Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5931/2025 01.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 369126-CNS- 45035 saylı kredit müqaviləsinin predmetinə əsasən bank (iddiaçı) kredit alana (cavabdehə) bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə (dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması)) istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən, əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kreditləşdirmə şərtləri və qaydalarına əsasən cavabdehə verilən kreditin məbləği 7000 manat, müddəti xx.xx.2026-cı il tarixədək, illik faiz dərəcəsi 21% müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, kredit borcu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək aylıq ödənilməli məbləğ 263,93 manat (sonuncu ay üzrə 256,45 manat olmaqla) məbləğində müəyyən edilmişdir.
2. Tərəflər arasında xx.xx.2025-ci il tarixdə Kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Əlavə Razılaşma imzalanmış, həmin Əlavə ilə kredit alana verilən kreditin məbləği restrukturizasiya edilərək 4362,70 manat məbləğində hesablanmış, müddəti xx.xx.2028-ci il tarixinədək uzadılmış, illik faiz dərəcəsi 21% müəyyən edilmişdir. Həmin Razılaşmanın 9.2-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və/və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş hər tam və ya natamam 10 manat üçün 0,20 manat məbləğində cərimə hesablanır və borc alan tərəfindən ödənilir. xx.xx.2025-ci il tarixli ödəniş cədvəli ilə kredit borcu üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2028-ci il tarixədək aylıq ödənilməli məbləğ 158,13 manat (sonuncu ay üzrə 161,54 manat olmaqla) müəyyən edilmişdir.
3. İş materiallarına əlavə edilmiş ********* saylı, xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən 6860 manat məbləğində kredit cavabdehin bank hesabına köçürülmüşdür.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı onunla cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 369126-CNS- 45035/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməli olan 4274,56 manat əsas, 212,70 manat faiz borcu olmaqla, ümumilikdə 4487,26 (dörd min dörd yüz səksən yeddi manat iyirmi altı qəpik) manat məbləğində pul və ödənilmiş 64,87 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli 369126-CNS-45035 saylı, “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 21 faiz hesablanması şərti ilə xx.xx.2026-ci il tarixədək, 36 ay müddətinə, 7000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixli xx.xx.2023-cü il tarixli 369126-CNS-45035 saylı müqaviləyə 01 saylı Əlavə razılaşmaya əsasən xx.xx.2025-ci il tarixə borc kapitallaşaraq 21 % hesablanması şərti ilə xx.xx.2028-ci ilədək 4362,70 manat müəyyənləşdirilmişdir. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticəsində Banka ümumilikdə 4487,26 manat məbləğində borcu qalmışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
13. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
19. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 369126-CNS-45035 saylı kredit müqaviləsi və kredit borcunun restrukturizasiya edilməsinə dair 369126-CNS-45035/1 saylı, xx.xx.2025-ci il tarixli Kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Əlavə Razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 7000 manat məbləğində kredit verməklə, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc və faiz borcunun ödənilməsini cavabdehdən tələb edir.
21. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli, 369126-CNS-45035/1 saylı müqavilə üzrə borc alanın xx.xx.2025-ci il tarixə 4274,56 manat əsas, 212,70 manat faiz borcu olmaqla, cəmi 4487,26 manat borcu mövcuddur.
22. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqal bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
23. Məhkəmə həmçinin iddianın 64,87 manat məbləğində dövlət rüsumunun cavabdehdən müştərək qaydada alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli 369126-CNS-45035/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025ci il tarixə ödənilməli olan 4274,56 manat əsas, 212,70 manat faiz borcu olmaqla, ümumilikdə 4487,26 (dörd min dörd yüz səksən yeddi manat iyirmi altı qəpik) manat məbləğində pul və ödənilmiş 64,87 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı