Məhkəmə qərarları › İş №e-2-2(113)-5910/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5910/2024

29.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5910/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş malların dəyərinə görə 213.293 manat, 38.393 manat ƏDV, 82.776,4 manat hesablanmış peniya və ödənilmiş dövlət rüsumu 624,86 manat məbləğində pulun, cəmi 335.087,26 manat məbləğin pulun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında olan 07 mart 2023-cü il tarixli müqaviləyə əsasən, “Satıcı” aralarında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim etməyi, “Alıcı” isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada “Satıcı”ya ödəməyi öz öhdəsinə ğötürmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 126 nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 463.293 manat dəyərində (ƏDV-siz) mal-materiallar verilmişdir. Cavabdeh MMC tərəfindən 50.000 (əlli min) manat və 200.000 (iki yüz min) manat ödəniş olunmuş, qalan 213.293 manat və 38393 manat ƏDV, cəmi 251686 manat bu günə kimi ödənilməmişdir. Eyni zamanda bildirir ki, sonuncu ödəmə xx.xx.2023-cü il tarixdə olmuşdur. Gecikdirilmiş günlərin sayı 329 gün olmaqla, hesablanmış peniya məbləği 82776,4 manat təşkil edir. Müqavilənin 9.1-ci maddəsinə əsasən hazırki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddətinin pozulmasında günahkar olan tərəf qarşı tərəfə öhdəliyi yerinə yetirmədiyi hər gün üçün– “alıcı” ödənilən məbləğin, “satıcı” isə vaxtında göndərmədiyi malın 0,1 %-i məbləğində peniya ödəməlidir.

Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

II. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 126 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, satıcı aralarında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli mallar təqdim edir, alıcı isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öhdəsinə götürür.

11. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür.

14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDB seriyalı 349464 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 45.000 (ƏDV-siz) manat, EBDB seriyalı 805265 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 49.500 (ƏDV-siz) manat, EBDB seriyalı 886425 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 15.000 (ƏDV-siz) manat, EBDC seriyalı 218698 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 25.500 (ƏDV-siz) manat, EBDD seriyalı 027033 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 32.100 (ƏDV-siz) manat, EBDD seriyalı 718943 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 22.500 (ƏDV-siz) manat, EBDİ seriyalı 236943 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 20.600 (ƏDV-siz) manat, EBDK seriyalı 173887 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 10.300 (ƏDV-siz) manat, EBDM seriyalı, 326678 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 242.793,12 (ƏDV-siz) manat olan elektron qaimələr göndərilmişdir.

15. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 463.293,12 manat təşkil edir.

16. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən məlum olur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən 20.000 manat və xx.xx.2023-cü il tarixdə 50.000 manat məbləğində ödəniş əsas borc üzrə, xx.xx.2024-cü il tarixdə 45.000 manat məbləğində ƏDV ödənişi edilmişdir.

17. Bu xüsusda Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələr üzrə müvafiq ödənişlər etməklə malların ona verildiyi halını qəbul etmişdir.

18. Bundan başqa da, Cavabdeh MMC məhkəməyə göndərdiyi ərizəsində şirkətin maliyə sıxıntıları səbəbindən "xxxx" MMC-nə olan borc öhdəliyini bu günədək yerinə yetirə bilmədiyini bildirmiş, yalnız iddianın “82776,4 manat hesablanmış peniya” tutulması hissəsində rədd edilməsini məhkəmədən xahiş etmişdir.

19. Bu hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəf müvafiq olaraq malların ona verildiyini və verilmiş olan mallara görə tələb edilən əsas və ƏDV borcunun qaldığını etiraf etmişdir.

20. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas və ƏDV borcunun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin olunmalı və əsas məbləğ üzrə 213.293 manat, ƏDV məbləği üzrə 39.993 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə 82.776,40 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 9.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən hazırki müqavilə üzrə öhdəliklərin yerinə yetilməsi müddətinin pozulmasında günahkar olan tərəf qarşı tərəfə öhdəliyi yerinə yetirmədiyi hər gün üçün alıcı ödənilən məbləğin, satıcı isə vaxtında göndərmədiyi malın dəyərinin 0,1 %-i məbləğində penya ödəməlidir.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Hazırkı işin hallarından görünür ki, cavabdehin 213.293 manat əsas borc məbləğinə münasibətdə 10.500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

25. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 624,86 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.

26. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 624,06 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.

27. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 552,19 manat təşkil edir.

28. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 213.293 (iki yüz on üç min iki yüz doxsan üç) manat, ƏDV borcu üzrə 38.393 (otuz səkkiz min üç yüz doxsan üç) manat, cərimə borcu üzrə 10.500 (on min beş yüz) manat olmaqla, cəmi 262.186 (iki yüz altmış iki min yüz səksən altı) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 552 (beş yüz əlli iki) manat, 19 (on doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar