Məhkəmə qərarları › İş №e-2-2(113)-5935/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5935/2025

03.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5935/2025 03.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərərin ödənilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh13990 (on üç min doqquz yüz doxsan) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 2000 (iki min) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 72 (yetmiş iki) manat və mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin direktoru Cavabdeh fəaliyyət göstərdiyi dövrdə, qanunsuz və əsassız olaraq ASC ilə arasında imzalanmış xx.xx.2021-ci il tarixli, №28A/2022 nömrəli əmək müqaviləsi üzrə direktorun (özünün) əmək haqqını Ümumi Yığıncağın müvafiq qərarları olmadan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavə ilə 960 manatdan 970 manata, əmək müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə ilə 970 manatdan 1320 manata, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə ilə 1320 manatdan 1700 manata dəyişdirilmişdir. Qeyd edilən əmək haqqı artımlarının ümumi məbləği 7010 manat təşkil edir. Bununla yanaşı Cavabdeh tərəfindən cəmiyyətdə direktor müavini olmuş X4 ƏMAS sistemində bir sıra səlahiyyətlər verilmişdir ki, bu səlahiyyətlərin ona verilməsini təsdiq edən hər hansı qərar və ya əmr aşkar edilməmişdir. Halbuki, direktor müvafininə əlavə səlahiyyətlərin verilməsi barədə ya ümumi yığıncağın birbaşa öz qərarı olmalı, yaxud da bu səlahiyyətlərin direktor müavininə ötürülməsi səlahiyyətinin direktora verilməsi barədə ümumi yığıncağın müvafiq qərarı olmalıdır. Nəticədə cəmiyyətdə direktor müavini olmuş X5 direktorun əmri olmadan özünə əmək haqqı artımı etmiş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə ilə 1500 manatdan 1550 manata dəyişdirilmiş, bununla da X4 ümumilikdə 400 manat əlavə əmək haqqı ödənilmişdir. Eyni zamanda X4 1550 manat əsassız müavinət ödənişi edilmişdir. Qeyd edək ki, Cavabdeh fəaliyyət göstərdiyi dövrdə İddiaçı ASC-nin baş mühasibi olmuş X1 işə qəbulu barədə, xx.xx.2022-ci il tarixində əmək haqqının artırılaraq 1040 manat olması barədə, xx.xx.2023-cü il tarixində əmək haqqının artırılaraq 1470 manat olması barədə və xx.xx.2023-cü il tarixində əmək haqqının artırılaraq 1500 manat olması barədə əmrlər mövcud olmadan ümumilikdə 3530 manat əlavə əmək haqqı ödənilmişdir. Həmçinin əsassız olaraq 1500 manat əsassız müavinət ödənişi edilmişdir. Göründüyü kimi Cavabdeh direktor kimi fəaliyyət göstərdiyi dövrdə əsassız olaraq həm özü üçün, həm də direktor müavini kimi fəaliyyət göstərən X5 və baş mühasib kimi fəaliyyət göstərən X2 üçün əlavə əmək haqqı hesablayaraq ödəmiş, nəticədə İddiaçı ASCyə ümumilikdə 13990 (on üç min doqquz yüz doxsan) manat ziyan dəymişdir.

İİ. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

II. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İşə götürən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 960 manat olmaqla Cavabdeh direktor vəzifəsinə işə götürülmüşdür.

8. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə Əlavəyə əsasən Cavabdeh aylıq əmək haqqı 970 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə Əlavəyə əsasən Cavabdeh aylıq əmək haqqı 1320 manat müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə Əlavəyə əsasən Cavabdeh aylıq əmək haqqı 1700 manat müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə Əlavəyə əsasən X3 aylıq əmək haqqı 1550 manat müəyyən edilmişdir.

9. İşə götürən İddiaçı ASC-nin direktoru Cavabdeh ilə X5 arasında bağlanmış 29 №li Əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 820 manat olmaqla X5 direktor müavini vəzifəsinə işə götürülmüşdür.

10. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə Əlavəyə əsasən X3 aylıq əmək haqqı 830 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə Əlavəyə əsasən X3 aylıq əmək haqqı 1060 manat müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə Əlavəyə əsasən X3 aylıq əmək haqqı 1500 manat müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə Əlavəyə əsasən X3 aylıq əmək haqqı 1550 manat müəyyən edilmişdir.

11. İşə götürən İddiaçı ASC-nin direktoru Cavabdeh ilə X2 arasında bağlanmış 35/2022 №-li Əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 810 manat olmaqla X2 baş mühasib vəzifəsinə işə götürülmüşdür.

12. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə 1 №-li Əlavəyə əsasən X1 aylıq əmək haqqı 1040 manat müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə 2 №-li Əlavəyə əsasən X1 aylıq əmək haqqı 1470 manat müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə 3 №-li Əlavəyə əsasən X1 aylıq əmək haqqı 1500 manat müəyyən edilmişdir.

13. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

16. 49.3-cü maddəsinə əsasən Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

17. 49.4-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:

18. 49.4.1-ci maddəsinə əsasən hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;

19. 49.4.2-ci maddəsinə əsasən hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;

20. 49.4.3-cü maddəsinə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;

21. 49.4.4-cü maddəsinə əsasən hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;

22. 49.4.5-cü maddəsinə əsasən özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;

23. 49.4.6-cı maddəsinə əsasən səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.

24. 49.5-ci maddəsinə əsasən hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

25. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

28. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh direktor olduğu dövrdə özünün və baş mühasib kimi X1, direktor müavini X3 aylıq əmək haqları əlavələrə əsasən artırılmışdır. İddiaçı bildirir ki, əmək haqqlarına o cür artımların edilməsi əsassız olmuşdur, lakin məhkəmə araşdırılması zamanı bunu əsaslandıra bilməmişdir. Digər tərəfdən əmək haqqı artımların məbləğinə baxıldıqda kəskin artımların edilməsi müşahidə edilmir (artımlar 10 manat, 300-400 manat arası dəyişmişdir). Ən əsası isə məhkəmə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 49.4.1-ci maddəsinə əsasən (hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi) həmin dövrdə şirkətin zərərlə işləməsini sübuta yetirə bilməmişdir.

29. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs adından çıxış edən şəxsin (hazırda MMC-nin əvvəlki direktorun olan cavabdehin) mülki məsuliyyətə cəlb edilməsi üçün Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan əsaslardan hər-hansı biri müəyyən edilmədiyi və iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün iddia təmin edilə bilməz.

30. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

36. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş bütün məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

IV.Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar