olunur ki, hazırkı mübahisənin irəli gəldiyi mənzillə bağlı tərəflər arasında kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və s. bağlı mübahisələrə ümumi məhkəmədə baxılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından hazırkı iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının:

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 18-ci bəndinə əsasən işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. MPM-in müvafiq normalarının tələblərindən göründüyü kimi, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İştirak edən şəxslərin subyektiv tərkibinə gəlincə, müəyyən olunur ki, tərəflər vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışlar. Lakin qeyd olunduğu kimi, tək həmin meyarın mövcudluğu özlüyündə işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir və mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün əsasdır. Hazırkı mübahisə yeni mülkiyyətçi olan iddiaçının mübahisə predmeti olan yaşayış sahəsi - mənzili tərk etməyən mülkiyyətçilərdən kirayə haqqının tutulmasından ibarətdir. Göründüyü kimi, cavabdehlər vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınsalar da, mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə deyil. Məhkəmənin qənaətinə əsasən hazırkı mübahisəyə MPM-n 24-26-cı maddələrinin tələbləri baxımından ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə, məhkəmə aidiyyətinə dair fikir ayrılığı yarandığından, hazırkı iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar