Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5873/2023 02.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin xitam edilməsi, nəqliyyat vasitəsinin qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 MMC-nin arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4248/İLİZ nömrəli X1 Müqaviləsinin xitam olunması, ona məxsus “Chevrolet Cruze” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması və İddiaçı MMC ilə Cavabdeh1 və zamini Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4248/İLİZ nömrəli X1 Müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 16980.67 manat əsas borc, 2040.04 manat mükafat borcu cəmi 19020 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc və əlavə 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 MMC-dən və zamin Cavabdeh2 tutularaq İddiaçıMMC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizənin surəti və ona əlavə edilmiş sənədlərin Cavabdeh2 çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İddia ərizəsinin həmin cavabdehə göndərilməsi barədə surətli poçt qəbzi iş materiallarına əlavə edilsə də, lakin iddia ərizəsinin qarşı tərəfə çatdırılması və tərəfindən qəbul edilməsi işin halları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin işdə olan mediasiya prosesinin tətbiqi barədə təklifindən və onun göndərilməsinə dair poçt qəbzindən göründüyü kimi təklif yalnız cavabdeh qismində qeyd olunmuş Cavabdeh2 göndərilmiş, digər cavabdehə münasibətdə təklifin göndərilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmiş, o cümlədən mediasiya üçün müracət məktubunda cavabdeh tərəf kimi yalnız Cavabdeh1 MMC göstərilmiş. Beləliklə, hər iki cavabdehə münasibətdə mediasiya prosesinin keçirilməsi işdə olan mediasiya arayışından müəyyən edilmir. Eyni zamanda iddiaçı tələbində cavabdehlərdən qaytarılması tələb olan nəqliyyat vasitəsinin markası kimi “Chevrolet Cruze” qeyd olunmuş, lakin mediasiya arayışdan tələb olunan nəqliyyat vasitəsinin markası “Ford” göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 150.1 və 150.1.7-ci maddəsinə əsasən ərizəyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. - 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin xitam edilməsi, nəqliyyat vasitəsinin qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5873/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5873/2023
02.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver