Məhkəmə qərarları › İş №e-2-2(113)-5887/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5887/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5887/2025 13.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı nümayəndəliyinin Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı nümayəndəliyi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx-xx/2024 nömrəli, 01 mart 2024-ci il tarixli icarə müqaviləsi üzrə 9480 (doqquz min dörd yüz səksən) manat və kommunal xidmətlərdən istifadəyə görə 2476,23 manat (iki min dörd yüz yetmiş altı manat iyirmi üç qəpik) olmaqla, cəmi ödənilməli olan 11956,23 manat (on bir min doqquz yüz əlli altı iyirmi üç qəpik) məbləğində borcun, ödənilmiş dövlət rüsumuna görə 126 (yüz iyirmi altı) manat olmaqla, ümumilikdə 12082,23 manat (on dörd min yetmiş iki manat iyirmi üç qəpik) məbləğində pulun tulularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəlik arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 mart 2024-cü il tarixli, 01-032024 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yol, 10 ünvanında yerləşən "Royal Park" yaşayış massivi ərazisində yerləşən ictimai iaşə tipli 112 m2 qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı 3600 (üç min altı yüz) manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx-xx/2024 nömrəli, 01 mart 2024-cü il tarixli müqavilənin 4.1ci bəndinə əsasən müqavilə 20 iyun 2024-cü il tarixinədək qüvvədə olmuşdur. Müqavilənin müddəti bitdikdən sonra sözügedən müqaviləyə xitam verilmiş, lakin müqavilənin 2.1-ci bəndində qeyd edilmiş aylıq 3600 (üç min altı yüz) manat aylıq icarə haqqı ödənişi və cavabdehin icarə predmetindən istifadə etdiyi müddət ərzində yaranmış kommunal borclar cavabdeh tərəfindən tam şəkildə icra edilməmiş, nəticədə cavabdehin 9480 (doqquz min dörd yüz səksən) manat icarə haqqı, həmçinin 2476,23 (iki min dörd yüz yetmiş altı manat iyirmi üç qəpik) kommunal xidmətlər üzrə olmaqla, ümumilikdə 11956,23 manat (on bir min doqquz yüz əlli altı iyirmi üç qəpik) borcu yaranmışdır. Buna görə də cavabdehə 02 iyul 2024-cü il tarixli, SP-X-65/2025 nömrəli, 17 dekabr 2024-cü il tarixli, SP-X-126/2024 nörməli və sonuncu olaraq 18 mart 2025-ci il tarixli, SP-X-35/2025 nömrəli xəbərdarlıq məktub ilə müraciət edilmiş, həmin məktubda yaranmış borc məbləği barədə məlumat da aydın şəkildə qeyd edilərək cavabdehə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh tərəfindən sözügedən məktubların əldə edilməsinə baxmayaraq, həmin məktublara heç bir cavab verilməmiş və borcun ödənilməsi üçün heç bir addım atılmamışdır. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş və ödənilməli 11956,23 manat məbləğində pulun geri ödənilməsi ilə bərabər öhdəliyin icra edilməməsi ilə bağlı cavabdehin iddiaçıya vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.2, 331.1, 442, 443.1, 445.1, 445.7, 446.1, 448.1, 448.2-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi ilə icarəçi qismində Cavabdeh1 arasında 01 mart 2024-cü il tarixli, xxxx/2024 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən mülkiyyətçiyə məxsus Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yol, 10 ünvanında yerləşən “Royal Park” yaşayış massivin ərazisində yerləşən ictimai iaşə tipli 112 m2 qeyri-yaşayış sahəsini icarədara tam təmirli və əşyalı şəkildə icarəyə verməyi, icarədar isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən icarə haqqı hər təqvim ayı üçün ƏDV daxil edilməklə 3600 manat məbləğində müəyyən edilir; 2.2-ci bəndinə əsasən tərəflər arasında bağlanmış müqavilənin şərtləri daxilində müəyyən edilmiş aylıq icarə haqqı hər ayın ilk həftəsindən gec olmayaraq, nağdsız hesablaşmalar qaydasında köçürmə yolu ilə ödənilir; 3.2-ci bəndinə əsasən icarədarın icarə haqqını vaxtlı-vaxtında ödəmək, müqavilənin qüvvədə olduğu müddətdə icarəyə verilmiş əmlakın saxlanması ilə bağlı xərcləri (mühafizə xidməti, kommunal xidmətlər) ödəmək öhdəliyi vardır; 4.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək müəyyən edilir; 4.2-cü bəndinə əsasən müqavilənin 4.1-ci bəndində göstərilən müddət bitdikdən sonra hazırkı müqaviləyə xitam verilir. Müqavilə tərəflərin imzası və İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 524560 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən Cavabdeh1 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 3600 manat təşkil edir. Qaimənin əsası kimi 2024-cü ilin mart ayı üçün icarə haqqı qeyd edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00501179 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən Cavabdeh1 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 532,51 manat təşkil edir. Qaimənin əsası kimi 2024-cü ilin mart ayı üçün kommunal xidmətlərə görə haqq qeyd edilmişdir.

10. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10042008 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən Cavabdeh1 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 706,8 manat təşkil edir. Qaimənin əsası kimi 2024-cü ilin aprel ayı üçün kommunal xidmətlərə görə haqq qeyd edilmişdir.

11. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 591693 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən Cavabdeh1 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 3600 manat təşkil edir. Qaimənin əsası kimi 2024-cü ilin aprel ayı üçün icarə haqqı qeyd edilmişdir.

12. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 354391 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən Cavabdeh1 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 3600 manat təşkil edir. Qaimənin əsası kimi 2024-cü ilin may ayı üçün icarə haqqı qeyd edilmişdir.

13. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11409353 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən Cavabdeh1 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 757,35 manat təşkil edir. Qaimənin əsası kimi 2024-cü ilin may ayı üçün kommunal xidmətlərə görə haqq qeyd edilmişdir.

14. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11002824 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən Cavabdeh1 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 2279,99 manat təşkil edir. Qaimənin əsası kimi 2024-cü ilin iyun ayı üçün icarə haqqı qeyd edilmişdir.

15. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11003121 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən Cavabdeh1 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 479,56 manat təşkil edir. Qaimənin əsası kimi 2024-cü ilin iyun ayı üçün kommunal xidmətlərə görə haqq qeyd edilmişdir.

16. "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabdan çıxarışa əsasən X2 tərəfindən xx.xx.2024-cü il tarixində İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin bank hesabına 3050,85 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBEA seriyalı, 524560 nömrəli elektron qaimə qeyd edilmişdir.

17. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

18. İddiaçı tərəfindən kommunal xidmətlərlə bağlı müvafiq qurumlar tərəfindən iddiaçıya verilmiş texniki şərtlər məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 01 mart 2024-cü il tarixli, xx-xx/2024 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icarəyəverən mülkiyyətçiyə məxsus Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yol, 10 ünvanında yerləşən “Royal Park” yaşayış massivinin ərazisində yerləşən ictimai iaşə tipli 112 m2 qeyri-yaşayış sahəsini icarədara icarəyə verməyi, icarədar isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürmüşdür. Müddət bitdikdən (2024-cü ilin iyun ayının 20-dək qüvvədə olmuşdur) sonra icarə müqaviləsinə xitam verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh icarə haqqının və kommunal xidmətlərin haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Qeyd olunan hallar işdə olan sübutlarla (tərəflər arasında bağlanmış müqavilə, elektron qaimələr, ödəniş sənədi) öz təsdiqini tapır.

22. İddia tələbinin bir hissəsini Cavabdeh1 xx-xx/2024 nömrəli, 01 mart 2024-ci il tarixli icarə müqaviləsi üzrə 9480 manat icarə haqqının tutulması təşkil edir.

23. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, cavabdehin icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını ödəmək vəzifəsi daşımasını, iddiaçının isə icarə haqqının tutulmasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh1 xx.xx.2024-cü il tarixli, xxxx/2024 nömrəli icarə müqaviləsi üzrə 9480 (doqquz min dörd yüz səksən) manat icarə haqqı (tələbə uyğun) tutularaq iddiaçı 2629-4694 Quebec İnc.” Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinə ödənilməlidir. Belə ki, iddiaçı cavabdehdən 2024-cü ilin aprel, may, iyun aylarının icarə haqqının tutulmasını xahiş etmişdir (nümayəndə tərəfindən də məhkəmə iclasında bildirilmişdir) və bununla bağlı cavabdehə müvafiq olaraq 3 elektron qaimə göndərilmişdir (aprel, may və iyun ayları üzrə). Həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənilməli olan ümumi icarə haqqının məbləği 9480 manat (3600+3600+2279,99≈9480) təşkil etmişdir.

24. İddia tələbinin digər hissəsini 01 mart 2024-cü il tarixli icarə müqaviləsi üzrə kommunal xidmətlərdən istifadəyə görə 2476,23 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

25. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən icarədarın icarə haqqını vaxtlı-vaxtında ödəmək, müqavilənin qüvvədə olduğu müddətdə icarəyə verilmiş əmlakın saxlanması ilə bağlı xərcləri (mühafizə xidməti, kommunal xidmətlər) ödəmək öhdəliyi vardır.

26. Məhkəmə hesab edir ki, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən icarə predmetinin istifadəsi ilə əlaqədar yaranmış kommunal xərclər cavabdeh tərəfindən iddiaçıya ödənilməli, iddia tələbi qeyd edilən hissədə də təmin edilməli və Cavabdeh1 xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli icarə müqaviləsi üzrə kommunal xidmətlərdən istifadəyə görə 2476,23 manat (iki min dörd yüz yetmiş altı manat iyirmi üç qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş elektron qaimələrə əsasən icarədar tərəfindən 2024-cü ilin mart, aprel, may, iyun ayları üzrə ödənilməli olan kommunal xərclərin məbləği 2476,23 manat (532,51+706,8+757,35+479,56=2476,23) təşkil etmişdir.

27. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (yüz iyirmi altı) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli icarə müqaviləsi üzrə 9480 (doqquz min dörd yüz səksən) manat icarə haqqı, kommunal xidmətlərdən istifadəyə görə 2476,23 manat (iki min dörd yüz yetmiş altı manat iyirmi üç qəpik) və ödənilmiş dövlət rüsumuna görə 126 (yüz iyirmi altı) manat olmaqla, ümumilikdə 12082,23 manat (on iki min səksən iki manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar