Məhkəmə qərarları › İş №e-2-2(113)-5945/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5945/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5945/2024 25.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit, zaminlik və ipoteka müqaviləsi, maliyyə arayışı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 17495.18 manat məbləğində kredit bоrcu, 2332.94 manat məbləğində faiz bоrcu və 458.37 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 20286.49 manat məbləğində bоrcun və iddiaçı tərəfindən ödənilmiş 150.86 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 20286.49 manat məbləğində borcun, iddiaçı tərəfindən ödənilmiş 150.86 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının "xxxx" QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 030L**********52 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 004R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 004R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 12504.82 manat ödəniş etmiş və оnun iddiaçıya 17495.18 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən iddiaçı bildirir ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün onun xx.xx.2024-cü il tarixə 163 gün üçün hesablanmış faiz borcu 2332.94 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 163 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 458.37 manat təşkiledir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh1 və borclu Cavabdeh3 ilə Bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 004M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilib) əsasında Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.

3. 22 avqust 2024-cü il tarixdə iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 17495.18 manat məbləğində kredit bоrcu, 2332.94 manat məbləğində faiz bоrcu və 458.37 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 20286.49 manat məbləğində bоrcun və iddiaçı tərəfindən ödənilmiş 150.86 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 20286.49 manat məbləğində borcun, iddiaçı tərəfindən ödənilmiş 150.86 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin mövqeləri:

4. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir, xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh3 məhkəmə iclasında iştirak etmiş, digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahatında bildirdi ki, daim ödənişləri vaxtında edən ödəyicidir, sadəcə son dövrlər məşğul olduğu əkin işində ziyanla üzləşdiyi üçün maddi vəziyyəti ağırlaşmış, buna görə borcu ödəyə bilməmişdir. Əsas borcu qəbul edir, faiz borcunun hesablanma qaydası ilə razıdır, lakin hesab edir ki, faiz borcu çoxdur. İpoteka predmeti olan torpaq sahəsinin dəyərinin 6300 manat müəyyən olunmasına etirazı yoxdur.

II. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı QSC ilə Cavabdeh3 arasında 20 aprel 2018-ci il tarixli 030L**********52 nömrəli Uzunmüddətli kredit müqaviləsi əsasında bağlanılmış 07 aprel 2022-ci il tarixli, 004R********** saylı kredit razılaşmasının: 1.1-ci bəndinə əsasən Bank məbləği 30000.00 (otuz min) manat olan krediti aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 24 ay müddətinə Kredit Alana verir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 4.2.2-ci bəndinə əsasən, Kredit Alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödəməyə borcludur.

9. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanılmış 07 aprel 2022-ci il tarixli 004S**********02 saylı zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən Borclunun Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1-ci bəndinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğdən hər hansı birini ödəyə bilmədikdə Zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Uzunmüddətli Kredit Müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir.

10. İddiaçı QSC tərəfindən kreditin verilməsinə dair 07 aprel 2022-ci il tarixli çıxarışa əsasən, verilmiş kreditin məbləği 30000.00 manat təşkil edir.

11. İpoteka saxlayan İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanılmış 7 aprel 2022-ci il tarixli 004M**********01 saylı ipoteka müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İpoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsini Uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri – ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 6300.00 manat təşkil edir. 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: -əsas borc, -faizlər, -dəbbə pulu, -vurulmuş zərərin əvəzinin ödənilməsi, -ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, -ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi. 9.1-ci bəndinə əsasən ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verən şərtlər: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi. 9.4-cü bəndinə əsasən ipoteka predmetinin satış üsulu hərracdır. 12.1-ci bəndinə əsasən bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli RX seriyalı Dövlət reyestrindən arayışa əsasən, torpaq sahəsi tam pay hüququ ilə Cavabdeh1 mülkiyyətindədir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi 11 aprel 2022-ci il tarixdə İddiaçı QSC-nin xeyrinə xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir.

14. İddiaçı QSC tərəfindən Cavabdeh1 15 aprel 2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ünvanlanmışdır.

15. İddiaçı QSC tərəfindən 24 aprel 2024-cü il tarixdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə ərizə ünvanlanaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə elektron xidmətlər portalı vasitəsilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 16.Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından müraciətlərin qəbulu və dövlət rüsumunun ödənilməsinə dair təsdiqetmə bildirişlərinə əsasən, ödənişin məbləği 15 manat və 36 manat təşkil etmişdir.

17. İddiaçı QSC tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə borcu əsas məbləğ üzrə 17495.18 manat, faiz üzrə 2332.94 manat, cərimə üzrə 458.37 manat olmaqla cəmi borcu 20286.49 manat təşkil edir. 18.********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən 150.86 manat dövlət rüsumu ödənilmişdir.

19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsi və zaminlik müqavilələrindən irəli gəlmişdir. İddia kontragentin Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2.-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

21. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 07 aprel 2022-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə Cavabdeh3 aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kredit razılaşmasının təminatı olaraq bankla digər Cavabdeh2 arasında 07 aprel 2022-ci il tarixli 004S**********02 saylı Zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Əlavə olaraq kredit müqaviləsinin digər təminatı qismində Bankla Cavabdeh1 arasında 7 aprel 2022-ci il tarixli 004M**********01 saylı ipoteka müqaviləsi bağlanmış, sözügedən müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

22. 09 sentyabr 2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 əsas borcu qəbul etmiş və faiz borcunun hesablanmasına, habelə ipoteka predmenti olan torpaq sahəsinin likvid dəyərinin 6300 manat müəyyən olunmasına etirazı olmadığını bildirmişdir.

23. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlər tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehlərdən tələb etmək hüququna malik olmasını, həmçinin Cavabdeh3 Məmməd oğlunun əsas borca və faiz borcunun hesablanma qaydasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc və faizin borcun tutulması hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Məmmədağa oğlundan müştərək qaydada 17495.18 manat əsas, 2332.94 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

24. İddiaçı tələbində həmçinin öhdəliyin vaxtında icra edilməməsi səbəbindən 458.37 manat məbləğində cərimə borcunun ödənilməsini də tələb edir.

25. Məhkəmə bununla bağlı bildirir ki, məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).

26. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını hesab edir ki, iddia tələbi bu hissədə də təmin olunaraq cavabdehdən İddiaçının xeyrinə 458.37 manat məbləğində dəbbə pulu tutulmalıdır.

27. İddiaçı tələbində həmçinin tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinə yönəldilməsini xahiş edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 47.5-ci maddəsinə əssən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

31. Qeyd edilənləri normaların tələblərini və cavabdehin əmlakın satış qiymətinin 6300 manat müəyyən edilməsinə etirazı olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, tutma ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 6300 (likvid qiyməti) manat müəyyən edilməklə, açıq hərracdan satılmalıdır.

32. İddiaçı eyni zamanda iddia ərizəsində ödənilmiş 150.86 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının da cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir və həmin ödənişlərlə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. İddiaçı qeyd edilən ödənişlərin həyata keçirilməsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etdiyindən məhkəmə bu hissədə də tələbi əsaslı hesab edir.

Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 17495.18 kredit borcu, 2332.94 manat faiz borcu, 458.37 manat cərimə olmaqla ümumilikdə 20286.49 (iyirmi min iki yüz səksən altı manat qırx doqquz qəpik) manat borc, 150.86 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqı tutulsun. Tələb Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyalı torpaq sahəsinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 6300 manat müəyyən edilməklə açıq hərracdan satılsın. Həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən ümumilikdə 20286.49 məbləğində borc, 150.86 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar