Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-579/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən artıq hesablanmış 31000 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus istixana Şəmkir rayonu, Bakı-Qazax yolu 3860 ünvanında fəaliyyət göstərir. 2022-ci ildə Cavabdeh nümayəndələri müəssisəyə baxış keçirmişlər. Məlumat olaraq bildirilmişdir ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Bir gün sonra digər nümayəndələr tərəfindən qaz təchizatı dayandırılarkən məlum olmuşdur ki, müəssisədə quraşdırılmış İddiaçı tərəfindən öz hesabına alınan və mülkiyyətində olan G-100 markalı qaz sayğacından düzgün istifadə edilmədiyini bildirmişlər. Bununla bağlı həmin günü tərtib olunan akt cərimə aktı imiş. Sonradan dəfələrlə şifahi etiraz bildirilmişdir. Təqdim edilmiş akta görə hesabat aparılaraq 31000 manat cərimə yazılmışdır. Cavabdeh tərəfindən artıq hesabat aparılmış və qanunsuz pul tələb edilir. Belə ki, müəssisədə hər zaman göstərilən qaz işlədicilərindən istifadə edilmir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın qeydinə əsasən hesablanmış qazın dəyərinin ödənilməsi istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Göstərilən qaydalardan da aydın olur ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfındən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri və ya sayğac vasitəsi ilə istifadə edilən qaz həcmi cavabdeh tərəfındən nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Qeyd olunanlara əsasən hesab edilir ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmadığından, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığından həmçinin cavabdeh tərəfındən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından cavabdeh yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448,2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən hesab edilir ki, qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfındən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından iddiaçı cavbadeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan düzgün hesablanmamış itirilmiş qazın bərpasına görə ödəniş tələb etməsi qanunsuz və əsassızdır. Ona görə də itirilmiş qazın bərpasına görə iddiaçıya artıq hesablanmış 31000 manat məbləğində borc silinməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Tərəflərə Cavabdeh İB-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, AMX-0002/22 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,22 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən istehlakçının istifadəsində 1 ədəd su qızdırıcı qazan vardır. Qaz sayğacının nömrəsi 75132589, quraşdırılma tarixi xx.xx.2022-ci il, üzərindəki plombların nömrəsi isə 010005976-dır. Həmin müqaviləin 7.1-ci maddəsinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilir. Həmin müqavilənin 7.3-cü maddəsinə əsasən istehlakçı müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanılması tələb olunmur.
7. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, baxış keçirilən zaman sayğacda nöqsanlar aşkar edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.
8. Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin məzmunundan müəyyən olunur ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, MSK- 29/1640-00319 nömrəli aktına əsasən G-100 markalı 75132589 nömrəli sayğacın kənar təsirlər nəticəsində arxa qoruyucu qapağının boltları boşaldılmış və qapağın daxilində olan yastıqları qoruyan plastmas qapaqlarına bərkidilən hər iki boltlar tam şəkildə bağlanılmamışdır. Belə olan halda rotorların hərəkətini dayandırmaq mümkündür. Rotorların hərəkəti dayandırıldıqda sayğacdan qaz keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. G-100 markalı qaz sayğacın nominal qaz sərfi 100 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 52 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamənin əsası kimi xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir.
9. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, baxış keçirilən zaman sayğacda nöqsanlar aşkar edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.
10. Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin məzmunundan müəyyən olunur ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, MSK- 29/1640-00733 nömrəli aktına əsasən G-100 markalı 75018700 nömrəli sayğacda korrektora vurulan kalibirlənmə düyməsinin vinti boşdur. Sayğaca hava vurulmuş, hesablama mexanizminin sonuncu rəqəm diyircəyinin ləng işlədiyi müəyyən olunmuşdur. Sayğacın daxilinə baxış zamanı hesablayıcı mexanizmin işləmədiyi müəyyən olunmuşdur. Yeni quraşdırılmış G-100 markalı, 80111223 nömrəli qaz sayğacının 21 gün ərzində sərfiyyatının 31981 m3, 2022-ci ilin fevral və mart aylarında sərfiyyatın 10123 m3, hesabat müddəti 35 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamənin əsası kimi xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir.
11. xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (abonent kodu: **********00058) 2022-ci il üzrə aktlar əsasında hesablanmış borc məbləği fevral ayı üzrə 13728 manat, mart ayı üzrə 9492,34 manat olmaqla, ümumilikdə 23220,34 manat təşkil edir.
12. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh orqan tərəfindən əsassız hesablanmış 31000 manat borcun 3 gün müddətində silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunması ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
13. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi
17. İddia tələbi **********00058 saylı abonent koduna Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə hesablanmış 31000 manat məbləğində borcun silinməsindən ibarətdir.
18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən ödənişlər həyata keçirilmişdir. Müəyyən olunur ki, Cavabdeh İB tərəfindən 2022-ci il üzrə tərtib edilmiş aktlar əsasında iddiaçıya 23220,34 manat borc hesablanmışdır.
20. Məhkəmə hesab edir ki, həmin borc iddiaçıya əsassız olaraq hesablanmışdır.
22. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və həmin məbləğ iddiaçıdan tutula bilməz.
23. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilən akt və onun hüquqi nəticələri qanunsuz olunduğundan, ərizə qismən təmin edilməli, Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 23220,34 manat (iyirmi üç min iki yüz iyirmi manat otuz dörd qəpik) məbləğində borc İddiaçı **********00058 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, aktlar əsasında, əsassız olaraq hesablanmış başqa borcun olması müəyyən edilməmişdir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş aktlar əsasında hesablanmış 23220,34 manat (iyirmi üç min iki yüz iyirmi manat otuz dörd qəpik) məbləğində borc İddiaçı **********00058 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova