Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5769/2023 27.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilmiş 3100 manat məbləğində pulun və texnikanın təmiri, detalların alınması ilə bağlı çəkilmiş 1200 manat məbləğində xərcin cavabdehdən tutulması” tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ilkin ödədiyi 3100 manat pulun, kombayn təmirinə və detalların alınmasına çəkdiyi 1200 manat pulun və mediasiya üçün ödədiyi 60 manat pul vəsaitinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 05/00023627 nömrəli lizinq müqaviləsi bağlanmış və ilkin ödəniş məbləğini təşkil edən 3100 manat pul vəsaitini cəmiyyətə ödəyərək taxıl yığan kombayn aldı. Həmin kombaynı yaşadığı evə gətirərkən nasaz vəziyyətdə idi. Bu səbəbdən təxminən 20 gün kombaynı təmir etdirdi. Təmirə və kombaynın detalarının alınmasına 1200 manat xərci çıxmışdır. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək kombayn çalışaraq taxıl yığsa da, yenidən nasaz vəziyyətə düşdü. Taxılyığan kombayn cəmi 11 gün işləmişdir. Respublikada taxıl yığını iyunun əvvəlindən başlayır. Əvvəl arpa, daha sonra buğda yığılır və avqustadək yığım gedir. Əlbəttə ki, mayın 10da kombayn gətirsə də, onun təmirinə vaxt getdiyindən və yığım hələ iyun ayında başlayacağından o kombaynı işlətməmişdir və qazanc əldə etməmişdir. Kombaynın işləməməsi barədə cəmiyyətin rəhbərliyini və əməkdaşlarını məlumatlandırmışdır. Hesab edir ki, kombaynı, cəmi 11 işlətdiyindən və lizinq müqaviləsi bağlanarkən əvvəlcədən 3100 manat ödəmişdir. Təşkilata artıq ödədiyi pul ona geri qaytarılmalıdır. Bu səbəbdən də məhkəmədə iddia qaldırmalı oldu. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsində baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə icasında iştirak etməmiş, əvvəlki iclasda iştirak edən nümayəndəsi X3 verdiyi izahatda bildirmişdir ki, iddiaçının hazırki tələbi ilə bağlı Şirvan Kommersiya Məhkəməsinin icraatında iş olmuşdur. Həmin vaxt tələb cavabdeh tərəfindən İddiaçı qarşı yönəlmişdi. Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi ilə hüquqi şəxsin tələbi təmin edilmişdi və apellyasiya instansiyasında da qüvvədə saxlanılmışdı. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-1323/2021 nömrəli qətnaməsindən məlum olur ki, Cavabdeh ASC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə 2900 manat məbləğində borcun tutulması tələbi ilə çıxış etmişdir. Hüquqi şəxs iddia ərizəsində əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə ümumilikdə 6000 manat təşkil edən öhdəlikdən 3100 manat olan hissəni həyata keçirmiş, 2900 manat isə ödənilməmiş qalmışdır. Hazırda iddiaçı yuxarıda qeyd edilən qətnamədə də göstərildiyi kimi ödəmiş olduğu 3100 manat məbləğində pulun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, o iddia edir ki, cavabdeh tərəfindən lizinqə verilmiş texnika ümumiyyətlə işlək vəziyyətdə olmamışdır və qeyd edilən səbəbdən də ödənilmiş pul məbləği ona geri qaytarılmalıdır. Lakin məhkəmə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən yuxarıda göstərilən işə baxılarkən bu məsələyə hüquqi qiymət verilmiş və göstərilmişdir ki, İddiaçı tərəfindən lizinqə verilmiş texnikadan xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində, yəni 36 gün müddətində istifadə edilmişdir. Texnikadan istifadənin 1 gün üçün nəzərdə tutulmuş ödənişinin 98.36 manat (6000 manat:61 gün=98.36) məbləğində müəyyən olunması, eyni zamanda lizinq alan tərəfindən ümumilikdə 3100 manat məbləğində ödəniş edilməsi nəzərə alınmaqla, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə İddiaçı 36 günlük müddət ərzində ödəməli olduğu pul 3540.98 manat məbləğində müəyyən edilmişdir. Beləliklə İddiaçı tərəfindən ödənilmiş 3100 manat məbləğində pulun həqiqətən ödənilməli olduğu, əlavə olaraq 440.98 manat məbləğində pulun da ödənilməsi qənaətinə gəlinmişdir. X2 Tofiq Əkbər oğlu və Aqroservis” ASC tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-2(106)-13/2022 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayətləri təmin edilməmişdir. X1 Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2-2(121)-1323/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. Digər tərəfindən iddiaçı hazırki tələbində 3100 manat məbləğində puldan əlavə kombaynın təmiri və detalların alınmasına çəkdiyi 1200 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı Şirvan Kommersiya Məhkəməsində işə baxılarkən verdiyi etirazda təhvil verilmiş texikanın qüsurlu olduğunu, işlək vəziyyətdə olmadığını bildirmiş, lakin məhkəmə qəbul etdiyi qətnamədə onun etirazına münasibətdə göstərmişdir ki, cavabdeh lizinq avadanlığını öz imzası ilə təsdiq edilmiş 10 may 2019-cu il tarixli akt əsasında işlək vəziyyətdə təhvil almışdır. Məhkəmə qeyd etmək istəyir ki, Cavabdehin iradə ifadəsi təkcə qarşılıqlı iddia ilə yox, etiraz vasitəsi ilə həyata keçirə bilər.Bu isə onu deməyə əsas verir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində texnikanın işlək vəziyyətdə olmaması ilə bağlı İddiaçı mövqeyinə də hüquqi qiymət verilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu təqdirdə məhkəmə tərəfindən işə baxılmamalı və iş üzrə icraata xitam verilməlidir. Hazırki iş üzrə eyni tərəflər, yəni İddiaçı və Cavabdeh ASC arasında Şirvan Kommersiya Məhkəməsinin icraatında eyni predmet, eyni əsaslar üzrə işə baxıldığından və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan işə təkrarən baxıla və hüquqi qiymət verilə bilməz. Odur ki, iş üzrə icraata xitam verilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilmiş 3100 manat məbləğində pulun və texnikanın təmiri, detalların alınması ilə bağlı çəkilmiş 1200 manat məbləğində xərcin cavabdehdən tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5769/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5769/2023
27.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver