Məhkəmə qərarları › İş №e-2-2(113)-576/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-576/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-576/2021 17.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Main Development LTD”-nin Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Main Development LTD” Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanılmış xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qalıq borc olan 8400 manat və matr, aprel, may,iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarının icrə haqqı olan 75900 (yetmiş beş min doqquz yüz manat) pulun tutularaq “Main Development LTD”-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,“Main Development LTD” Kanada şirkətinə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 847.2 kv/m, yaşayış sahəsi 267 kv/m olan 18 otaqlı fərdi yaşayış evinin icarəyə verilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə, Cavabdeh ilə aralarında bağlanılmış icarə müqaviləsi, Bakı şəhəri 5 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən təstiq edilmişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarəçi Cavabdeh icarəyə verən “Main Development LTD” yə hər ay icarə haqqı olaraq 1-ci il üçün 7500 (yeddi min beş yüz manat), 2-ci il 8250 (səkkiz min iki yüz əlli manat), 3-cü il 9000 (doqquz min manat) icarə haqqı olan pulu vergilər çıxıldıqdan sonra qalan məbləğin konvertasiya olunaraq “Main Development LTD” Kanada şirkətinin hesabına köçürülməsini öhdəsinə götürmüşdür. Cavabdeh ilə əvvəllər də “Main Development LTD” arasında xx xxx 2017-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır və icarəçi tərəfindən hər ay icarə pulunun verilməsində bəzi problemlər olmuşdur. Belə ki, ona icarə pulunun gecikdirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə xəbərdarlıq edilmişdir. Sonuncu dəfə “Main Development LTD” tərəfindən x xxxx 2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq edilərək bildirililmişdir ki, əvvəlki aylardan qalan 8400 ( səkkiz min dörd yüz manat) qalıq borcunun ödənilməsi və mart, aprel, may, iyun aylarının icarə haqlarının ödənilməsi bildirilmişdir. Həmçinin qeyd olunmuşdur ki, bütün dünyada baş vermiş pandemiya COVİD-19 ilə bağlı bütün sahələrdə olduğu kimi turizim sahəsində də problemlər var odur ki, icarəyə verilmiş sahənin təhvil verməsi və qalıq 8400 (səkkiz min dord yüz manat) qalıq borcunun ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh Mikayil Əliyev edilmiş bu xəbərdarlığa məhəl qoymayaraq, heç bir icarə haqqı ödənilmədiyi halda həmin sahədən bu günə kimi qanunsuz olaraq istifadə etməkdər. Odur ki, bu barədə məhkəməyə müraciət etmək məcburiyəti yaranmışdır. Cavabdeh 2020-ci ilin noyabr ayına kimi icarə haqlarını və 8400 manat pulu ödəməyərək hal-hazıra kimi həmin sahədən özbaşına istifadə etməkdə davam edir. “Main Development LTD” ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyata alıdığından “Main Development LTD”-yə hər ay 1050 manat vergi hesablanmaqdadır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan (icarəyə verən) “Main Development LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (icarəçi) Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 847.2 kv/m, yaşayış sahəsi 267 kv/m olan 18 otaqlı fərdi yaşayış evini icarəyə verməyi, İcarəçi isə icarəyə verən “Main Development LTD” yə hər ay icarə haqqı olaraq 1-ci il üçün 7500 (yeddi min beş yüz manat), 2-ci il 8250 (səkkiz min iki yüz əlli manat), 3-cü il 9000 (doqquz min manat) icarə haqqı olan pulu vergilər çıxıldıqdan sonra qalan məbləğin, konvertasiya olunaraq “Main Development LTD” Kanada şirkətinin hesabına köçürülməsini öhdəsinə götürmüşdür. Bu Müqavilə 2019-cu il dekabrın 3-dən qüvvəyə minir və 2022-ci il dekabrın 3-dək qüvvədədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xəbərdarlıq edilərək, əvvəlki aylardan qalan 8400 ( səkkiz min dörd yüz manat) qalıq borcunun ödənilməsi və mart, aprel, may, iyun aylarının icarə haqlarının ödənilməsi , bütün dünyada baş vermiş pandemiya COVİD-19 ilə bağlı bütün sahələrdə olduğu kimi turizim sahəsində də problemlər olmassı nəzəeə alınaraq icarəyə verilmiş sahənin təhvil verməsi və qalıq 8400 (səkkiz min dord yüz manat) qalıq borcunun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi deyildikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onunla risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı icarə müqaviləsinin ləğv olunmasını, müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli,icarə müqaviləsi ləğv edilməli, cavabdehdən icarə haqqı borcu üzrə 75900 (yetmiş beş min doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, 75900 (yetmiş beş min doqquz yüz) manat məbləğində pul, o cümlədən ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 75930 (yetmiş beş min doqquz yüz otuz) manat pulun cavabdehdən turularaq “Main Development LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216 - 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “Main Development LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh ilə bağlanılmış xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilsin, 75900 (yetmiş beş min doqquz yüz) manat, 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 75930 (yetmiş beş min doqquz yüz otuz) manat Cavabdeh turularaq “Main Development LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar