Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-578/2022 05.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın i satılması tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28.10.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 34643,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənedilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən,vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 28.10.2021 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 28.10.2021 tarixə yaranan 54643,02 manat borcuna görə 100000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 29.10.2021 tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 01/11/2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 28.10.2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 34643,02 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında borcun həmin həcmdə olmadığını, belə ki, 2021-ci ilin noyabr ayında iki dəfə 15000 və 5000 manat cəmi 20000 manat məbləğində ödənişin həyata keçirildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 29.10.2021-ci il tarixli **********9 saylı protokol və əlavədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, dənizkənarında yerləşən Cavabdeh MMCyə məxsus ev siyahıya alınmışdır. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, 05.11.2021-ci və 19.11.2021-ci il tarixlərdə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcdan müvafiq olaraq 15000 və 5000 manat məbləğində ödəniş aparılmışdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, Dövlət Sosial Müdafiə Fonduna olan borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh MMC-nin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 34643,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 maanat məbləğində əmlak siyahıya alınmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən 05.11.2021-ci və 19.11.2021-ci il tarixlərdə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcdan müvafiq olaraq 15000 və 5000 manat məbləğində ödəniş aparılmışdır. Məhkəmə 20000 manat məbləğində borcun ödənildiyini, həmçinin qanunvericilikdə olan dəyişiklikləri nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli və 28.10.2021 ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 14643,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat məbləğində siyahıya alınmış əmlak müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nın (VÖEN: **********) 28.10.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 14643,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat məbləğində siyahıya alınmış əmlak müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılsın. Cavabdeh MMC-dən 100 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-578/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-578/2022
05.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver