Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5918/2023 04.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkətindən 678 Avro məbləğində sığorta ödənişinin və 70 manat mediasiya rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Sığorta Şirkəti arasında qabaqcadan Türkiyə Respublikasına 7 günlük (xx.xx.2023 00:00 – xx.xx.2023 23:59) ailəvi səyahət üçün səfər sıgortası müqaviləsi (şəhadətnamələri) bağlanmışdır. Həmin şəhadətnamələrdən biri xx.xx.2023-cü il tarixli STC099596 saylı səfər sığortası müqaviləsinə (şəhadətnaməsinə) əsasən iddiaçının oğlu Allahverdiyev İfxan 7 gün müddətinə qəfil xəstəlik və ya bədbəxt hadisə nəticəsində tibbi müalicə, tibbi daşınma və repatriasiya xərcləri üzrə 15000 ABŞ dolları məbləğində səyahət sığortası olunmuşdur. Şəhadətnaməyə əsasən Şengen ərazisi daxil olmaqla bütün Avropa ərazisi, MDB ölkələri, əlavə olaraq Türkiyə, İran, BƏƏ və s. ölkələr əhatə dairəsinə daxil olmuş, şərtsiz azadolma məbləği 60 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində - iddiaçı ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasının Antaliya şəhərində səyahətdə olarkən, xx.xx.2023-cü il tarixdə səhər saat 08:30 radələrində oğlu İfxan Allahverdiyevin qarın nahiyəsində kəskin ağrıları başlamış, sonra hərarəti qalxmış, mədə bulanması, qusması, nəhayət ürək getməsi baş vermişdir. Həmin vaxt iddiaçı və ailə üzvləri dərin təşviş içində olmuş və uşağın bu vəziyyətində nə edəcəklərini belə bilməmişlər. Nəhayət ailənin olduğu otelin resepşeninə məlumat verilmiş, həkim çağırılsada gəlmədiyindən İfxan xəstəxanaya aparılmışdır. “Anatolia” hospitalında İfxana tibbi yardım göstərilməsindən imtina edildiyindən, iddiaçı məcbur olaraq oğlunun müayinə və müalicə xərcləri üçün ümumilikdə 678,01 Avro ödəniş etmişdir. Lakin iddiaçı bütün bu gərgin proseslər zamanı həyacanlı olduğundan normal internet şəbəkəsi tapa bilməmiş və cavabdehə oğlu İfxanın səhhətində yaranmış bu gözlənilməz hadisə barədə üzürlü səbəbdən məlumat verə bilməmişdir. Cavabdeh isə özünün iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda əsassız olaraq Səfər Sığortası Qaydalarının 13.1-ci maddəsinin tələblərinə istinad etməklə hadisə baş verdiyi zaman iddiaçının (sığortalının) sığotra şəhadətnaməsində göstərilən telefonla Sığortaçının ixtisaslaşdırılmış servis mərkəzinə müraciət etməməsini əsas gətirməklə 678,01 Avro məbləğində sığorta ödənişinin verilməsindən imtina etmişdir. Sonda iddiaçı pozulmuş hüquqularının bərpası məqsədilə hazırki iddia ərizəsilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı). Onu da qeyd edək ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə də, son nəticədə cavabdeh tərəfindən ödəmənin qaytarılmasından imtina edilməsi öz pul vəsaitini mülkiyyətinə qaytarmağa çalışan və uzun müddət müvafiq ödənişi gözləyən iddiaçının hüquqlarını pozmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Eyni zamanda, «X1 LTD» şirkəti İrlandiyaya qarşı» işdə (A222(1991)) Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 887-ci maddəsinə görə şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 926.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Səfər sığortası qaydaları isə cavabdeh tərəfindən iddiaçıya təklif olunan standart şərtləri olmaqla, həmin Qaydaların 13.1-ci maddəsinə əsasən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina tərəflər arasında yaranmış sığorta hüquq münasibətlərinin təyinatına, sığorta öhdəliklərinin mahiyyətinə zidd olmaqla faktiki olaraq sığorta müqaviləsini əhəmiyyətsiz edir. Maddənin istinad olunan şəkildə şərhi, həmçinin bu təklif etmiş tərəf kimi sığortaçıya əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən isə müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (maddə 419). Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən müddəalar (maddə 420.1.2); təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar (maddə 420.1.3) etibarsız sayılır. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır (maddə 420.2). Şəhadətnamənin ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası Qaydalarına əsasən sığorta predmeti sığorta olunanların həyatı və sağlamlığıdır. Sığorta müddətində sığorta müqaviləsində göstərilmiş ölkə(lər) ərazisində olduğu zaman baş vermiş sığorta olunanın məruz qaldığı qəfil xəstəlik, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal sığorta təminatına daxildir. Sığorta olunan sığorta hadisəsinin baş verdiyi səfərdən qayıtdığı andan etibarən 30 təqvim günü ərzində sığorta xərci ilə əlaqədar özü xərc çəkibsə göstərilən ərizə və sənədləri təqdim etməlidir. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının azyaşlı oğlu İfxanın səyahət zamanı qəfil xəstələnməsi tərəflər arasında bağlanmış səfər sığortası müqaviləsinə (şəhadətnaməsinə) əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal olduğundan sığortaçı təşkilatın sığorta ödənişindən imtinası sığorta hüquq münasibətlərinin təyinatına, sığorta öhdəliklərinin mahiyyətinə zidd olmaqla, səfər sığortasının məqsədini əhəmiyyətsiz etmiş olur. Beləliklə də işin qeyd olunan halları və qanunvericilyin tələbləri onu deməyə əsas verir ki, mübahisələndirilən sığorta ödənişini cavabdehdən tələb etməkdə iddiaçının haqlı olduğu tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 887-ci maddəsinə əsasən Şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək qeyd edir ki, hazırki işə kommersiya mübahisəsi qismində baxıla bilməz, belə ki, hazırki mübahisənin predemeti sahibkarlıq münasibətlərindən irəli gəlmir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı özü və ailə üzvlərinin səyahəti zamanı baş verə biləcək hadisələri nəzərə alaraq ailənin hər bir üzvü üçün səfər sıgortası müqaviləsi (şəhadətnamələri) bağlamış və səfər zamanı iddiaçının övladının səhhətində problem yaranmış və qeyd olunanları nəzərə alaraq iddia ərizəsi ilə sığorta müqaviləsi bağlanılmış Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hal-hazırki mübahisənin predmeti iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmir və bu səbəbdən işə ümumi məhkəmədə baxılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin hüquqi ünvanı: AZ1095, ünvan 1arı nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsi ilə məhkəmə aidiyyatı üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin olduğu yerə, yəni Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5918/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5918/2023
04.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver