Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-589/2024 11.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və pulun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icra qeydinin ləğv edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı cavabdeh Bakı şəhəri 51 saylı Notariat Ofisinin 8İ-5846 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv olunması, həmin icra qeydinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 144648/2023 və 144648/2023-İ.Ö saylı inkasso sərəncamları əsasında xx.xx.2023-cü il tarixdə iddiaçıdan tutulmuş 944,98 manatın və icra ödənişi üçün tutulmuş 66,14 manat, cəmi 1011,12 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, həmçinin ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh2ndən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı cavabdeh Bakı şəhəri 51 saylı Notariat Ofisinin 8İ-5846 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv olunması, həmin icra qeydinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 144648/2023 və 144648/2023-İ.Ö saylı inkasso sərəncamları əsasında xx.xx.2023-cü il tarixdə iddiaçıdan tutulmuş 944,98 manatın və icra ödənişi üçün tutulmuş 66,14 manat, cəmi 1011,12 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, həmçinin ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh2ndən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən iddiaçının ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli, e144648/2023-15-5-004 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri 51 Saylı Notariat Ofisinin 8İ-5846 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən ********* saylı müqavilə üzrə 919,98 manat borc məbləği və 25 manat dövlət rüsumu borclu İddiaçı MMC-dən tutularaq tələbkar Cavabdeh2 MMC-yə ödənilməlidir. Sözügedən icra qeydi barədə icra şöbəsinin müvafiq məktubuna qədər iddiaçının, ümumiyyətlə, mübahisədən məlumatı olmamışdır. Yəni "xxxx" MMC icra qeydi aparılan tələbi ilə bağlı icra qeydi aparılana qədər iddiaçı ilə nə şifahi, nə də yazılı əlaqə saxlamışdır. Belə ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin məktubu iddiaçının ünvanına daxil olduqdan sonra "xxxx" MMC-nin bütün qaynar xəttləri, çağrı mərkəzləri ilə dəfələrlə əlaqə saxlanılmağa çalışılsa da, ya ümumiyyətlə, zənglərə cavab verilməmiş, ya da məsul şəxslər lazımi məlumatları verməkdən yayınmışdırlar. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin məktubunda müvafiq icra qeydinin surəti olmadığından Cavabdeh1 8İ-5846 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin surətini, əgər mövcuddursa, iddiaçının "xxxx" MMC-yə olan borcunu təsdiq edən müvafiq sənədləri, eyni zamanda digər sübutedici məlumatları iddiaçının ünvanına göndərilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC və ünvan 3 ünvanladığı məktuba da "xxxx" MMC tərəfindən heç bir cavab verilməmiş, sadəcə Bakı Şəhəri 51 saylı Notariat Ofisinin 2219 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə 8İ-5846 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin surəti təqdim etmişdir. Göründüyü kimi "xxxx" MMC ilə həm şifahi, həm də yazılı əlaqə saxlamağa çalışılsa da, cavabdeh nə məktublara, nə də zənglərə hər hansı cavab verməmiş, yəni iddiaçı ilə əlaqə saxlamaqdan hər vəchlə yayınmışdır. Maraqlıdır, əsaslı və haqlı tələbi olduğunu iddia edən cavabdeh niyə borclu ilə birbaşa əlaqə saxlamaqdan, tələbini sübut edən arqumentləri səsləndirməkdən, müvafiq məlumatları təqdim etməkdən yayınır. Beləliklə, "xxxx" MMC ilə əlaqə saxlamaq və yaranmış mübahisənin əsasını bu yolla öyrənmək mümkün olmadığından iddiaçı tərəfindən məhkəməyə müraciət etmək məqsədilə "xxxx" MMC-yə və Bakı şəhəri 51 saylı Notariat Ofisinə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Göndərilən pretenziya məktubları xx.xx.2023-cü il tarixdə cavabdehlərin ünvanına çatsa da, həmin məktublar da nəticəsiz qalmışdır. Həmçinin prosesin davamı olaraq "xxxx" MMC-yə və Bakı şəhəri 51 saylı Notariat Ofisinə İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya təklifi göndərilmişdir. Mediasiya təklifi cavabdehlərin ünvanına çatsa da, "xxxx" MMC yenə də iddiaçı ilə əlaqə saxlamamışdır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi ilə ilk danışıq məhz xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında baş tutmuşdur. Cavabdehin nümayəndəsi mediasiya prosesi zamanı xx.xx.2012-ci il tarixli, 3569-1 saylı abunə müqaviləsi təqdim etmiş, guya borcun həmin müqavilə üzrə yarandığını qeyd etmişdir. "xxxx" MMC-nin müraciəti əsasında Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən bütün imperativ tələblər kobud şəkildə pozularaq aparılmış icra qeydi tamamilə qanunsuzdur, heç bir hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən təqdim edilən müqavilə üzrə iddiaçı ilə "xxxx" MMC arasında yaranmış münasibətlər illər əvvəl dayandırılıb və həmin tarixdən etibarən sonuncu ilə hər hansı bir hüquqi və işgüzar münasibəti olmamışdır. Yəni cavabdehin əsassız tələbini guya sübut etmək üçün istinad etdiyi müqavilə üzrə münasibətlərin dayandırıldığı tarixdən bu günə qədər çox uzun illər (3 ildən çox) keçmişdir. Cavabdehin əsassız iddia tələbi müqavilədən irəli gəldiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddəti artıq keçmişdir. Odur ki, borcun mübahisəsiz olduğu təsdiq olunmadığından və iddia müddəti ötürüldüyündən Notariat Ofisi tərəfindən cavabdehin müraciəti qəbul olunmamalı, müvafiq icra qeydi aparılmamalı idi. Bakı şəhəri 51 saylı Notariat Ofisi borcun ödənilməsi barədə iddiaçıya heç bir bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməmiş və qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü nəzərə almadan, "xxxx" MMC-nin təqdim etdiyi bizə məlum olmayan hər hansı qeyri-mötəbər sənədlər üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Belə ki, "xxxx" MMC bu günə qədər heç bir vasitə ilə iddiaçı ilə əlaqə saxlamamışdır. Qeyd olunan icra qeydi barədə də iddiaçının ünvanına hər hansı bildiriş də daxil olmamışdır. Ümumiyyətlə, iddiaçının mübahisə barədə icra şöbəsinin məktubundan sonra məlumatı olmuşdur. Mediasiya prosesində cavabdeh tərəfindən təqdim olunan müqavilə əsasında aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, yuxarıda da qeyd olunduğu kimi həmin müqavilə üzrə münasibətlərə çox illər əvvəl son qoyulmuşdur və bu səbəbdən də borcun mövcudluğundan, ümumiyyətlə, söhbət belə gedə bilməz. Eyni zamanda, həm mediasiya prosesi zamanı cavabdehin nümayəndəsi, həm də mediasiya prosesindən sonra əlaqə saxladığı digər məsul şəxslər borcun nə vaxt, necə, hansı xidmət, hansı nömrələrdən istifadə əsasında yarandığını izah edə bilməmiş, iddia edilən borca dair heç bir sübut təqdim edilməmişdir və bu hal özü iddiaçının "xxxx" MMC-yə heç bir borcunun olmadığını açıq-aşkar sübut edir. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixdə verdiyi 144648/2023 və 144648/2023-İ.Ö saylı inkasso sərəncamları əsasında Cavabdeh1 8İ-5846 nömrəli, xx.xx.2023-cü il tarixli qanunsuz icra qeydinə görə 944,98 manat borc məbləği, tələb könüllü icra edilmədiyinə görə isə borc məbləğinin 7%-i həcmində, yəni 66,14 manat icra ödənişi xx.xx.2023-cü il tarixdə iddiaçının bank hesabından tutularaq Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdeh "xxxx" MMC-nin müraciəti əsasında aparılmış icra qeydi həm qanunvericiliyin müvafiq tələbləri pozularaq aparılmışdır, həm də cavabdehin barəsində icra qeydi aparılmış tələbini təsdiq edən heç bir əsaslı arqument və sübutu mövcud deyil. Odur ki, iddiaçıya qarşı aparılmış icra qeydi heç bir hüquqi nəticə yaratmadığından və irəli sürülmüş iddia tamamilə əsassız olduğundan icra qeydi ləğv olunmalı və iddiaçıdan tutulmuş pul vəsaitləri geri qaytarılmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. “Notariat haqqında” Qanun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə "İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”: 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün "Elektron notariat” informasiya sistemi vasitəsilə "Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. 162-ci bəndinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
11. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı (abunəçi) ilə Cavabdeh2 MMC arasında 18 yanvar 2012-ci il tarixli abunə müqaviləsi bağlanmış, Cavabdeh2 MMC nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təmin etməyi, abunəçi isə xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh2 MMC-nin ərizəsi əsasında iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış ********* nömrəli abunə müqaviləsi üzrə Cavabdeh2 MMC-nin xeyrinə borclu İddiaçındən 919,98 manat əsas borc və 25 manat dövlət rüsumunun tutulması barədə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixli 8İ-5846 nömrəli icra qeydi aparılmışdır. İcra qeydinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 144648/2023 və 144648/2023-İ.Ö saylı inkasso sərəncamları əsasında xx.xx.2023-cü il tarixdə iddiaçıdan 944,98 manat və icra ödənişi üçün 66,14 manat pul vəsaiti tutulmuşdur.
13. Qanunun tələbindən görünür ki, notarius tərəfindən icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçmədiyi halda aparıla bilər. Həmçinin tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
14. Məhkəmə qeyd edir ki, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib edilmiş bildirişin göndərilməsi, borclunun cavab məktubunun icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması tələbinin irəli sürülməsində məqsəd borcun mübahisəsiz olduğunun notarius tərəfindən müəyyən edilə bilməsidir.
15. Borcluya göndərilməli olan qeyd olunan bildirişin forması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in formasında əks olunmuşdur. Bildiriş formasından görünür ki, bildirişdə borcun yaranma əsası və borc barədə dəqiq məlumatlar göstərilməli və borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı qeyd olunmalıdır.
16. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təqdim olunan icra qeydi ilə bağlı iş materiallarında tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə borcluya göndərilən bildiriş borcluya çatmamış, “ünvana gedildi, ünvanda belə MMC yoxdur” qeydi ilə geri qaytarılmışdır.
17. Həmin bildirişdən görünür ki, borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə məlumat qeyd olunmamış, ümumi qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir.
18. Yuxarıda qeyd olunanlardan aydın olur ki, Cavabdeh2 MMC tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə borcluya göndərilən bildirişin forması ilə bağlı tələbə əməl etməyərək borc barəsində icra qeydi aparılacağı barədə iddiaçıya məlumat verməmiş və xx.xx.2023-cü il tarixdə notariusa müraciət etmişdir.
19. Eyni zamanda, Notariat icra qeydi haqqında ərizədən görünür ki, abunə müqaviləsinin nömrəsi “777171402” qeyd edilmişdir ki, bu nömrə telefon nömrəsi olmaqla borcun həmin nömrə üzrə yaranmasını göstərir. İş materiallarında olan iddiaçıya təqdim edilmiş telefon nömrələrinin siyahısından müəyyən olunur ki, həmin nömrə iddiaçıya təqdim olunmuş nömrələrin siyahısına daxil deyildir. Yəni icra qeydi ilə tələb olunan borc Cavabdeh2 MMC tərəfindən iddiaçıya təqdim olunmamış telefon nömrəsi üzrə yaranmış borcdur.
20. Bundan başqa, məhkəmə sorğusuna əsasən təqdim olunan 8-İ-5846 reyestr nömrəli icra qeydinə dair sənədlərdən borcun dəqiq yaranma tarixi və öhdəliyin icra tarixi dəqiq müəyyən olmadığı halda notarius tərəfindən icra qeydi aparılmaqla icra qeydinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılmalı olması ilə bağlı da qanunvericiliyin tələbləri pozulmuşdur.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələbləri pozulmaqla aparıldığına görə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 apardığı 8İ-5846 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilməlidir.
22. İddia tələbinin tutulmuş pulun qaytarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, 944,98 manat və icra ödənişi üçün 66,14 manat pul vəsaiti icra qeydinə əsasən tutulduğundan və yuxarıda göstərilənlərə əsasən icra qeydi qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən həmin məbləğlər Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya geri qaytarılmalıdır.
23. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 24.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 8İ-5846 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilsin. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 8İ-5846 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 144648/2023 və 144648/2023-İ.Ö saylı inkasso sərəncamları əsasında xx.xx.2023cü il tarixdə İddiaçındən tutulmuş 944,98 manat və icra ödənişi üçün tutulmuş 66,14 manat, cəmi 1011,12 manat pul vəsaiti İddiaçınə geri qaytarılsın. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh2ndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev