Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5780/2025 25.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 23 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə 980.9 manat əsas borc, 114.37 manat faiz borcu və 4.93 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1100.20 manat borcun və 31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 23 yanvar 2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 18 ay müddətinə 2000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 23 yanvar 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 12 may 2025-dək Cavabdeh1 banka 23 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə 980.9 manat əsas borc, 114.37 manat faiz borcu və 9.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1105.12 manat borcu vardır. Cavabdeh1 23 yanvar 2024 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 9.85 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 4.925 manat məbləğində tələb olunur. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 bağlanmış 23 yanvar 2024-cü il tarixli N 29-MCR-1-33- 24 saylı Kredit limitinin ayrılmasına dair müqavilənin 1.1-ci bəndinə əsasən Bu kredit limitinin ayrılmasına dair müqaviləyə görə, Borcverən Borcalana bu Müqavilə ilə nəzərdə tutulmuş məbləğdən, müddətdən, illik faiz dərəcəsindən çox olmamaq şərtilə kredit limiti ayırır, Borcalan isa Müqavilə və Müqavilə çərçivəsində bağlanan və onun ayrılmaz tərkib hissəsi hesab edilən kredit, kredit xətti, overdraft qarantiya və s. verilməsi ilə bağlı müqavilələr ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və Kredit müqavilələri üzrə borc öhdəliyini tam şəkildə icra etməyi öhdəsinə götürür. 2.1-ci bəndə əsasən kredit limitinin məbləği və valyutası 10 000 manat, 2.2-ci bəndə əsasən kredit limitinin müddəti 120 ay, 2.3-cü bəndə əsasən kredit limiti üzrə aylıq faiz dərəcəsi: 2.50% müəyyən edilir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank müştəriyə 18 ay müddətinə illik 25% olmaqla 2000 manat məbləğində kredit vermişdir. Borcun təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli, Z/01043/24 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin, 1.2-ci bənddə göstərilən müqavilə üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün Borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Kartın təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixdə 430850-*******2892 nömrəli kart Cavabdeh1 təhvil verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesab üzrə çıxarış məlumatlarından görünür ki, xx.xx.2024-cü il tarixdə 2000 manat məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 23 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditdən əsas borc üzrə qalıq məbləğ 980.9 manat, faiz borc üzrə qalıq məbləğ 114.37 manat və cərimə üzrə qalıq borc məbləğ 4.93 manat olmaqla, ümumi borc məbləği 1105.12 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 22-MCR-1-1097-23/1 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş 1 saylı Əlavədən görünür ki, ümumi məbləği 2000 manat olan illik faiz dərəcəsi 25% olmaqla verilmiş kreditə görə Cavabdeh1 xx.xx.2024 -cü il tarixdən xx.xx.2025 -ci il tarixinə qədər hər ayın 23-ü olmaqla 134.38 manat, sonuncu ay 134.47 manat ödəməlidir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC iddia ərizəsi verilməsi üçün 31 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli N 29-MCR-1-33-24 saylı Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.50% olmaqla 120 ay müddətinə 10 000 manat kredit limiti ayrılmış, bankla Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 25 %-lə qaytarmaq şərti ilə 2 000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya münasibət (etiraz və s) bildirməmiş, borcun tam ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Nəticədə, iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 980.9 manat əsas borc, 114.37 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 980.9 manat əsas borc, 114.37 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı cavabdehdən 4.93 manat cərimə borcunun tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edilsə də tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulmadığından və ya cərimə barədə ayrıca yazılı razılaşma olmadığından, bu isə tərəflər arasında cərimə barədə razılaşmanın etibarsızlığına səbəb olduğundan cəriməyə dair hissədə iddia təmin edilməməlidir. Çünki Mülki Məcəllənin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun 30,95 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə 980 (doqquz yüz səksən) manat 90 (doxsan) qəpik əsas borc, 114 (bir yüz on dörd) manat 37 (otuz yeddi) qəpik faiz borcu olmaqla, ümumilikdə cəmi 1095 (bir min doxsan beş) manat 27 (iyirmi yeddi) qəpik borcun və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5780/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5780/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver