Məhkəmə qərarları › İş №e-2-2(113)-5953/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5953/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5953/2024 18.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Bank "xxxx" ASC (borcverən) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2023-cü il tarixli, MK-00703-16/23A saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcluya biznes məqsədi ilə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 20.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Faktiki illik faiz dərəcəsi (FİFD): 18.73 faiz. Kredit borc alana 41040-944-151944-0000-16 saylı cari hesaba köçürülmə vasitəsi ilə veriləcək. Borcun qaytarılması da həmin hesab vasitəsi ilə həyata keçiriləcək. Müqavilənin: 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin borcalan tərəfindən borcverənə qaytarılması qaydası bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı əlavədə (ödəniş cədvəlində) müəyyən olunur. Müqavilə üzrə kredit kredit xətti kimi verilərsə kredit məbləği kreditin istifadə müddəti ərzində istənilən vaxt qaytarıla bilər, kredit üzrə faizlər isə hər növbəti ayın kreditin götürüldüyü günündən gec olmayaraq ödənilməlidir. 2.3-cü bəndinə əsasən borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin və komissiyaların, ikinci növbədə mövcud dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə ödəniş tarixinə olan vəziyyət üzrə kredit faizlərinin, dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir 3.1.1-ci bəndinə əsasən borcalan krediti və/və ya onun faizlərinin ödənilməsi dövriliyini il ərzində ardıcıl iki dəfə yaxud il ərzində ümumilikdə üç dəfə və ya daha artıq pozduqda borcverən bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə, krediti qaytarılan günə hesablanmış faizlə birlikdə qaytarılmasını borcalandan tələb edə, tələb icra olunmadıqda tələbi təminata (girov, ipoteka və s.) yönəldə bilər. 5.3-cü bəndinə əsasən bu müqavilənin 3.1.1. bəndinin C yarımbəndində nəzərdə tutulmuş hallarda və/ və ya borcalan tərəfindən kreditin təyinatı üzrə istifadə edilməməsi aşkar olunduqda borcverən yaranmış borcun dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı istifadə edilmiş kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. 6.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

2. xx.xx.2023-cü il tarixli, MK-00703-16/23A saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən kredit alan tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək (son ödəniş tarixi xx.xx.2026-cı il) əsas məbləğ 20.000 manat, faizin məbləği 6035,83 manat, cəmi ödəniləcək məbləğ 26035,83 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bankın və kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

3. Cavabdeh1 məxsus xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə bank hesabdan çıxarışdan müəyyən edilir ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2023-cü ildə həmin hesaba 20.000 manat pul vəsaiti köçürülmüşdür.

4. Maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, MK-00703-16/23A saylı kredit müqaviləsi üzrə banka əsas borcu 15.462,01 manat, faiz borcu 695,79 manat, dəbbə pulu 670,32 manat, cəmi borcu 16.828,12 manat təşkil edir.

5. Bank "xxxx" ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında 03 fevral 2023-cü il tarixli MKZ-00703-16/23A saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bu müqaviləyə əsasən zamin müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəliyin: -"3" fevral 2023-cü il tarixli mk-00703-16/23a saylı kredit müqaviləsi -maksimal əsas məbləği: 20000 manat -maksimal faiz dərəcəsi: 18 faiz -müddəti: 36 ay -əsas müqavilə üzrə borclu: Cavabdeh1 1.3-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək əsas borc üzrə qalıq məbləğinin 0.1 %-i həcmində gündəlik cərimə hesablanır. 1.4-cü bəndinə əsasən bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini əsas kredit müqaviləsi (kredit limiti, kredit xətti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən əsas kredit müqaviləsi çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir. 2.1-ci bəndinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən bank borcalan tərəfindən kredit müqaviləsini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm borclu, həm də zaminə qarşı əsas öhdəlik üzrə öz tələblərini irəli sürə bilər. 3.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və mövcud müqavilə ilə təmin olunmuş öhdəliklər tam icra olunana qədər qüvvədədir. Müqavilə bankın və zaminin imzası, bankın möhürü ilə təsdiq edilmişdir.

6. Bank "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli pretenziya ünvanlanaraq cəmi 16.828,12 manat məbləğində borcun ən qısa müddətdə ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı Bank "xxxx" ASC cavabdehlər X2 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 03 fevral 2023-cü il tarixli MK-00703-16/23A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixə ödənilməmiş 15462.01 manat əsas borc, 695.79 manat faiz borcu, 670.32 manat dəbbə borcu olmaqla, ümumilikdə 16828.12 manat borcun, iddianın qaldırılması üçün ödənilmiş 141 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq Bank "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin ilə cavabdeh X4 arasında bağlanmış 3 fevral 2023-cü il tarixli MK-00703-16/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya biznes məqsədi ilə 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 20000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 3 fevral 2023-cü il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə MKZ-00703- 16/23A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh X1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan kredit müqaviləsinin 7.7-ci, zaminlik müqaviləsinin 4.3-cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 15462,01 manat əsas borc, 695,79 manat faiz borcu və 670,32 manat dəbbə pulu borcu vardır. Beləliklə cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi borcu 16828,12 manat təşkil edir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1-ci maddələrinə istinad etmişdir. 10.Sonradan iddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsində cavabdeh “X4”nun “Cavabdeh1” kimi oxunmasını xahiş etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

12. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

13. Cavabdeh2 izahatında bankın ona faizin hesablanmasının dayandırılmasını vəd etdiyini, lakin ümumilikdə əsas və faiz borcu ilə razı olduğunu bildirdi, dəbbə pulu hissəsində isə iddiaya etiraz etdi.

14. İş üzrə digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

19. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Bank "xxxx" ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK-00703-16/23A saylı kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Bank "xxxx" ASC həmin müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra edərək 20.000 manat məbləğində kredit versə də, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka həmin kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

22. Belə olan halda məhkəmə Cavabdeh1 xx.xx.2023-cü il tarixli, MK-00703-16/23A saylı kredit kredit müqaviləsi üzrə iddiaçı Bank "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı Bank "xxxx" ASC Cavabdeh1 xx.xx.2023-cü il tarixli, MK- 00703-16/23A saylı kredit müqaviləsi üzrə 15462,01 manat məbləğində əsas, 695,79 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

23. Bununla yanaşı iddiaçı Bank "xxxx" ASC kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 670,32 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

24. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini də tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki,bank tərəfindən tələb edilən dəbbə pulu məbləği tənasübsüz şəkildə yüksək deyildir. Odur ki, onun Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə tərəfindən azaldılması üçün əsas yoxdur.

25. İş materiallarından həmçinin görünür ki, Bank "xxxx" ASC (bank) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK-00703-16/23A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi Bank "xxxx" ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında 03 fevral 2023-cü il tarixli MKZ-00703-16/23A saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 mübahisəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

26. Məhkəmə zamin Cavabdeh2 mübahisəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, Bank "xxxx" ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.

27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 141 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

28. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 140,49 manat təşkil edir.

29. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 manat məbləğində pul vəsaiti və digər məhkəmə xərclərinin əvəzi olaraq 0,40 manat pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, MK- 00703-16/23A kredit müqaviləsi üzrə 15.462,01 manat məbləğində krеdit bоrcu, 695,79 manat məbləğində faiz bоrcu və 670,32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16.828,12 manat məbləğində bоrc, dövlət rüsumunun əvəzi olaraq 141 manat məbləğində pul vəsaiti və digər məhkəmə xərclərinin əvəzi olaraq 0,40 manat pul vəsaiti tutularaq “Bank "xxxx" ASC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar