Məhkəmə qərarları › İş №e-2-2(113)-5930/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5930/2025

21.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5930/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi, avtomobilə dəymiş zərər Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsəyyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 13.08.24/DS783 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən (iddiaçı) ona məxsus olan “Chevrolet Nexia R3” minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) icarəyə götürənə (cavabdehə) icarəyə vermişdir.

2. Həmin müqavilənin: 2.1. 2.1-ci bəndinə görə nəqliyyat vasitəsini İcarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: 2.1.1. Ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması va təhlükəsizliyini təmin etməyə; 2.1.2. Nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə İcarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə; 2.1.3. Nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etməyə, avromobilin üzərinə reklam şitlərinin vurulması qəti qadağandır; 2.1.5. Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz elməyə; 2.1.6. Hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsinə və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsinə dəyən ziyanı İcarəyə verən şəxsə öz hesabına ödəməyə; 2.1.8. Hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə. 2.2. 2.2-ci bəndinə görə icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir; 2.3. 3.1-ci bəndinə görə müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini İcarəyə götürən şəxs 800 manat depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir; 2.4. 3.2 və 3.3-cü bəndlərinə görə İcarəyə götürən müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini İcarəyə verən şəxs öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 27 manat icarə haqqı verir. Hazırki müqavilə üzrə ödəniş nağd qaydada manatla aparılır; 2.5. 4.1-ci bəndinə görə nəqliyyat vasitəsini İcarəyə götürərən şəxs hər hansı bir sabəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvıl verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə eldiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Bu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. 2.6. 4.2-ci bəndinə görə Nəqliyуat vasitəsini İcarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği gerı qaytarılmır. Üç aydan sonra isə depozit məbləğinin 30 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur. Nəqliyyat vasitəsini İcarəyə verən şəxsə nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin borcu olduğu halda həmin kəsr hissəsi nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin depozit məbləğindən tutulur; 2.7. 4.3-cü bəndinə görə Nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş zərər depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini İcarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini İcarəyə verənə ödəməlidir. Əgər nəqliyyat vasitəsinə dəymiş zərar depozit məbləğindən azdırsa, bu zaman depozit məbləğinin tamamlanması məqsədi ilə dəymiş zərər məbləğində olan hissəni naqliyyat vasitəsini icarəyə verən şəxs nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən tələb edə bilər; 2.8. 4.8-ci bəndinə görə müqavilə üzrə öhdəlikləri nəqliyyat vasitəsini İcarəyə götürən tam yerinə yetirdikdən sonra, nəqliyyat vasutəsini İcarəyə verən şəxs öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 27 manat icarə haqqı verilməklə 39 ay müddət bitirdikdən sonra nəqliyyat vasitəsinin bağışlanması haqqında müqavilə bağlaya bilər. Nəqliyуat vasitəsinin bağışlanması və addan ada keçirilməsi xərcləri icarəyə götürən şəxs tərəfindən həyata keçirilir.

3. Tərəflər arasında xx.xx.2024-cü tarixdə imzalanmış nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair Təhvil-təslim aktına əsasən Avtomobil cavabdehə təhvil verilmiş, aktda Avtomobilin texniki baxımdan saz vəziyyətdə olması, heç bir qüsurunun olmaması və bütün ləvazimatlarının yerində olması qeyd edilmiş, akt hər iki tərəfdən imzalanmışdır. Eyni zamanda, cavabdehə Avtomobilin idarə edilməsi məqsədilə 1 il müddətinə - xx.xx.2025-ci il tarixədək etibarnamə verilmişdir.

4. Cavabdeh öz xətti ilə yazdığı və imzaladığı ərizə ilə təsdiq etmişdir ki, o, iddiaçıya avtomobil icarəsinə görə 800 manat məbləğində depozit ödəmişdir və avtomobili aldıqdan 3 ay sonra qaytardığı halda həmin depozit məbləğinin 560 manatının ona qaytarılmaması, qalıq 240 manat puldan avtomobilə dəymiş zərər çıxıldıqdan sonra qalıq məbləğin ona qaytarılmasına etiraz etmir.

5. xx.xx.2025-ci il tarixdə Avtomobil iddiaçıya geri qaytarılmış, bununla bağlı Akt tərtib edilmişdir. Aktda Avtomobilin zədələnmiş hissələri barədə qeydlər aparılmış və Akt iddiaçı tərəfdən imzalanmış, cavabdehin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.

6. İş materiallarına əlavə edilmiş “RS” Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərər, ehtiyyat hissələrin qiyməti 595 manat, təmir-bərpa xidmətlərinin qiyməti 1070 manat olmaqla, ümumilikdə 1665 manat təşkil edir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı 1665 manat maddi ziyanın, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərc, ödənilmiş 36,65 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Chevrolet Nexia R3 minik” markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Sürücü Cavabdeh qeyd edilən avtomobili 25 yanvar 2025-ci il tarixdə zədəli nasaz halda avtoservisə gətirmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə texniki baxış keçirilmişdir. Baxış keçirilən zaman zədə və nöqsanlar müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Aktda avtomobildə olan nöqsanlar sadalanmışdır. Lakin sürücü avtomobili idarəolunmaz və əzilmiş halda servisə gətirməyinə baxmayaraq, aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda bildiririk ki, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən xx.xx.2025-ci ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1665 manat tələb olunmuşdur. Qüsur aktına əsasən aşağıdakı ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir: Balka arxa, amortizator arxa sağ, flyans arxa, arxa top sağ, disk sağ, ön və arxa, salaska arxa bufer. Qüsur aktına əsasən aşağıdakı usta xidmətləri göstərilmişdir: Dəmirçi:arxa sağ və sol krılolar, ön sağ qapı,arxa sağ qapı işlənməsi. Rəngsaz: bufer arxa və ön, krılo sağ arxa və solarxa, sağ arxa qapı iççöl, sağ ön qapı iç-çöl. Plastmastçı/Armaturçu: ön buferin sökülməsi, təmiri və yenidən quraşdırılması Çilingər: xodovoy hissələrin carimüayinəsi və sıradan çıxmış detalların (balka,amortizator, flyans, top, disk...) dəyişdirilməsi. Ehtiyat hissələrinin cəmiməbləği 595 manat, usta xidməti 1070 (bir min yetmiş) manat təşkil etmişdir. Cavabdehə bu barədə məlumat verilsə də cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2025-ci il tarixdə avtomobilin təmirinə görə 1665 manat ödəmişdir. Bundan sonra avtomobil təmir olunmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi informasiya Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1 və 1096.1-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

11. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

22. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

23. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

28. Məhkəmə hesab edir ki, iddia qismən edilməlidir.

29. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

30. Mülki Məcəllənin 386.1-ci maddəsindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gələn əsaslarla yəni əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərini tapşırıqsız aparma, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

31. Məhkəmə qeyd edir ki, tərəflər bağladıqları xx.xx.2024-cü il tarixli 13.08.24/DS783 nömrəli icarə müqaviləsini icarə müqaviləsi adlandırsalar da, həmin müqavilənin məzmunu və mahiyyəti əslində onun icarə müqaviləsi deyil, lizinq müqaviləsi olduğunu deməyə əsas verir. Belə ki, lizinq müqaviləsi də kirayə müqaviləsinin bir növü olsa da (Mülki Məcəllənin 751-ci maddəsinə görə lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir), lizinq müqaviləsinin bəzi özünə məxsus əlamətləri vardır ki, bu əlamətlər onu əmlak kirayəsi (icarəsi) müqaviləsindən fərqləndirməyə imkan verir. Başlıca fərq isə ondan ibarətdir ki, əmlak kirayəsi (icarəsi) müqaviləsinin müddəti başa çatdıqda kirayəyə (icarəyə) götürülmüş əmlak mütləq mülkiyyətçisinə geri qaytarılmalı olduğu halda (Mülki Məcəllənin 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur), lizinq müqaviləsinin müddəti başa çatdıqda, əgər lizinq alan tərəfindən lizinq ödənişləri tam icra edilibsə, sonuncu tərəfindən lizinq obyektini əldə etmək hüququ vardır.

32. Tərəflər arasında bağlanmış müqavilənin 4.8-ci bəndində də müəyyən edilmişdir ki, müqavilə üzrə öhdəlikləri nəqliyyat vasitəsini İcarəyə götürən tam yerinə yetirdikdən sonra, yəni 7 günə görə günlük 27 manat icarə haqqı verilməklə 39 ay müddət bitirdikdən sonra İcarəyə verən nəqliyyat vasitəsinin bağışlanması haqqında müqavilə bağlaya bilər. Müqavilənin bu şərti isə ödənişlə bağlı öhdəliyini tam icra etdikdən sonra cavabdehin nəqliyyat vasitəsini əldə etmək imkanını nəzərdə tutur.

33. Beləliklə, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024cü il tarixli 13.08.24/DS783 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ona məxsus olan “Chevrolet Nexia R3” minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə lizinqə vermişdir. Tərəflər arasında xx.xx.2024-cü tarixdə imzalanmış nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair Təhvil-təslim aktına əsasən Avtomobil cavabdehə təhvil verilmiş, aktda Avtomobilin texniki baxımdan saz vəziyyətdə olması, heç bir qüsurunun olmaması və bütün ləvazimatlarının yerində olması qeyd edilmiş, akt hər iki tərəfdən imzalanmışdır. Bununla da, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü avtomobilin təhvil verilməsinə dair öhdəliyini icra etmişdir.

34. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin təhvil alınmasına dair xx.xx.2025-ciil tarixli aktdan görünür ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsi iddiaçıya təhvil verilən zaman onda bir sıra qüsurlar (sağ qapılar, buferlər, arxa sol kreslo hissədə əzik-batıq və ciddi nasazlıqlar) aşkar edilmiş, bununla da cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 2.1.1-ci bəndinə əsasən ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanması va təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliyini pozmuşdur. Sözügedən müqavilənin 2.1.6-cı bəndinə əsasən, icarəçi hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsinə və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsinə dəyən ziyanı İcarəyə verən şəxsə öz hesabına ödəməyə borcludur. Odur ki, iddiaçı avtomobilə dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

35. İş materiallarına əlavə edilmiş “RS” Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərər, ehtiyyat hissələrin qiyməti 595 manat, təmir-bərpa xidmətlərinin qiyməti 1070 manat olmaqla, ümumilikdə 1665 manat təşkil edir.

36. Lakin məhkəmə dəymiş zərərin məbləğinə münasibətdə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2 və 4.3-cü bəndlərinə görə Nəqliyуat vasitəsini İcarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. Üç aydan sonra isə depozit məbləğinin 30 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur. Nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş zərər depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini İcarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini İcarəyə verənə ödəməlidir. Həmçinin cavabdeh öz xətti ilə yazdığı və imzaladığı ərizə ilə təsdiq etmişdir ki, o, iddiaçıya avtomobil icarəsinə görə 800 manat məbləğində depozit ödəmişdir və avtomobili aldıqdan 3 ay sonra qaytardığı halda həmin depozit məbləğinin 560 manatının ona qaytarılmaması, qalıq 240 manat puldan avtomobilə dəymiş zərər çıxıldıqdan sonra qalıq məbləğin ona qaytarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də depozit məbləğinin hazırda iddiaçıda saxlanıldığını etiraf edərək qeyd edilən faktı təsdiq etmişdir.

37. Odur ki məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləğindən depozit məbləğinin 30% hissəsi (800 x 30% = 240) çıxıldıqdan sonra qalan 1425 manat (1665 manat – 240 manat= 1425 manat) məbləğində pul iddiaçıya dəymiş zərərin əvəzi olaraq cavabdehdən tutulmalıdır.

38. Məhkəmə iddiaçının etibarnamə alınması üçün çəkdiyi xərcə münasibətdə hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı etibarnamə verilməsi üçün 17,25 manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, məhkəmə qeyd edir ki, əvvəla notariat xərcinin həqiqətən də onun tərəfindən ödənilməsini təsdiq edəcək hər hansı sübutu iddiaçı məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, fərz edilsə ki, notariat xərci iddiaçı tərəfindən ödənilib, bu halda həmin xərcin tərəflər arasında hansı qaydada bölüşdürülməsi, yaxud lizinq obyekti vaxtından əvvəl qaytarıldığı halda onun lizinq götürəndən geri tələb edilməsi ilə bağlı tərəflər arasında bağlanmış müqavilədə hər hansı şərt nəzərdə tutulmamışdır. Hazırkı vəziyyətdə görünən odur ki, notariat xərci iddiaçının öz istəyi ilə onun tərəfindən ödənilib və sonradan geri qayarılması üçün isə hər hansı əsas mövcud deyil.

39. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş 36,65 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1425 manat maddi zərər və ödənilmiş 36,65 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar