Məhkəmə qərarları › İş №e-2-2(113)-584/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-584/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-584/2024 15.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, prosessual maraq, zaminlik, dəbbə pulunun azaldılması, qanuni faiz, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC), Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4723,58 manat əsas borc, 520,03 manat faiz borcu və 543,04 manat cərimə borcu və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 133 manat məbləğində pulun və 105 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən cavabdeh "xxxx" MMC-yə iddiaçı tərəfindən 120 ay müddətinə 300 000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC illik 22% olmaqla 12 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2.2. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. 2.3. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1086,07 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 543,04 manat məbləğində tələb olunur. 2.4. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Həmçinin iddiaçı cavabdehlər arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 445.7, 472-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6351/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin və təqdim olunan sübutların məzmununa uyğun izah verərək iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən edilmiş ödənişlərin kredit müqaviləsi üzrə əsas borca silindiyini, hesabdan çıxarışda da silinmənin bu formada aparıldığının təsbit edildiyini göstərdi, kredit müqaviləsi üzrə cari borcun 3657,19 manat olduğunu qeyd etdi.

8. Cavabdehlər "xxxx" MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri müvafiq olaraq hüquqi və yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvana göndərilməklə, "xxxx" MMC-nin qanuni təmsilçisi, eyni zamanda cavabdeh Qanuni nümayəndə, Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, "xxxx" MMC-nin X1 Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, (hüquqi şəxsə münasibətdə qanuni təmsilçisinin) mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmaqla, məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakları olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 20-MCR-1-65-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə (kreditor qismində iddiaçı, borcalan qismində cavabdeh "xxxx" MMC) əsasən, kredit limitinin məbləği 300 000 manat (həmçinin kreditin verildiyi məqamda mövcud olan Bankın xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində), müddətini 120 ay, aylıq faiz dərəcəsini 2,50%, cəriməsini 0,20% (gündəlik) təşkil edir. Həmin razılaşmanın 5-ci bəndinə görə, müştəri bu razılaşmanı imzalamaqla bəyan edir və təsdiq edir ki, Bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusunu oxudu, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu razılaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Adıçəkilən razılaşmanın 7-ci bəndinə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusu bu razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur.

13. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 20-MCR-2-69-22/1 nömrəli kredit verilməsinə dair müqaviləyə (kreditor qismində iddiaçı, borcalan qismində cavabdeh "xxxx" MMC) əsasən, kreditin məbləği 30000 manat, müddəti 12 ay, faiz dərəcəsi aylıq 1,83%, təyinatı biznes məqsədi, faktiki illik faiz dərəcəsi (FİFD) 23,96%, cərimə 0,20 (gündəlik) təşkil edir.

14. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 1 saylı əlavədən görünür ki, kredit məbləği üzrə ilkin ödəniş tarixi xx.xx.2022-ci il, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixi olmaqla 30000 manat əsas məbləğ, 3777,23 manat faiz məbləği şərtləşdirilmişdir.

15. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli Z/01636/22 nömrəli (iddiaçı kreditor qismində, Cavabdeh3 zamin qismində), xx.xx.2022-ci il tarixli Z/01631/22 nömrəli (iddiaçı kreditor qismində, cavabdeh Qanuni nümayəndə zamin qismində), xx.xx.2022-ci il tarixli Z/01633/22 nömrəli (iddiaçı kreditor qismində, Cavabdeh2 zamin qismində), xx.xx.2022-ci il tarixli Z/01664/22 nömrəli (iddiaçı kreditor qismində, Cavabdeh4 zamin qismində), zaminlik müqavilələrinin şərtlərindən görünür ki, müqavilənin predmeti xx.xx.2022-ci il tarixli 20-MCR-2-69-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrıldığı vəsaitdir (1.2). Bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 300 000 AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ bu Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən borcalanın kreditordan aldığı kredit məbləğindən ibarətdir); 120 ay təşkil edən kredit limitini qaytarılma müddəti; kredit limiti üzrə aylıq 2,50 faizdən çox olmamaqla hesablanacaq məbləğ (faiz dərəcəsi kreditor tərəfindən tələb edilə biləcək ən çox faiz dərəcəsini ifadə edir, kreditorun bu müqavilə üzrə faiz borcunun tələbi isə bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır) (2.1).

16. Həmin müqavilələrin 4-cü hissəsinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (4.1). Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır (4.2). Zamin borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə kreditor qarşısında ona (zaminə) məxsus bütün əmlakı ilə məsuliyyət daşıyır.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məxaric qəbzindən görünür ki, 15000 manat məbləğində pul cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təhvil alınmışdır (qalan 15000 manat bank hesabına mədaxil edilmişdir).

18. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 20-MCR-2-69-22/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə kreditin bitmə tarixinə (sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 700 manat) əsas borc 4723,58 manat, faiz borcu (sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 210,26 manat) 408,14 manat təşkil edir.

19. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 20-MCR-2-69-22/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə kreditin bitmə tarixinə (sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə 126,87 manat) əsas borc 3657,19 manat, faiz borcu (sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 210,26 manat) 408,14 manat təşkil edir.

20. "xxxx" MMC-nin hesabından xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, maliyyə arayışında ödənilən məbləğlər kimi qeyd olunan məbləğlər düzgün təsbit olunmuşdur.

21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 20-MCR-2-69-22/1 nömrəli kredit verilməsinə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 30000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdeh "xxxx" MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə ilə zaminlik müqavilələri bağlanmış, sonuncular cavabdeh "xxxx" MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Cavabdeh "xxxx" MMC kredit məbləğini təşkil edən 30000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

22. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 4723,58 manat əsas borc, 520,03 manat məbləğində faiz borcunun tutulmasını xahiş edir.

23. Cavabdehlər "xxxx" MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

24. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

27. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

28. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

29. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

31. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

33. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

34. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

35. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə (əsas məbləğ və hesablanmış faizlər ilə) bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

36. Məhkəmə qeyd edir ki, tərəflərin ödəniş qrafikində kreditdən istifadəyə görə şərtləşdirdikləri faiz məbləği borcalan tərəfindən ödənişlər qrafikdə razılaşdırılmış tarixlərdə və məbləğlərdə edildiyi halda azalan qaydada qalıq əsas borca hesablanır. Hazırkı halda cavabdeh ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödənişi etməmiş, buna görə də qalıq əsas borc qrafik üzrə razılaşdırılmış qalıq borcdan daha artıq olmaqla kreditdən istifadəyə görə şərtləşdirilmiş faiz borcu da qalıq əsas borca mütənasib olaraq ödəniş qrafikində şərtləşdirilmiş faiz borcundan daha artıq hesablanmışdır. Ödəniş qrafikini, hesabdan çıxarış məlumatları ilə müqayisəli təhlil etdikdə aydın olur ki, iddiaçının maliyyə arayışında təsbit olunan faiz borcu düzgün hesablanmışdır.

37. Cavabdeh "xxxx" MMC-nin bank hesabından xx.xx.2022 – xx.xx.2024-cü il dövrlərini əhatə edən çıxarışdan görünür ki, iddia tələbinin əsaslandığı birinci maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixdən sonra 3 dəfə ödəniş edilmiş, həmin ödənişlərdən xx.xx.2023-cü il tarixdə edilmiş 200 manat, xx.xx.2024-cü il tarixdə edilmiş 739,52 manat və xx.xx.2024-cü il tarixdə edilmiş 126,87 manat kredit müqaviləsi üzrə əsas borca silinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bu faktı təsdiq etmiş, həmçinin tərəfin təqdim etdiyi sonuncu (14 fevral 2024-cü il tarixli) maliyyə arayışından da bu hal müəyyən edilmişdir.

38. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, xx.xx.2022-ci il tarixli 20-MCR-2-69-22/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə əsas borc 3657,19 (4723,58 – 200 – 739,52 – 126,87) manat, faiz borcu isə 408,14 manat təşkil edir.

39. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

40. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

41. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

43. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli 20-MCR-1-65- 22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilədə və həmin tarixli zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2022-ci il tarixli 20-MCR-2-69-22/1 nömrəli kredit verilməsinə dair müqavilə kredit limitinin ayrılmasına dair razılaşma və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə adıçəkilən kredit razılaşması üzrə digər cavabdeh "xxxx" MMC-nin iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.

44. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli 20- MCR-2-69-22/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 3657,19 manat əsas borc, 408,14 manat faiz borcu cavabdehlər "xxxx" MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

45. İddiaçı 543,04 manat cərimə məbləğinin cavabdehlərdən tutulmasını xahiş edir.

46. xx.xx.2022-ci il tarixli 20-MCR-1-65-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə və xx.xx.2022-ci il tarixli 20-MCR-2-69-22/1 nömrəli kredit verilməsinə dair müqavilənin müvafiq olaraq 3 və 7-ci bəndi ilə gündəlik 0,20% cərimə nəzərdə tutulmuşdur.

47. xx.xx.2022-ci il tarixli Z/01636/22, Z/01631/22, Z/01633/22 və Z/01664/22 nömrəli zaminlik müqavilələrinin 2.1.4-cü bəndi ilə nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyi o cümlədən kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0,2 faizdən çox olmayan gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ daxildir.

48. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

49. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

50. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin öhdəliyin pozulma dərəcəsi hissəvidir, iş məhkəmənin icraatında olarkən də ödənişlər edilmişdir.

51. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehlər tutulmalı cərimə məbləğinin 240 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

52. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 240 manat pul cavabdehlər "xxxx" MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı

53. İddiaçı xx.xx.2022-ci il tarixli 20-MCR-2-69-22/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 133 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir.

54. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (Mülki Məcəllənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyası) .

55. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).

56. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2023-cü il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır (iddiaçı tərəfindən faizin hesablandığı xx.xx.2023-cü il tarixədək).

57. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 108,71 (xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixə gecikdirilən məbləğ 4723,58*5/100/365*168 gecikdirmə müddəti) manat məbləğində pul cavabdehlər "xxxx" MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

58. İddiaçı 105 manat mediasiya xərcinin də cavabdehlərdən tutulmasını xahiş edir.

59. İddia ərizəsinə əlavə edilmiş 25 avqust 2023-cü il tarixli MŞB/4-2023-00103 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya sessiyasında iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdehlər iştirak etməmiş və mediasiya xərci olaraq 105 manat iddiaçı tərəfindən ödənilmişdir.

60. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

61. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

62. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

63. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

64. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

65. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §50) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.

66. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 105 manat məbləğində pul cavabdehlər "xxxx" MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

67. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Alızadeh Group” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3657 (üç min altı yüz əlli yeddi) manat 19 (on doqquz) qəpik əsas borc, 408 (dörd yüz səkkiz) manat 14 (on dörd) qəpik faiz borcu, 240 (iki yüz qırx) manat cərimə borcu, əsas borca illik 5 faizlə hesablanmaqla 108 (bir yüz səkkiz) manat 71 (yetmiş bir) qəpik olmaqla ümumilikdə 4414 (dörd min dörd yüz on dörd) manat 04 (dörd) qəpik məbləğində pul cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 105 (bir yüz beş) manat məbləğində pul cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar