Məhkəmə qərarları › İş №e-2-2(113)-5920/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5920/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5920/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (mülki hüquq pozuntusu üzrə vurulmuş ziyanın ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.358 manat maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər və ödənilmiş 43,58 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 Minik” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdehin təqsiri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 2.358 manat tələb olunmuşdur. İddiaçı tərəfindən cavabdehə bu barədə şifahi məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avtoservisdə 2.358 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə pretenziya göndərilmiş, lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdehdən maddi ziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 24 noyabr 2023-cü il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Həmçinin cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 300 manat məbləğində vəkilə çəkilmiş xərc, iddiaçı tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu və məhkəməyə iddia ərizəsi verilərkən 43,58 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Bir tərəfdən “nəqliyyat vasitəsini İcarəyə verən” İddiaçı nümayəndəsi X2, digər tərəfdən “nəqliyyat vasitəsini İcarəyə götürən” Cavabdeh arasında 24 noyabr 2023-cü il tarixdə 24112023FL819 nömrəli icarə müqaviləsinin: 1-ci bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: Ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanması və təhlükəsizliyinin təmin etmək (1.1), hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində, digər səbəblərdən İcarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəmək (1.6), Yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəmək (1.7), Nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəmək (1.8). 1.9-cu bəndəinə əsasən, nəqliyyat vasitəsini İcarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsini İcarəyə verən şəxs heç bir məsuliyyət daşımır. 2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini İcarəyə götürən şəxs tərəfindən müqavilənin bütün bəndlərində nəzərdə tutulan əsaslara və qaydalara əməl olunmadıqda nəqliyyat vasitəsini İcarəyə verən şəxs birtərəfli qaydada nəqliyyat vasitəsini İcarəyə götürən şəxsdən alır və müqaviləyə xitam verir.

7. İddiaçı və Cavabdeh tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Ravon Nexia R3 SX minik markalı 77FL819 dövlət qeydiyyat nişanlı avtomobil texniki baxımdan saz vəziyyətdədir, heç bir qüsuru yoxdur və bütün ləvazimatları yerindədir. 8.xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Ravon Nexia R3 SX minik markalı 77FL819 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir.

9. 11 aprel 2022-ci il tarixli 2228 reyestr nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Ravon Nexia R3 SX minik markalı 77FL819 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququnu etibarnamə üzrə 1 il müddətinə etibar edilən şəxs Cavabdeh verilmişdir.

10. Avtoservisin nümayəndəsi Rövşən Abutalıbov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən “Ravon Nexia R3” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarı 2358 manat təşkil etmişdir.

11. 03 avqust 2024-cü il tarixli 63242866 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 43.58 manat rüsum ödənilmişdir.

12. 03 avqust 2024-cü il tarixli 13475 nömrəli qəbzdən görünür ki, hüquqi xidmət göstərilməsi ilə bağlı vəkilə 300 manat ödənilmişdir. 13.xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X1 və İddiaçı etibarnamədə göstərilmiş səlahiyyətlərin həyata keçirilməsini Nümayəndə etibar etmişlər, etibarnamə reyestrdə 7E-6008 nömrəsi ilə qeyd edilmiş, 17.25 manat haqq tutulmuşdur.

14. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər İddiaçı və Cavabdeh arasında mövcud olan mübahisə mülki hüquq pozuntusunun törədilməsi ilə əlaqədardır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra-MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də, qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

18. İşin hallarından məlum olur ki, tərəflər arasında bağlanan 24 noyabr 2023-cü il tarixli 24112023FL819 nömrəli icarə müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan Ravon Nexia R3 SX minik markalı 77FL819 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsinə verilmişdir, nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən təhvil alınmışdır. İddiaçı hazırda cavabdehin istifadəsində olarkən nəqliyyat vasitəsinə ziyan dəydiyini iddia edərək, xx.xx.2024-cü il tarixli zərər aktı əsasında 2358 manat pul məbləğinin ödənilməsi tələbi ilə çıxış edir.

19. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə işlərə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən təqsirli hüquqazidd əməlin törədilməsi, iddiaçıya maddi zərər vurulması, hüquqazidd əməllə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğu, eləcə də vurulmuş maddi zərərin məbləği müəyyən edilməlidir. Avtomobilə dəymiş ziyan iş materiallarında olan fotoşəkillər və zərər aktı ilə öz təsdiqini tapır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərindən çıxış etməklə, cavabdehin icarə müqaviləsi üzrə nəqliyyat vasitəsinə dəymiş zərər üçün mülki-hüquqi məsuliyyət daşımasını və vurulmuş zərərin ödənilməsi ilə bağlı öhdəliyinin mövcud olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən Ravon Nexia R3 SX minik markalı 77FL819 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2358 manat zərər məbləği tutularaq iddiaçıya ödənilməlidir. 20.Bundan əlavə İddiaçı tələbində 300 manat vəkil tərəfindən göstərilmiş hüquqi yardım xərci, etibarnamə alınması üçün 17.25 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 43.58 manat pul məbləğinin tutulmasını xahiş edir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 22.İddiaçı qeyd edilən ödənişlərin həyata keçirilməsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etdiyindən məhkəmə dövlət rüsumunun, hüquqi yarıma görə xərcin və etibarnamə alınması üçün ödənilmiş məbləğin tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir. V Nəticə:

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2358 manat maddi ziyan və 300 manat vəkil tərəfindən göstərilən hüquqi yardım xərci, 17.25 manat etibarnamə alınması üçün notariat qaydasında çəkilən xərclər və ödənilmiş 43.58 manat dövlət rüsumu olmaqla, cəmi 2718.83 (iki min yeddi yüz on səkkiz manat səksən üç qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 ( bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar