Məhkəmə qərarları › İş №e-2-2(113)-5972/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5972/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5972/2024 14.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərərin ödənilməsi, hüquqi yardım xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, cavabdehin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9.560 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 115,6 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 9.560 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 115,6 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3742 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı minik avtomobillərinin və avtofurqonların sürücüsüz icarəsi fəaliyyəti üzrə vergi ödəyicisidir, Cavabdeh isə taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir. Mübahisə hər iki tərəfin birgə və ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən kommersiya mübahisəsi hesab edilir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3742 saylı xx.xx.2024-cü il tarixli Qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kolegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin e-(102)-2533/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3742 saylı xx.xx.2024-cü il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də sözü gedən iddia Bakı Kommersiya Məhkəməsinə aiddir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY-100 saylı “X1” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 iyun 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və onun barəsində İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə cavabdehə Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 327.1cimaddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh təqsiri nəticəsində baş vermiş qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində avtomaşına məbləğində zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS” Avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 9.560 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”-də 9560 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Cavabdehə dəymiş ziyanın ödənilməsi üçün pretenziya göndərilmiş və cavabdeh tərəfindən pretenziya alınmışdır. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 16 iyun 2022-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 100 manat məbləğində vəkilə əlavə xərc çəkilmişdir ki, bu məbləğində cavabdehdən alınaraq iddiaçıya qaytarılması ədalətlidir. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir. Cavabdeh 9.560 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 115,6 manat dövlət rüsumu tutulmalı və iddiaçıya qaytarılması ilə bağlı qətnamə çıxarılmalıdır. Həmçinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2022-ci il tarixli icarə müqaviləsinin 20-ci bəndinə əsasən tərəflər onlar arasında gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəlmişlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin və iddiaçının iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2022-ci il tarixli icarə müqaviləsinə əsasən:

9. Müqavilənin 1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadəetmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur. 1.1.Ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə; 1.3.Nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etmək. 1.5.Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə. 1.8.Nəqliyyat vasitəsini hər hansı səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəmək.

10. Müqavilənin 19-cu bəndinə əsasə hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilyə əsasən hüquqi və maddi məsuliyyəti daşıyırlar.

11. “RS Avtoservisin” dəymiş zərərin hesablanmasına dair xx.xx.2023-cü il tarixli aktına əsasən yekun zərər 9560 manat müəyyən edilmişdir.

12. Cavabdeh xx.xx.2023-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və onun barəsində İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə cavabdehə Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir.

13. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

16. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

19. İşin faktiki hallarına əsasən İddiaçı məxsus “Ravon Nexia R3” markalı **-PK-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsinə iş üzrə cavabdeh tərəfindən zərər vurması işin faktiki halları ilə təsdiqini tapmışdır.

20. İddiaçı tərəfindən zərərin mövcud olmasını təsdiq edən sübut olaraq məhkəməyə xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akt təqdim olunmuşdur. Həmin aktlara əsasən zərər 9560 manat məbləğində müəyyən olunmuşdur.

21. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2022-ci il tarixli icarə müqaviləsinə cavabdeh ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə və nəqliyyat vasitəsini hər hansı səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığının ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.

22. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

26. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin qanunsuz hərkəti nəticəsində iddiaçıya ziyan dəydiyini və iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9560 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

30. İddiaçı vəkil xidmətinə görə 100 manat tələb etmiş və buna dair xx.xx.2024-cü il tarixli qəbzi məhkəməyə təqdim etmişdir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 115,6 manat dövlət rüsumu, 100 manat vəkil xərci və 17,25 manat notariat xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh dəymiz ziyanın əvəzi olaraq 9560 manat, vəkil xərcinin əvəzi olaraq 100 manat, notariat xərcinin əvəzi olaraq 17,25 manat, dövlət rüsumunun əvəzi olaraq 115,6 manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar