Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5806/2021 11.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “ödənilməli pul məbləğinin indeksasiyası” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “ödənilməli pul məbləğinin indeksasiyası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinin məzmununa görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizə üzrə məhkəmə tərəfindən qərardad qəbul edilir. Göründüyü kimi pulun indeksasiyası ilə bağlı İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə deyil, ərizə ilə müraciət etməli idi. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən hazırkı tələblə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğundan, məhkəmə tərəfindən də materiallara mülki işlər üzrə icraatla bağlı olan 2 indeksi verilmişdir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılması”na dair Təlimatın 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat formasının təmin edilməsi və işlərin (materialların) icraat növlərinin birbirindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün mülki işlər üzrə icraatla bağlı 2 indeksi, məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraatla bağlı isə 8 indeksi müəyyən edilmişdir. İddiaçının iddia ərizəsinin məzmunundan açıq-aşkar görünür ki, onun tələbi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin indeksasiyası ilə bağlıdır. Belə olan halda, həmin materiallara məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraatla bağlı olan 8 indeksi verilməli olduğu halda, mülki işlər üzrə icraatla bağlı olan 2 indeksi verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin “məhkəmənin qətnaməsi” adlanan 16-cı fəslinin müvafiq maddələrinin (MPM-in 216-220) məzmunundan görünür ki, məhkəmə tərəfindən iddia ərizəsinə mahiyyəti üzrə baxıldıqda, nəticədə qətnamə qəbul edilir. Beləliklə, hazırkı məsələyə iddia icraatı qaydasında baxılması nəzərdə tutulmadığından, müvafiq olaraq da həmin məzmunda ərizə icraata qəbul edilə bilməz. İddiaçı MMC-nin iddia ərizəsi ona geri qaytarılmalı, yuxarıda qeyd edilən forma və məzmuna riayət etməklə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 232, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “ödənilməli pul məbləğinin indeksasiyası” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərizə ilə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5806/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5806/2021
11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver