Məhkəmə qərarları › İş №e-2-2(113)-588/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-588/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-588/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçıSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pulun tutulması» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2495.84 manat əsas borc, 35.70 manat faiz borcu, 4.75 manat cərimə və 60 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağladığı xx.xx.2021 il tarixli kredit limiti müqaviləsinə və həmin müqavilə çərçivəsində imzalanmış xx.xx.2022 il tarixli razılaşmaya əsasən borcalan Cavabdeh3 bankdan xx.xx.2024-cü ilədək qaytarmaq və illik 23 % ödəmək şərti ilə aldığı 5000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 2495.84 AZN; b) faizlər üzrə 35.70 AZN; c) cərimə üzrə 4.75 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İlkin mediasiya sessiyası keçirilib və mediator tərəfindən müvafiq arayış verilib.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə də məlumat verməmişlər.

5. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1130***-*******01L nömrəli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 100000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixənədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kreditverənə müraciət etmək hüququna malikdir.

8. Müqavilənin ayrılmaz hissəsi olan xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən tərəflər arasında bağlanmış 1130***-*******01L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 100000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Kreditverən borcalanın ərizəsinə əsasən ona ABŞ dolları, rubl, euro valyutalarında kreditlər verə bilər. Borcalan və 110***-*******01L saylı xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şərtlər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyuta götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərlərinə götürür və məsuliyyət daşıyırlar.

9. Razılaşmanın 8-ci bəndinə əsasən 1130***-*******01L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazimi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 23% üstəgəl 5 % gecikdirmə faizi ilə hesablanır. Borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazimi qaydada icra etmədyi təqdirdə kredit verənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir.

10. İddiaçı və Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1FİZAM122978002 nömrəli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin təmin olunması üçün zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir.

11. İddiaçı və Cavabdeh2 Elsan oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1FİZAM15496201 nömrəli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin təmin olunması üçün zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir.

12. İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1FİZAM133333701 nömrəli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin təmin olunması üçün zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir.

13. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 əsas borcu 2495,84 manat, faiz borcu 35,7 manat, cərimə borcu isə 4,75 manat təşkil edir.

14. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarış əsasən cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmişdir.

15. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

18. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Beləliklə, mMəhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdehlər tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

23. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutularaq iddiaçıya ödənilməlidir.

24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 2495.84 AZN əsas borc, 35.70 AZN faiz borcu, 4.75 AZN cərimə tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 2495,84 manat əsas borc, 35,70 manat faiz borcu, 4,75 manat cərimə, ödənilmiş 60 manat mediasiya xərci, ümumilikdə 2596,29 (iki min beş yüz doxsan altı manat iyirmi doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar