Məhkəmə qərarları › İş №e-2-2(113)-5885/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5885/2025

01.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5885/2025 01.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh MMC-yə qarşı “illik 5%-lə hesablanan faiz borcu” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, illik 5 %, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh MMC-yə qarşı “illik 5%-lə hesablanan faiz borcu” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X1 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4120,59 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 275,85 manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 fevral 2020-ci ildə "xxxx" QSC ilə Cavabdeh MMC arasında Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh MMC-yə 24 fevral 2025-ci il tarixədək (5 il müddətində) 5.000.00 (beş min) manat məbləğində kredit kartı limiti (kredit xətti) açır. “Kart\əlavə kart sahibi” isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə edilmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu meqavilə ilə müəyyən edilmiş şərtlərlə “Banka” qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də Cavabdeh MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhə dəfələrlə bu barədə sifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişin (Pretenziyanın) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmiş və bu günə kimi "xxxx" QSC-ə оlan bоrcunu ödəməmişdir. Bu səbəbdən, cavabdehlər üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1107/2024 saylı qətnaməsi ilə Cavabdehlərdən cəmi 4120.59 (dörd min yüz iyirmi manat əlli doqquz qəpik) manat məbləğində tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2024-cü il tarixə tələb olunan borc üzrə 4120.59 (dörd min yüz iyirmi manat əlli doqquz qəpik) manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdehlərin xx.xx.2024-cü ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehlərə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə ödənilməli olan tələb məbləğindən 4120.59 (dörd min yüz iyirmi manat əlli doqquz qəpik) manat məbləğində ödənilməmiş qalmaqdadır. xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, 275.85 (iki yüz yetmiş beş manat səksən beş qəpik) manat təşkil edir.

II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. 24 fevral 2020-ci ildə "xxxx" QSC ilə Cavabdeh MMC arasında Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh MMC-yə 24 fevral 2025-ci il tarixədək (5 il müddətində) 5.000 (beş min) manat məbləğində kredit kartı limiti (kredit xətti) açır. “Kart\əlavə kart sahibi” isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə edilmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu meqavilə ilə müəyyən edilmiş şərtlərlə “Banka” qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür.

5. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1107/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən qət edilmişdir: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3559,48 manat əsas borc, 337,11 manat faiz borcu, 150 manat cərimə, komissiya üzrə 4 manat borc, ödənilmiş 70 manat dövlət rüsumu, ümumilikdə 4120,59 (dörd min bir yüz iyirmi manat əlli doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin

6. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

7. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

8. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

10. -21.1-ci maddəsiə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. -443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

15. -443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. -445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

16. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

17. İşin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə ödənişlər ödəniş planına uyğun aparılmadığı üçün iddiaçı məhkəməyə müraciət edərək borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1107/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonra hər-hansı ödəniş edilməmişdir, ona görə də illik 5% ilə hesablanan faiz borcunun tuulmasını xahiş edir.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi xx.xx.2024-cü il tarixindən başlayaraq hazırkı qətnamə çıxan tarixinə kimi belə yerinə yetirmədiyini nəzərə alaraq, 4120,59 manat borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 275,85 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.

19. Beləliklə, iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 275,85 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

21. Azərbaycan Respublikası MPM-in:

22. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

24. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

IV. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 275,85 manat faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar