Məhkəmə qərarları › İş №e-2-2(113)-602/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-602/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-602/2023 10.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Muradova (Məmmədova) Səbinə Sabir qızından və Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızına qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 29604,07 ABŞ dolları - bundan 7374,93 ABŞ dolları əsas, 8850,71 ABŞ dollar faiz, 11603,63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1774,80 ABŞ dolları faiz borcunun və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Muradova (Məmmədova) Səbinə Sabir qızından və Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızından müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Muradova (Məmmədova) Səbinə Sabir qızı arasında bağlanmış 10 iyun 2014-cü il tarixli 260/14-AYİB nömrəli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 30 ay müddətinə illik 30 faiz olmaqla 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Muradova (Məmmədova) Səbinə Sabir qızına kredit verilərkən Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı ilə Bank arasında ZM- 260/14-AYİB nömrəli 10 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər Kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 10 iyun 2014-cü il tarixli 260/14- AYİB saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 15/15-ƏS saylı əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 10075,29 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılır. Əlavə sazişə əsasən Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı ilə zaminlik müqaviləsi bağlanılır. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Muradova (Məmmədova) Səbinə Sabir qızından və Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli 260/14-AYİB nömrəli kredit müqaviləsindən görünür ki, kreditor - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan X3 30 ay müddətinə illik 30% dərəcəsi ilə 12700 ABŞ dolları məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 60% dərəcəsi ilə, aylıq isə 5% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2014-cü il tarixli ZM-260/14-AYİB nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditor - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan X4 arasında xx.xx.2014-cü il tarixli 260/14-AYİB nömrəli kredit müqaviləsi bağlanmış və kreditin təminatı kimi zamin – Cavabdeh1 borcalanın müqavilə üzrə öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 15/15-ƏS nömrəli əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 260/14-AYİB nömrəli kredit müqaviləsin müddəti xx.xx.2017-ci il tarixədək təyin edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********303 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə X1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 7374,93 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 8850,71 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 11603,63 ABŞ dolları cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan (illik faiz dərəcəsi 5% olmaqla) günlük faiz məbləği 1,2 ABŞ dolları (gecikmə 1740 gün) olmaqla, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1774,80 ABŞ dolları, ümumilikdə isə yaranmış borc məbləği 29604,07 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiz Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2591 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixə əsas borc 7239,11 ABŞ dolları, faiz borcu 7068,06 ABŞ dolları və 5%-lə faiz borcu 1891,81 ABŞ dolları; xx.xx.2017-ci il tarixə əsas borc 9562,20 ABŞ dolları və faiz borcu 7068,06 ABŞ dolları təşkil edir. Tədqiqatın dəyəri 100 manatdır. xx.xx.2022-ci il tarixli 03512 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ləğv prosesində olan İddiaçı ASC Bakı şəhəri 5 saylı mediasiya təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2, 467, 470.1 və 477.0.4-cü maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə isə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi kreditor və borclular arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdehlər öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı 7374,93 ABŞ dolları əsas borc, 8850,71 ABŞ dollar faiz borcu, 11603,63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1774,80 ABŞ dolları faiz borcu tələb etsə də, məhkəmə hesab edir ki, tələb əsas və faiz borcu hissəsində qismən, yəni xx.xx.2023cü il tarixli 9/2591 nömrəli ekspert rəyində müəyyən edilmiş kimi müvafiq olaraq 7239,11 ABŞ dolları əsas borc və 7068,06 ABŞ dolları faiz borcu kimi, 5%-lə hesablanmış vəsait isə tam təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 418,03 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh zamin Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızına qarşı tələbi rədd edilməlidir, belə ki, kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edildiyindən iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddianın irəli sürməsi müddətini ötürmüşdür. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Muradova (Məmmədova) Səbinə Sabir qızından 7239,11 ABŞ dolları əsas, 7068,06 ABŞ dollar faiz, 418,03 ABŞ dolları cərimə və 5%-lə hesablanmış 1774,80 ABŞ dolları faiz borcu, cəmi 16500 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 400 manat məbləğində mediasiya xərci tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. İddia cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızına qarşı hissədə rədd olunmalıdır. İddia tələbinin 55,73%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 55,73 manatı Muradova (Məmmədova) Səbinə Sabir qızından, 44,27 manatı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Muradova (Məmmədova) Səbinə Sabir qızından 7239,11 ABŞ dolları əsas, 7068,06 ABŞ dollar faiz, 418,03 ABŞ dolları cərimə və 5%-lə hesablanmış 1774,80 ABŞ dolları faiz borcu, cəmi 16500 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 400 manat məbləğində mediasiya xərci tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızına qarşı hissədə rədd olunsun. Ekspertiza xərcinin 55,73 manatı Muradova (Məmmədova) Səbinə Sabir qızından, 44,27 manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar