Məhkəmə qərarları › İş №e-2-2(113)-596/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-596/2021

15.07.2021 · Sair işlər - Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-596/2021 15.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil2, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “MMC-nin fəaliyyəti barədə məlumatın verilməsi və mənfəətin təsisçi payına uyğun olaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “MMC-nin fəaliyyəti barədə məlumatın verilməsi və mənfəətin təsisçi payına uyğun olaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən binadan satılmış mənzillər barədə İddiaçı məlumat (mənzillərin sayı, qiyməti, məbləği, sahəsi) verilməsi və Cavabdeh MMC-nin illik fəaliyyətinin yekunları barədə İddiaçı hesabat verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə, göstərilmiş binadan satılmış mənzillərə görə alınmış pul vəsaitlərindən əldə edilmiş mənfəətin təsisçi payına uyğun olaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən binadan satılmış mənzillər barədə İddiaçı məlumat (mənzillərin sayı, qiyməti, məbləği, sahəsi) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və Cavabdeh MMC-nin 2019 və 2020-ci illərdə qazanılmış mənfəətindən İddiaçı ******* manat dividend ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə iş üzrə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh iştirakçısı kimi şirkətin paylarının 20% hissəsinə malikdir. Lakin Cavabdeh MMC tərəfindən İddiaçı Cavabdehn iştirakçısı kimi hüquqları pozulur. Belə ki, 2019-cu ildən başlayaraq, İddiaçı Cavabdeh MMC-nin idarə olunmasında iştirak edə bilmir, cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilmir və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilmir, mənfəət bölgüsündə iştirak edə bilmir. Həmçinin, Cavabdeh MMC-nin nizamnaməsinə əsasən direktor təsisçilərin qərarı əsasında təyin edilməlidir. Lakin hazırki direktor X2 Cavabdeh MMC-nin direktoru təyin olunması üçün təsisçilərin ümumi yığıncağı keçirilməyib və İddiaçı təsisçi olaraq belə bir qərara imza atmayıb. Nəticədə, Cavabdeh MMC-nin yeganə aktivi olan ünvan 2 ünvanında Cavabdeh MMC-nin inşa etdiyi binada yerləşən mənzillər direktor X7 tərəfindən qanunsuz olaraq satılır, satılmış mənzillər barədə təsisçi kimi İddiaçı heç bir məlumat verilmir, mənzillərə görə alınmış pul vəsaitlərindən yaranmış mənfəət təsisçilər iştirakçılar arasında bölüşdürülmür. İddiaçı Cavabdeh iştirakçısı kimi hüquqlarının təmin edilməsi tələbləri ilə bağlı cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh pretenziyaya cavab verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili cavabdehin hüquqlarını müdafiə etdiyini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, Kommersiya qurumunun Dövlət Reyestrindən edilmiş 21.02.2018-ci il tarixli Çıxarışından görünür ki, Cavabdeh 28.03.2005-ci il tarixdə 0105-P107-42618 nömrə ilə qeydiyyata alınaraq nizamnanə kapitalının miqdarı 10 manat müəyyən edilərək, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı X4-65%, X3- 15% və İddiaçı 20% olmaqla, qanuni təmsilçi olaraq X13 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, Cavabdeh Nizamnaməsindən görünür ki, cəmiyyətin Nizamnamə kapitalı onun Təsisçilərinin payları hesabına yaradılır. Nizmanamənin 6.2-ci bəndinə əsasən cəmiyyətin Nizamnamə kapitalı 50.000 manat həcmində hər biri 25000 manat olmaqla 2 paydan ibarətdir və Təsisçilər tərəfindən bir dəfəyə pul şəkilində ödənilmişdir. Təsisçilər nizamnamə kapitalına öz paylarını pul şəklində, habelə daşınar və daşınmaz əmlak, eləcə də şəxsi qeyri-əmlak (ixtira, müəlliflik hüquqi və s.) formasında qoya bilərlər. Nizamnamə kapitalına qoyulan əmlak və digər mülkiyyətin qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bu öhdəlik Təsisçilər tərəfindən pozulduqda onlar X14 ilə qəbul olunmuş qaydalara müvafiq məsuliyyət daşıyırlar. Nizamnanənin 9.1-ci bəndinə əsasən cəmiyyətin ali idarə orqanı cəmiyyətin Təsisçisilərinin azı ildə bir dəfə olan Ümumi Yığıncağıdır. Cəmiyyətin təsisçisi bir şəxs olduqda o, ümumi Yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir.Ümumi Yığıncaq növbəti və növbədənkənar ola bilər. Har bir təsisçi Cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə ( səxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsi ilə təmsil olunmaq hüququ vardır. Təsisçilərin həmin hüquqlarının məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Nizamnamənin 9.2-ci bəndinə əsasən, cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə qanuvericliklə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir: -cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; -cəmiyyətin icra orqanlarım yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl son vermək o cümlədən, direktorun və baş mühasibin təyin edilməsi va geri çağırılması; - cəmiyyətin icra orqanlarının səlahiyyətlərini kənar idaraçiyə verilməsi; -cəmiyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və xərclərin bölüşdürülməsi; -cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul edilməsi; -cəmiyyətin təftiş komissiyasının (müfəttişini) seçilməsi. digər (şəxslərini təsisçiliyə qəbul edilməsi; -nızamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi; -cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərinin müəyyən olunması, onların yerinə yetirilməsinə dair plan va hesabatların təsdiq edilməsi; -cəmiyyətin filial və nümayəndəlikləri də daxil olmaqla cəmiyyətin fəaliyyətinin illik faiz dərəcələrinin, auditor rəy və hesabatlarının təsdiq olunması, zərərin ödənilməsi qaydasının müəyyən edilməsi: - tabe müəssisələrin, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkil və ləğv edilməsi; -təsisçilər tərəfindən əlavə haqların keçirilməsinin qayda, forma və ölçülərinin müəyyən olunması; -Bank kredit va ya digər kreditlər götürülməsinə dair qərarların verilməsi; Nizamnamənin 9.3-cü bəndinə əsasən, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərifindən həyata keçirilir. -Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir. Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, ümumi Yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir. onların bərəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər verir. İş materiallarına əlavə edilmiş 11.02.2021-ci il tarixli 1 nömrəli protokoldan görünür ki, Cavabdeh təsis paylarının 80%-nin sahibi olan təsisçilər X10 (65%) və X5 (15%) iştirakları ilə ümumi yığıncaq keçirilmiş və buna dair müvafiq olaraq protokol tərtib edilmişdir. Həmin protokolda ümumi yığıncağı vaxtı və yeri, gündəliyi barədə İddiaçı qanunauyğun olaraq məlumat verildiyi, lakin İddiaçı iştirak etmədiyi qeyd olunmuşdur. Eyni zamanda həmin yığıncaqda ünvan 3 ünvanında yerləşən binadan yerləşən mənzillər üzrə Cavabdeh ilə X12 və X8 arasında bağlanmış müqavilələrin ləğv edilməsi və ödənilmiş vəsaitlərin geri qaytarılması və.s məsələlər həll edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4-65%, X3-15% və İddiaçı 20% olmaqla Cavabdeh təsis olunmuşdur. Cəmiyyətin nizamnanməsi tərtib edilərək, hüquqi şəxs olaraq fəaliyyətə bağlamışdır. İddiaçı cəmiyyət tərəfindən ünvan 3 ünvanında yerləşən binadan satılmış mənzillər bağlı məlumat almaması, habelə 2019-2020-ci illərdə qazanılmış mənfəətin ödənilməməsi səbəbindən məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə iddiaçının tələbi iki hissədən: 1) Cavabdeh MMC-nin inşa etdiyi ünvan 3 ünvanında yerləşən binadan satılmış mənzillər barədə İddiaçı məlumat (mənzillərin sayı, qiyməti, məbləği, sahəsi) verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması və 2) Cavabdeh MMC-nin 2019 və 2020-ci illərdə qazanılmış mənfəətindən İddiaçı ******* (beş milyon) manat dividend ödəməsi barədə qətnamə qəbul edilməsi tələblərindən ibarətdir. Məhkəmə qeyd edir ki, hazırki məhkəmə baxışında cavabdehin nümayəndəsi tərəfindən bilavasitə məhkəmə iclasında, məhkəməyə və iddiaçının nümayəndəsinə təqdim olunmuş sənədlərdən görünür ki, həmin sənədlərdə Cavabdeh MMC-nin maliyyətəsərrüfat fəaliyyətini, 2017-2019-cu ilərdə və 2020-ci ildə çəkilmiş xərcləri, xərclərin istiqamətini, əldə olunmuş gəlirlər və gəlirlərin mənbəyini, Cəmiyyətin fəaliyyətinin davam etdirilməsi üçün çəkilməli olan xərcləri göstərən məlumatlar əks olunmuşdur. Belə ki, Cavabdeh MMC-dən Cəmiyyətin təsisçisi kimi İddiaçı ünvanına (həmçinin, İddiaçı çatdırılması üçün onun həmin vaxt saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə) göndərilmiş məktub-bildirişlərdə İddiaçı Cəmiyyətin Ümumi Yığıncağının keçirilməsi barədə məlumat və Ümumi Yığıncağın gündəliyi barədə məlumat, Cəmiyyətin əsas (yeganə) fəaliyyət istiqamətini təşkil edən Mir Cəlal küçəsi 145 ünvanında çoxmənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı sərf edilmiş vəsaitin həcmi və gözlənilən xərclər barədə məlumat verilərək təsisçi kimi bu fəaliyyətdə (həmçinin, xərclərdə) iştirak etmək təklif olunmuş, eləcə də keçirilməsi nəzərdə tutulmuş Ümumi Yığıncaqda özü və ya nümayəndəsi vasitəsilə iştirak etmək təklif olunmuşdur. Sözügedən məktublarda, həmçinin, Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə dair aparılmış auditor yoxlaması nəticəsində Cəmiyyətin 2017-2019-cu illərdəki fəaliyyəti nəticəsində zərərə məruz qalması və belə zərərin aradan qaldırılması və Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilərək tikinti fəaliyyətinin davam etdirilməsi üçün təsisçi qoyuluşunu etməsi də İddiaçı təklif olunmuşdur. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilərək tədqiq olunan "xxxx" MMC-nin auditoru Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü X11 tərəfindən tərtib və təsdiq edilmiş (Cəmiyyətin direktoru S.Hüseynov və baş mühasibi tərəfindən imza edilməklə düzgünlüyü təsdiq edilmiş) Auditor Rəyindən görünür ki, Cavabdeh MMC-nin 2017-2019-cu illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti auditor yoxlaması ilə əhatə olunmuşdur. 01.01.2017-ci il tarixdən 01.09.2019-cu il tarixədək olan dövr üzrə Cəmiyyətin maliyyə hesabatı, pul vəsaitlərinin hərəkətini özündə real rəqəmlərlə əks etdirən Auditor Rəyindən görünür ki, Cavabdeh MMC 28.03.2005-ci ildə dövlət qeydiyyatına alınmış, sonuncu dəfə 2018-ci ildə təkrar qeydiyyatdan keçməklə təsisçiləri: X10 – 65%; X9 – 15%; İddiaçı – 20% olmaqla fəaliyyətini davam etdirmişdir. Cəmiyyət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 08.07.2016-cı il tarixli lisenziya əsasında mənzil tikintisi fəaliyyəti ilə məşğuldur. Yoxlanılan dövrdə Cəmiyyət ünvan 5 ünvanında ümumilikdə 307 mənzildən ibarət A və B bloklarının, bundan başqa ümumi sahəsi 1367 kv.m olan qeyri-yaşayış-yardımçı C blokunun tikintisi ilə məşğul olmuşdur. Sənədlərdən görünür ki, bina ümumilikdə 2 blokdan ibarətdir. Binanın tikintisi 01.07.2017-ci ildən başlamışdır. Auditor heabatları əsasında, həmçinin, müəyyən olunur ki, 01.09.2019-30.04.2020ci il tarixədək yoxlama ilə əhatə edilmiş ilkin sənədlərdən, o cümlədən kassa mədaxil qəbzi, bank hesabından çıxarış, bank qəbzi və borc müqavilələrindən, mənzillərin satış müqavilələri üzrə daxil olmuş vəsaiti təsdiq edən sənədlərin araşdırılmasından göründüyü kimi, Cəmiyyətin 01.01.2017-01.09.2019-cu illər ərzində müvafiq olaraq ünvan 5 ünvanında yerləşən A və B bloklu çoxmərtəbəli yaşayış binasının tikintisi üçün Cəmiyyətə təsisçi X10 tərəfindən 6 660 664,00 manat və X9 tərəfindən 297000 manat məbləğində vəsait qoyulmuşdur. Yoxlama zamanı Cəmiyyətin digər təsisçisi İddiaçı tərəfindən hər hansı vəsait qoyulmadığı müəyyən edilir. Eyni zamanda, 01.03.2019-cu il tarixə Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanda Cəmiyyətin inşa etdiyi binadan 56 mənzilin satışından daxil olan 415 808,00 manat vəsaitin təsisçi İddiaçı tərəfindən götürülərək Cəmiyyətin kassasına mədaxil edilmədiyi və ya hər hansı formada tikintiyə və ya Cəmiyyətin başqa ehtiyaclarına sərf edilmədiyi müəyyən edilmişdir. Ümumilikdə, Cəmiyyətin 01.01.2017-01.09.2019-cu illəri əhatə edən dövrdə real müqavilələr və mühasibat sənədləri üzrə zərəri 5 878 440,67 manat təşkil etdiyi Auditor Rəyində öz əksini tapmışdır. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkillərinin izahatları, təhqiq olunmuş Auditor hesabatları və təqdim olunmuş digər sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı təsisçisi olduğu Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə dair ona məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbinin təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyildir. Belə ki, iddia tələbinin təmin edilməsi üçün zəruri olan iddiaçının subyektiv hüquqa malik olması, malik olduğu hüququn cavabdeh tərəfindən pozulması və belə pozuntunun məhkəmə müdafiəsi hüququ ilə aradan qaldırılması zərurəti məhkəmə tərəfindən müəyyən edilmədiyi ilk növbədə nəzərə alınmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istiinad olunan və digər qərarlarında formalaşmış hüquqi mövqeylərini nəzərə alaraq, Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin prosessual qanunvericiliyə uyğun şəkildə, şəxsin pozulmuş hüquq və azadlıqların bərpasını həyata keçirərək, iddiaçının müraciəti əsasında başlanmış icraatda onun hüquq və manəafeyinin pozuntusu müəyyən edildikdə, Məhkəmə faktlar əsasında müəyyən etdiyi hallar və tətbiq edilməli olan maddi hüquq normaları əsasında iddianın təmin edilməsinə dair qətnamə qəbul edir. İddiaçının subyektiv hüuququnun mövcud olmadığı və ya belə hüququn cavabdeh tərəfindən pozulmadığı müəyyən edildiyi halda isə, Məhkəmə irəli sürülmüş əsassız iddianın təmin edilməməsinə dair qətnamə qəbul etməlidir ki, bu da mülki icraatın əsaslılıq, qanunilik və ədalətlilik prinsipinə uyğundur. Ümmumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan Məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı təsisçisi olduğu Cəmiyyətin maliyyə-təsərrüfat faəliyyəti barədə məlumat almaq hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia etmiş, məhkəmə tərəfindən araşdırılan faktiki hallarla cavabdeh tərəfindən belə bir pozuntuya yol verilmədiyi, müxtəlif vaxtlarda təsisçi kimi ona ünvanlanmış məktublarda Cəmiyyətin fəaliyyəti barədə ona məlumat verilməklə Ümumi Yığıncaqda iştiraka, maliyyə fəaliyyətində iştiraka dəvət edilməsi, həmçinin, Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin real vəziyyətinin qanunauyğun şəkildə müəyyənləşdirilməsi üçün “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmış auditor yoxlamasının nəticəsi olan Auditor Rəyinin iddiaçının nümayəndəsinə təqdim edilməsi subyektiv hüququn ikinci zahiri cəhəti olan “başqa şəxslərdən tələb etmək hüququnun” pozulmadığı qənaətinə gəlməyə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə məlumat almaq hüququ cavabdeh tərəfindən pozulmadığı müəyyən olunduğundan iddianın bu hissədə təmin edilməsinə hər hansı əsas mövcud deyildir. Belə ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan rəsmi sənəddə təqdim edilən məlumatların iddiaçının almaq istədiyi bütün məlumatları əks etdirməsi və məhkəmənin vəzifəsinin iddiaçının malik olduğu, yalnız pozulmuş hüquq və mənafeyinin bərpasından ibarət olduğundan, hazırki iş üzrə isə iddiaçının hüquq və mənafeyinin cavabdeh tərəfindən pozulmadığı birmənalı müəyyən edildiyindən iddia tələbinin birinci hissəsi ilə bağlı hüquqi dəyərləndirmə bitmişdir. Məhkəmə, iddia tələbinin ikinci - Cavabdeh MMC-nin 2019 və 2020-ci illərdə qazanılmış mənfəətindən İddiaçı ******* (beş milyon) manat dividend ödənilməsi hissəsinə dair hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, “Auditor xidməti haqqında” Qanununun 8-ci maddəsinin tələbinə əsasən məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəd hesab edilən “Auditor rəyi” ilə Cavabdeh MMC-nin 2017-2019-cu illər ərzində fəaliyyəti ərzində nəinki mənfəətə malik olduğu, əksinə 5878440,67 manat zərərlə üzləşdiyi nəzərə alınmalıdır. Həmçinin, cavabdehin yazılı təqdim etdiyi etiraz mülahizələri və əlavə olunan məhkəmə aktları ilə, eləcə də “Auditor rəy” ilə müəyyən olunur ki, Cəmiyyətin yeganə faliyyət predmeti olan Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında tikilən yaşayış binasında mənzillərin və qeyri-yaşayış sahələrinə dair müqavilələrdə göstərilən qiymətlər üzrə 15206128,59 manat dəyərində 84 mənzil və 3 qeyri-yaşayış sahəsinin satılması göstərilsə də bu mənzil və qeyri-yaşayış sahələrinin alqı-satqısı rəsmiləşdirilməmiş və müqavilələr üzrə həmin əmlakların dəyəri kimi göstərilən 15 206 128,59 manat vəsait Cavabdeh MMC-ə mədaxil olunmamış, nə Cəmiyyətin fəaliyyətinə, nə də göstərilən ünvanda yaşayış binasının tikintisinə hər hansı formada xərclənməmişdir. İş materiallarında olan məhkəmə aktları və ********* nömrəli cinayət işi üzrə 31.03.2021 tarixli İttiham Aktı ilə müəyyən olunur ki, Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasında göstərilən sayda yaşayış və qeyri-yaşayış sahələri üzrə müqavilələrə dair iddiaçı və Cəmiyyət arasında məhkəmə mübahisələri olmuş, hazırda İddiaçı və qeyrilərinin barəsində bu xüsusatlarla bağlı cinayət təqibi Yasamal məhkəməsində davam etdirilir. Bununla məhkəmə hesab edir ki, Cəmiyyətin fəaliyyətindən xalis mənfəətin əldə edilməsi iddiaçı tərəfindən təqdim edilmiş hər hansı dəlillə müəyyən edilmədiyi, əksinə, Cəmiyyətin külli miqdarda zərərlə işlədiyinə dair faktlar iş üzrə təhqiq olunmuş hallarla müəyyən olunduğuna görə, iddia tələbinin bu hissəsi üzrə də faktiki və qanuni əsasların olmadığı nəzərə alınmalıdır. Bununla belə, məhkəmə iddia tələbinin mənfəətin bölüşdürülməsi hisəsinə dair hüquqi dəyərləndirmənin qanunvericiliyin tələblərinə uyğun davam etdirilərək, tam və hərtərəfli qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, hüquqi şəxsin yaradılmasının və müvafiq fəaliyyətinin həyata keçirilməsinin konstitusiya əsaslarını Konstitusiyanın 58-ci (birləşmək hüququ) və 59-cu (azad sahibkarlıq hüququ) maddələrinin müddəaları təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, hüquqi şəxs kommersiya və ya qeyri-kommersiya təşkilatı (ictimai birliklər, fondlar və s.) növlərində yaradıla bilər. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir. (Konstitusiya Məhkəməsi Plenumunun 12 iyun 2017-ci il tarixli Qərarı). Mülki qanunvericilikdə kommersiya hüquqi şəxsləri arasında xüsusi yer məhdud məsuliyyətli cəmiyyətlərə ayrılmışdır. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır (Mülki Məcəllənin 87.1-ci maddəsi). Mülki Məcəllənin 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Mülki Məcəllənin 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət X14 qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız X14 ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Beləliklə, məhkəmə, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları arasında, eləcə də iştirakçılarla hüquqi şəxs (Cəmiyyət) arasındakı münasibətlərin hüquqi əsaslarını tənzimləyən Mülki Məcəllənin istinad olunan müddəalarını, həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarındakı hüquqi mövqeyini rəhbər tutaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı mənfəətin bölüşdürülməsi üçün ümumi yığıncağın çağırılması barədə Cəmiyyətə müraciət etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən Cəmiyyətin fəaliyyəti nəticəsində mənfəətin əldə edilib-edilməməsinə dair hər hansı dəlil məhkəməyə təqdim olunmamışdır. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən binadan satılmış mənzillər barədə İddiaçı məlumat (mənzillərin sayı, qiyməti, məbləği, sahəsi) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə və Cavabdeh MMC-nin 2019 və 2020-ci illərdə qazanılmış mənfəətindən İddiaçı ******* manat dividend ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “MMC-nin fəaliyyəti barədə məlumatın verilməsi və mənfəətin təsisçi payına uyğun olaraq ödənilməsi” İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar