Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5999/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi, xidmət haqqının ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “xidmət haqqının ödənilməsi tələbinə” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən iddiaçı cavabdehin tapşırığı ilə Ağdam rayonunun Xıdırlı kəndində emalatxana binasını tikməyi, cavabdeh isə yerinə yetirilmiş işi iddiaçıdan təhvil alaraq onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, təyinatı xx.xx.2024-cü il tarixli, 01/24 saylı müqavilə qeyd edilməklə, 1200 manat məbləğində avans ödənişi iddiaçının hesabına köçürülmüşdür.
3. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə təyinatı xx.xx.2024-cü il tarixli, 01/24 saylı müqavilə qeyd edilməklə 10560 manat məbləğində pulun ödənilməsi üçün MT2407 seriyalı, 11767130 saylı elektron qaimə-faktura xx.xx.2024-cü il tarixdə göndərilmiş, lakin həmin qaimə cavabdeh hüquqi şəxsin direktoru Qanuni nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə düzəliş üçün geri qaytarılmışdır. Bundan sonra, iddiaçı eyni məbləğdə pulun ödənilməsi üçün düzəliş edilmiş elektron qaimə-fakturanı təkrar cavabdehə göndərmiş, cavabdeh hüquqi şəxsin direktoru Qanuni nümayəndə sonuncu qaiməni xx.xx.2024-cü il tarixdə təsdiq etmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı tərəflər arasında bağlanmış 01/24 nömrəli xx.xx.2024-cü il il tarixli xidmət müqaviləsi üzrə ödənilməmiş 10560 manat məbləğində əsas borcun, 528 manat 5 % illik hesablanmış faiz məbləğinin, məhkəməyə ödənilmiş 123,26 manat dövlət rüsumunun, cəmi 11211,26 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında 01/24 nömrəli xx.xx.2024-cü il il tarixli xidmət müqaviləsi (bundan sonra-Müqavilə) bağlanmışdır. Həmin müqavilənin predmetlərinə görə, cavabdeh iddiaçıya tikinti işlərinə görə razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə Şirkətin müəyyən etdiyi qaydada tikinti xidmətlərini görməyi öz öhdələrinə götürür. Müqavilənin 1.3-cü maddəsinə əsasən Xidmətlərin göstərilməsi tərəflərin razılaşdığə müddət ərzində həyata keçirilir. Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. Həmin Müqacilənin 3-cü maddəsinə əsasən, xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə təmin edib icraçının sərəncamına vermək, işi icrasından sonra təhvil almaq, göstərilmiş xidmətin dəyərini ödəmək, xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək sifarişçinin vəzifələridir. Həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilən xidmətləri həcmi tərəflərin razılaşması ilə müəyyən edilir. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirməsindən sonra qüvvəsini itirir. Müqavilənin 9.1-ci maddəsinə əsasən Həmin Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Müqavilənin 9.3cü maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Sözügedən müqavilə və əlavələr iddiaçı və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edirik ki, Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, iddiaçı müqavilədə nəzərdə tutulan xidmətləri görmüş, tikinti işlərini həyata keçirib cavabdehə təhvil vermiş, tikinti sahəsi cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə elektron qaimə təqdim edilmiş, cavabdeh tərəfindən düzəliş üçün geri qaytarılmış, hər iki tərəfin danışığı əsasında məlum olmuşdur ki, hər hansısa bir səhvlik olmamış, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində həmin elektron qaimə yenidən vurulmuş, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən təsdiq edilmişdir, lakin həmin qaimə əsasında ödəniş həyata keçirilməmişdir. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmişlər, e-qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. Müqaviləyə üzrə Borc vaxtında ödənilmədiyinə görə illik 5 %10.560 manat x 5% x 1 il = 528 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi məhkəmə iddianı qəbul etməyərək bildirdi ki, onlar işi Əlisahiblə dasnışıblar, pulu da ona ödəyiblər. Əlisahibə ödənilən 10560 manat olmuşdur. İlkin avans olaraq 1200 manat pul iddiaçıya ödənilmişdir. Vergi hesabtı üçün isə onlara 10560 manat ödəniş üçün göndərilən elektron qaimə-faktura əsas götürülmüşdür.
9. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında bildirdi ki, Şahid5 vasitəçiliyi ilə cavabdehlə iddiaçı arasında müqavilə bağlanmışdır. Müqaviləni iddiaçı Nizami müəllimin ofisində şəxsən iddiaçı imzalamışdır. İşlərin icrasına o, nəzarət edirdi. Əlsahib yalnız vasitəçi idi və işin yekununda ona 1000-2000 manat pul verməli idilər. Görüləcək iş Ağdam rayonun Xıdırlı kəndində inşa edilən təxminən 440 kvadrat metr ölçüyə malik iki emalatxana binası idi. Görüləcək işlərin qiymətini hər kvadrat metr üçün 13-14,5 manat məbləğində razılaşmışlar. Bunun müqabilində emalatxananın 1-ci mərtəbəsində müvafiq beton-dəmir işləri, izolyasiya, dəmir-qəlib, torun çəkilməsi, kalon əkilməsi və sökülməsi, şeben qatının yayılması, hörgü işlərini görmüşlər. İşlərə nəzarəti cavabdehin nümayəndələri olan Nizami, Rasim adlı şəxslər həyata keçirirdi. İşlər 28-29 günə yekunlaşdı və birinci mərtəbəni təhvil verdilər. Fövqəladə Hallar Nazirliyinin texnozor qurumu gəlib işlərin keyfiyyəti ilə bağlı yoxlanış apardı, bu zaman heç bir çatışmazlıq yaranmadı. İşlər təhvil verilən zaman, həmçinin cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olan Qanuni nümayəndə özü də işləri yoxladı, heç bir irad və narazılıq bildirmədi. Lakin sonradan onlara məlum olmayan səbəbdən ikinci mərtəbənin tikintisini başqa şirkətə tapşırdılar. Bu günədək onlara hər hansı ödəniş edilmədi. Həmçinin, Əlisahib tərəfindən də onlara heç bir ödəniş edilməmişdir. Cavabdeh pulu onlara ödəməli idi, Əlisahib yalnız işin onlara tapıb verilməsində vasitəçi olmuşdur.
10. Məhkəmə iclasında iştirak edən digər Şahid2 öz izahatında bildirdi ki, emalatxanada müvafiq tikinti işləri görmüşdür. İşləri Teymurla birlikdə yerinə yetirmişdir. O, bünövrəyə beton qatının tökülməsi işlərini yerinə yetirmişdir. İşlərin keyfiyyətini tanımadığı şəxslər arabir gəlib yoxlayırdılar. İşlərin yekunlaşdıqdan sonra akt tərtib edilməsindən xəbəri yoxdur.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
15. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
16. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
21. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
23. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
28. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
29. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya daha çox şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa ümumi anlamda onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, hər hansı konkret mülki hüquq münaisbətini tənzimləyən müqavilənin məzmununa həmin müqaviləyə aid olan özünəməxsus, yaxud elə xüsusi şərtlər daxil edilə bilər ki, müqavilənin əsas mahiyyəti həmin şərtlərdən asılı olar.
30. İddiaçı öz izahatında tərəflər arasında xx.xx.2024-cü il tarixli, 01/24 saylı yazılı müqaviləsinin bağlandığını bildirmiş, lakin qeyd edilən müqaviləni məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutları və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, bağlanılmış müqavilə şifahi podrat müqaviləsi kimi qəbul edilməlidir. Tərəflər bağladıqları müqaviləni xidmət müqaviləsi adlandırsalar da, tərəflər arasındakı razılaşmanın məzmunu və mahiyyəti əslində onun xidmət müqaviləsi deyil, podrat müqaviləsi olduğunu deməyə əsas verir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, razılaşmaya əsasən iddiaçı cavabdehin tapşırığı ilə Ağdam rayonun Xıdırlı kəndində emalatxana üçün bina tikməyi, cavabdeh isə tikinti sahəsini iddiaçıdan təhvil alaraq görülmüş işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, tərəflərin razılaşmasına uyğun olaraq görülmüş işlərə görə ilkin olaraq iddiaçının bank hesabına 1200 manat pul ödənilmişdir.
31. Qanunla müqavilənin iki formada, yazılı və şifahi formada bağlanması nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 752.1-ci maddəsinin mənasından görünür ki, podrat müqaviləsinin mütləq yazılı formada bağlanılmasına dair qanunda məcburi şərt yoxdur. Lakin podrat müqaviləsi müxtəlif növ işlərin görülməsini ehtiva etdiyindən ən azından yerinə yetirilməli olan işlərin həcmi, buna görə verilməli olan muzdun miqdarı müqavilənin özünəməxsus şərti kimi əvvəlcədən razılaşdırılmalıdır.
32. Tərəflər arasında bağlanmış yazılı müqavilənin təqdim edilməməsi (olmaması) səbəbindən görüləcək işlərin həcmi və onların nədən ibarət olması şahid ifadələri əsasında müəyyən edilmişdir. Belə məhkəmə iclasında iştirak edən şahidlər, Şahid1 və Şahid2 izahatlarında bildirdilər ki, cavabdeh təxminən 440 kvadrat metr ölçüdə emalatxana binasının tikinti ilə bağlı işlərin yerinə yetirilməsini sifariş etmişdir. Görüləcək işlərin qiymətini hər kvadrat metr üçün 13-14,5 manat məbləğində razılaşmışlar. Bunun müqabilində emalatxananın 1-ci mərtəbəsində müvafiq beton-dəmir işləri, izolyasiya, dəmir-qəlib, torun çəkilməsi, kalon əkilməsi və sökülməsi, şeben qatının yayılması və hörgü işlərini görmüşlər.
33. İşlərin təhvil verilməsi məsələsinə gəldikdə isə bu barədə məhkəmə iclasında şahidlər bildirdilər ki, işlərə nəzarəti Şahid5 və cavabdehin digər nümayəndələri olan Nizami, Rasim adlı şəxslər həyata keçirirdi. İşlər 28-29 günə yekunlaşdı və birinci mərtəbəni təhvil verdilər. Fövqəladə Hallar Nazirliyinin texnozor qurumu gəlib işlərin keyfiyyəti ilə bağlı yoxlanış apardı, bu zaman heç bir çatışmazlıq aşkar olunmadı. İşlər təhvil verilən zaman, həmçinin cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olan Qanuni nümayəndə özü də işləri yoxlamış, heç bir irad və narazılıq bildirməmişdir.
34. İşlərin cavabdeh tərəfindən təhvil alınması həm də onunla öz təsdiqini tapır ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında əvvəl iddiaçıya hər hansı işin görülməsi barədə sifariş verilmədiyini bildirsə də, sonrakı izahatlarında işlərin Şahid5 vasitəsi ilə iddiaçıya tapşırıldığını, işlər başa çatdıqdan sonra isə 10560 manat pulu Əlsahib İmamverdiyə ödədiklərini bildirmişdir. Lakin cavabdeh tərəf bu dəillərini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, cavabdeh onunla Şahid5 arasında hər hansı müqavilənin bağlanması, görüləcək işlərə görə ödənişin Əlasahib İmamverdiyevə ödənilməsinin əsaslarını izah edə bilməmişdir.
35. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, 01/24 saylı müqavilə təyinatı ilə 10560 manat məbləğində MT2407 seriyalı, 11767130 saylı elektron-qaimə xx.xx.2024-cü il tarixdə göndərilmiş, qaimə cavabdeh hüquqi şəxsin direktoru Qanuni nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə düzəliş üçün geri qaytarılmışdır. Bundan sonra iddiaçı düzəliş edilmiş qaiməni xx.xx.2024cü il tarixdə təkrar cavabdehə göndərmiş, cavabdeh hüquqi şəxsin direktoru Qanuni nümayəndə qaiməni həmin tarixdə təsdiq etmişdir.
36. Məhkəmə qeyd edir ki, elektron qaimə-faktura birbaşa olaraq işlərin görülməsini və təhvil verilməsini təsdiq edən sənəd qismində qiymətləndirilməsə də, işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən görüləcək işlərə görə ilkin olaraq 1200 manat məbləğində avans iddiaçının bank hesabına köçürülmüşdür. Məhkəmə araşdırması nəticəsində isə qalan məbləğin Şahid5 ödənildiyini cavabdehin nüçayəndəsi bildirirək işlərin onlara təhvil verildiyini təsdiq etmişdir. Cavabdehin nümayəndəsi öz izahatında işlərin keyfiyyətsiz yerinə yetirildiyini qeyd etsə də, işləri təhvil almaqdan imtina etdiklərinə dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, əksinə tələb olunan 10560 manat məbləğində pulun Şahid5 ödənildiyini bildirmişdir.
37. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış sözügedən şifahi podrat müqaviləsinə əsasən, iddiaçının öhdəliyi cavabdehin xeyrinə tikinti işlərini həyata keçirərək təhvil vermək cavabdehin öhdəliyi isə görülən işlərin dəyərini müqavilənin şərtlərinə uyğun olaraq ödəmək olsa da, sonuncusu, ödənişlər etməməklə öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı 10560 manat məbləğində görülmüş işlərin dəyərini tələb etməkdə haqlıdır.
38. Məhkəmə həmçinin, iddianın müqavilə üzrə ödənişin gecikdirilməsinə görə illik 5% nisbətində faizin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.
39. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edili ki, cavabdeh görülmüş işlərin dəyərini ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyini pozaraq ödəməli olduğu 10560 manat pulu iddiaçıya ödəməmiş və onun ödənilməsini bir ildən çox müddətə gecikdirmişdir. Bu halda iddiaçı qanunun ona verdiyi hüquqi imkandan istifadə edərək ödənilməli olan pulun gecikdirildiyi vaxt üçün iddiaçıdan illik 5% nisbətində hesablanmaqla 528 manat (10560 x 5%=528) məbləğində pulun ödənilməsini tələb etməyə haqlıdır.
40. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 01/24 nömrəli xx.xx.2024-cü il il tarixli xidmət müqaviləsi üzrə yaranmış 10560 manat əsas, gecikdirilmiş borca illik 5 % məbləğində hesablanmış 528 manat faiz borcu və ödənilmiş 123,26 manat dövlət rüsumu olmaqla, cəmi 11211,26 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı