Məhkəmə qərarları › İş №e-2-2(113)-599/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-599/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-599/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MANAR COMPANY MMC-nin cavabdehin müqavilə öhdəliyinə əməletmədiyinə görə 550 (beş yüzəlli) manat bir aylıq ödəniş, 300(üç yüz) manat 30 gün ödənişi gecikdirdiyinə görə dəbbə pulu və 40 manat mediasiya prosedurunun keçirilməsi üçün ödənilən dövlət rüsumu, ümümmillikdə 890 (səkkiz yüz doqsan) manatın, eyni zamanda cavabdehin əşyalarının anbarda saxlanmasına görə 6 ay üçün 100 manat olmaqla, 600 manat məbləğində pulun tutulması və 209 nömrəli ofisin 02 ədəd açarı Cavabdeh2 alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdehin arasında xx.xx.2023-cü il tarixində subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq cavabdehə müqavilə ilə nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən Manaflı Konsaltinq MMC-yə məxsus Manaflı Plazada qeyri-yaşayış sahəsinin 20 kv.m. olan hissəsi kommunal ödənişlər və ÖMV vergisi daxil olmaqla ayda 550 (beş yüzəlli) manata subicarəyə verilmişdir. Cavabdehin ödənilməmiş 1 aylıq icarə haqqı qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli subicarə müqaviləsi, müqaviləyə 01 saylı Əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən sahəni icarəçiyə subicarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.

12. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən aylıq icarə haqqı 550 manat təşkil edir.

13. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı hər növbəti aya görə cari ayın 25-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə nağd və ya elektron qaimə fakturada qeyd olunan icarəyə verənin bank hesabına ödənilir.

14. Müqavilə və əlavə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.

16. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun texnikalardan istifadəyə görə icarə haqqı haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

17. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDİ seriyalı, 682297 nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək icarə haqqı üzrə dəyəri 550 manat olan və EBDK seriyalı, 556714 nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək icarə haqqı üzrə cəmi dəyəri 550 manat olan elektron qaimələr göndərilmişdir.

18. İş materiallarına əlavə olunmuş 227944 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, cavabdeh tərəfindən EBDİ seriyalı, 682297 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 550 manat icarə haqqı borcu ödənmişdir.

19. Göründüyü kimi, cavabdeh 2 ay müddətində icarə sahəsindən istifadə etmiş, ona göndərilmiş 2 ədəd, yəni 2 ayı əhatə edən elektron qaimələr üzrə cəmi 1-ci qaimə üzrə ödəniş etmiş, 2-ci ayı əhatə edən qaimə üzrə isə heç bir ödəniş etməmişdir.

20. Belə olan halda, məhkəmə hesab edir ki, EBDK seriyalı, 556714 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 550 manat icarə haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə subicarə müqaviləsi üzrə 300 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 3.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icarəçi ödəniş müddətini ötürdüyü zaman ödənişin gecikdirilməsinin hər günü üçün 10 manat məbləğində subicarəyə verənə dəbbə pulu ödəyir.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Məhkəmə hesab edir ki, cavabdehin əsas borcuna münasibətdə 30 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

25. Məhkəmə hesab edir ki, iddia ünvan 2 ünvanında yerləşən 209 nömrəli ofisin 02 ədəd açarının qaytarılması tələbi hissəsində təmin edilməlidir.

26. Belə ki, iş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 209 nömrəli ofisin 02 ədəd açarı "xxxx" MMC tərəfindən Cavabdeh2 təhvil verilmiş, cavabdeh tərəfindən isə qeyd edilmiş 2 ədəd açar qaytarılmamışdır.

27. Məhkəmə hesab edir ki, iddia cavabdehin əşyalarının anbarda saxlanmasına görə hər ayı 100 manat olmaqla, 6 ay üçün 600 manat məbləğində pulun tutulması hissəsində təmin edilə bilməz.

28. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin avqust ayının axırında ofisə gəldiyini və komputer kimi alətləri götürdüyünü bildirmişdir.

29. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından cavabdehin hansı əşyalarının qaldığını, əşyaların saxlandığı anbarın aylıq icarə haqqının nə qədər olması kimi halları əsaslandıra bilməmişdir.

30. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-0348 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 40 manat məbləğində pul Bakı 6 X1 ödənmişdir.

31. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə verilməlidir.

32. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə icarə haqqı borcu üzrə 550 (beş yüz əlli) manat, cərimə borcu üzrə 30 (otuz) manat olmaqla, cəmi 580 (beş yüz səksən) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. ünvan 2 ünvanında yerləşən 209 nömrəli ofisin 02 ədəd açarı Cavabdeh2 alınaraq İddiaçınə qaytarılsın. Mediasiya xərcinin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar