Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5894/2025 19.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X3” MMC-nin Cavabdeh ASC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsi üzrə Açar sözlər: əldən çıxmış fayda Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “X3” MMC-nin Cavabdeh ASC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ
1. Tərəflər arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "Nikoyl” İKB ASC (hazırda “Yelo Bank" ASC) tərəfindən "X3” MMC-yə illik 16%-lə 36 ay müddətinə 2.130.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq eyni tərəflər arasında xx.xx.2014-cü il tarixli girov (ipoteka) müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçının mülkiyyətindəki 3.965.875 manat qiymətləndirilmiş 72 ədəd müxtəlif nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli qətnaməsi ilə iddiaçı "Nikoyl” İKB ASC-nin cavabdehlər "X3” MMC, X2 və X1 qarşı "kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracda satılması” tələblərinə dair ilk iddiası qismən təmin edilərək, 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla, cəmi 1.993.308,20 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin göstərilən qiymətlərlə açıq hərracdan satılması, satışdan əldə edilmiş pulun iddiaçıya ödənilməli olan borc və məhkəmə xərcləri ödənildikdən sonra qalan vəsaitin iddiaçıya qaytarılması, iddiaçının "Nikoyl” İKB ASC-yə qarşı "ödənilmiş məbləğin əsas borcdan silinməsi və qalıq borcun ödənilməsini təxirə salınması” tələblərinə dair qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçının xx.xx.2014-cü il tarixli tarixli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə olan əsas borcundan 120.118,48 manat silinmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 13 sentyabr tarixli 2(103)-8423/2017 nömrəli qətnaməsi ilə iddiaçı "Nikoyl” İKB ASC və cavabdeh "X3” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Səbail rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək sözügedən icra sənədinin israsının dayandırlmasını xahiş etmiş və həmin icra sənədinin icrası hal-hazıradək təzələnməmişdir.
5. Bundan başqa, cavabdeh xx.xx.2022-ci il tarixində iddiaçıya qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıdan onun xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220.131 manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat pulun və 363,96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-220/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti xx.xx.2023-cü il qətnaməsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh ASC-nin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bundan sonra həmin mübahisəyə daha 2 dəfə apellyasiya icraatında, 1 dəfə isə kassasiya icraatı qaydasında baxılmışdır.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı ("xxxx" İKB ASC) Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədinin icrasına yaratdığı maneələrlə cavabdehin ona vurmuş olduğu 3 181 960 manat məbləğində zərərin (1 871 742 manat əsas məbləğ, 2018-ci ildən hesablanmaqla 655 109 manat 5% bank uçot dərəcəsi ilə və 655 109 manat 5% əldən çıxmış fayda) və ödənilmiş 2 381 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarasınız.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ("xxxx" İKB AS (tərəfindən Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2020-ci il tarixli PAİHTD-605 nömrəli məktub əsasında Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədinin icrası dayandırılmışdır. xx.xx.2020-ci il tarixli PAİHTD-605 nömrəli məktuba əsasən Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli icraatın dayandırılması barədə qərar qəbul olunmuşdur. Cavabdeh ASC-nin ("xxxx" İKB AS(B)akı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədinin icrasına qərəzli olaraq yaratdığı maneələr əsasında “X3” MMC-yə külli miqdarda zərər dəymiş, fəaliyyəti tamamilə dayanmışdır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədinin icrasına yaratdığı maneələrlə ona vurmuş olduğu 3 181 961 manat məbləğində zərərin (əsas məbləğ, hər il üçün 5% bank uçot dərəcəsi ilə və 5% əldən çıxmış fayda) 5 gün ərzində hesablarına köçürülməsini tələb etmiş, əks təqdirdə pretenziya məktubunda göstərilən müddət bitdikdən sonra məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İddiaçının rəsmilərinin bildirdiklərinə əsasən Lizinq şirkətinin təsisçisi Rusiya vətəndaşı olarkən Rusiya vətəndaşına məxsus olan cavabdeh Bank tərəfindən Lizinqə maliyyə vəsaitləri ayrılmış və daim dəstək olunmuşdur. Lakin təsisçi Rusiya vətəndaşı çıxdıqdan sonra cavabdeh Bankın təsisçisi olan Rusiya vətəndaşının qohumu Marina Kulişovanın tapşırığı əsasında Lizinq şirkətinə qarşı iddia qaldırılmış, Məhkəmə qətnaməsi çıxraıldıqdan sonra bütün əmlakların üzərinə həbs qoyularaq icra işi dayandırılmış və nəticədə Lizinq şirkəti Rusiya vətəndaşının tapşırığı əsasında iflasa məruz qalmışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
9. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək rədd edilməsini xahiş etdi.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
19. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
25. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslıdır.
26. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
27. İşin faktiki hallarından da görünür ki, tərəflər arasında əvvələr kredit müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı krediti vaxtında qaytarmadığından həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə cavabdeh məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun iddiaçıdan cavabdehin xeyrinə tutulması, habelə tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Bu halda tərəfər arasındakı münasibətlərə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu-təlbkar münasibətləri kimi qiymət ver verilməlidir.
28. İşin mübahisəsiz halıdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi qanunla müəyyən keçdikdən sonra icraya yönəldilməmiş, sonradan icraya yönəldildikdə isə cavabdehin müraciəti əsasında icra sənədi üzrə icraatın dayandırılması baş vermişdir. Lakin sözü gedən qətnamə üzrə icra hərəkətlərinin dayandırılması nəticəsində iddiaçıya zərərin vurulmasının nədən ibarət olması iddiaçı tərəfindən əsaslandırılmamış və zərərin dəyməsini təsdiq edəcək sübutlar iş materiallarına əlavə edilməmişdir.
29. Eyni zamanda, iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsinə əsasən də iddianın təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyil. MMin 445.7-ci maddəsi icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsini kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir. Kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında aşağıdakılar göstərilmişdir:"...MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında aşağıdakılar göstərilmişdir: "...bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
32. Şərh edilənlərdən də görünür ki, MM-in 445.7-ci maddəsinin mənasından da görünür ki, həmin müddəa borclunun kredior qarşısında sonuncuya öhdəliklərini pozmasının nəticəsi olaraq məsuliyyətinin əsaslarını müıyyən edir. Hazırda iddiaçı cavabdehə münasibətdə borclu, cavabdeh isə iddiaçıya münasibətdə kreditor statusundadır. Bu halda, iddiaçının cavabdehdən qeyd edilən qanuni əsasla dəymiş zərərə görə pul tələb etməsinin hüquqi əsasları mövcud deyil.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı