Məhkəmə qərarları › İş №e-2-2(113)-6031/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-6031/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6031/2024 14.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 iştirakı ilə, iddiaçının nümayəndəsi/vəkili Vəkil oğlunun iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 42753.65 manat pul məbləğinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (bundan sonra “icarəyə verən” və ya “iddiaçı”) ilə "xxxx" MMC arasında AZ-01-2023 nömrəli, 10 may 2023-cü il tarixli icarə Müqaviləsi (bundan sonra (”əlivaqüM“ imzalanmışdır. Həmin Müqavilənin 1-ci maddəsinə əsasən, icarəyə verənin Razılaşma Protokolunda təsvir olunan Nəqliyyat Vasitələrini. Texnikaları və /və ya Avadanlıqları (bundan sonra, “Avadanlıq”) üzərində mülkiyyət hüququ və səlahiyyəti mövcuddur və icarəyə verən həmin Avadanlıqları İcarəçiyə icarəyə verir, İcarəçi də bunun müqabilində İcarəyə verənə icarə haqqı ödəyir. Müqavilənin 2.1-ci maddəsinə əsasən, İcarə müddəti Avadanlıqların İcarəçinin sərəncamına verildiyi gündən başlayır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, Avadanlıqların icarəçinin sərəncamına verilməsi hər iki Tərəfin imzası ilə qarşılıqlı razılaşdırılmış formada Təhvil-Təslim Aktının rəsmiləşdirilməsi ilə həyata keçirilir. Müqavilənin 3.1-ci maddəsinə əsasən, nəzərdə tutulmuş məqsədlər üçün Avadanlıqların istifadəsi müqabilində icarəçi icarəyə verənə Razılaşma Protokolunda göstərilən məbləğdə icarə haqqı (“icarə Haqqı”) ödəməlidir. İcarə Haqqı yalnız Tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər. Müqavilənin 3.2-ci maddəsinə əsasən, aylıq işcədvəli (hesabat) 26 gün, gündəlik 9 saat üzərindən hesablanacaq. Müqavilənin 3.3-cü maddəsinə əsasən, Müqavilə üzrə icarə Haqqı aylıq icarəyə götürüldüyü halda ay tamamında, günlük icarəyə götürüldüyü halda isə avadanlıq geri qaytarılan gündən sonra icarəyə verən tərəfindən təqdim ediləcək elektron qaimə fakturanın təsdiqlənməsi tarixindən etibarən 30 gün ərzində ödəniş həyata keçiriləcəkdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, icarəyə verən icarəçidən bu Müqavilədə göstərilən qaydada və müddətdə icarə Haqqını icarəçidən tələb edə bilər. Tərəflər arasında bağlanılmış 01 saylı Razılaşma Protokoluna əsasən, Tərəflər razılığa gəlmişdirlər ki, müvafiq Avadanlıq üzrə bir gün üçün icarə haqqı 428.6 manat təşkil edəcəkdir. 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə Avadanlığın icarəyə verilməsinə dair tərəflər arasında ayrıca 3 təhvil-təslim aktları imzalanmışdır. Həmin aktların hər birində icarəçi yanvar, fevral və mart aylarındakı günlər üzrə icarəyə verənin xidmət göstəridiyini və aylara müvafiq olaraq 15010.96; 17326.94 və 10415.77 manat (ƏDV daxil) məbləğləri həcmində icarəyə verənə borclu olduğunu təsdiqləmişdir. Daha sonra icarəyə verən tərəfindən həmin aktlar üzrə icarəçiyə elektron qaimələr təqdim edilmiş və həmin qaimələr icarəçi tərəfindən geri qaytarılmayaraq sistem tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq, icarəçinin borcunu təsdiqlədiyi tarix üzərindən 5 ay keçsə də, icarəçi öz öhdəliklərini yerinə yetirməkdən hələ də boyun qaçırır və bu günə kimi AZ-01-2023 nömrəli, 10 may 2023-cü il tarixli icarə Müqaviləsi üzrə icarəçi icarəyə verənə 42753.65 manat məbləğində pul borcludur. Beləliklə, indiki halda cavabdeh Müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcun ödənilməsini qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “Cavabdeh MMC-dən ümumilikdə 17 326.95 manat pul məbləğinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, i, iddiaçı cavabdehə qarşı borc tələbi üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və qeyd olunan iddia tələbi üzrə qeydiyyata alınan iş hazırda icraatda baxılmaqdadır. İdda ərizəsində aşağıdakı tələbə dair qətnamənin qəbul olunması Məhkəmədən xahiş edilmişdir: “Cavabdeh MMC-dən ümumilikdə 42753.65 manat pul məbləğinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edəsiniz. Cavabdeh iddia tələbində göstərilən borc məbləğini 25426.70 manat məbləği həcmində qismən ödəmiş və sadəcə 17326.95 manat məbləğində borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

8. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış AZ-01-2023 nömrəli, 10 may 2023-cü il tarixli icarə Müqaviləsinə əsasən:

11. Müqavilənin 2.1-ci maddəsinə əsasən, İcarə müddəti Avadanlıqların İcarəçinin sərəncamına verildiyi gündən başlayır.

12. Müqavilənin 2.2-ci maddəsinə əsasən, Avadanlıqların icarəçinin sərəncamına verilməsi hər iki Tərəfin imzası ilə qarşılıqlı razılaşdırılmış formada Təhvil-Təslim Aktının rəsmiləşdirilməsi ilə həyata keçirilir.

13. Müqavilənin 3.1-ci maddəsinə əsasən, nəzərdə tutulmuş məqsədlər üçün Avadanlıqların istifadəsi müqabilində icarəçi icarəyə verənə Razılaşma Protokolunda göstərilən məbləğdə icarə haqqı (“icarə Haqqı”) ödəməlidir. İcarə Haqqı yalnız Tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər.

14. Müqavilənin 3.2-ci maddəsinə əsasən, aylıq işcədvəli (hesabat) 26 gün, gündəlik 9 saat üzərindən hesablanacaq.

15. Müqavilənin 3.3-cü maddəsinə əsasən, Müqavilə üzrə icarə Haqqı aylıq icarəyə götürüldüyü halda ay tamamında, günlük icarəyə götürüldüyü halda isə avadanlıq geri qaytarılan gündən sonra icarəyə verən tərəfindən təqdim ediləcək elektron qaimə fakturanın təsdiqlənməsi tarixindən etibarən 30 gün ərzində ödəniş həyata keçiriləcəkdir.

16. Müqavilənin 4.1-ci maddəsinə əsasən, icarəyə verən icarəçidən bu Müqavilədə göstərilən qaydada və müddətdə icarə Haqqını icarəçidən tələb edə bilər.

17. Tərəflər arasında bağlanılmış 01 saylı Razılaşma Protokoluna əsasən, Tərəflər razılığa gəlmişdirlər ki, müvafiq Avadanlıq üzrə bir gün üçün icarə haqqı 428.6 manat təşkil edəcəkdir.

18. 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə Avadanlığın icarəyə verilməsinə dair tərəflər arasında imzalanmış 3 təhvil-təslim aktlarına əsasən, hər birində icarəçi yanvar, fevral və mart aylarındakı günlər üzrə icarəyə verənin xidmət göstərdiyini və aylara müvafiq olaraq 15010.96; 17326.94 və 10415.77 manat (ƏDV daxil) məbləğləri həcmində icarəyə verənə borclu olduğunu təsdiqlənmişdir.

19. 20.02.2024-cü il tarixli EBDZ082905 saylı, xx.xx.2024-cü il tarixli EBEA579173 saylı və xx.xx.2024-cü il tarixli, EBEB725982 saylı e-qaimələr tərtib edilərək göndərilmişdir.

20. 15.07.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin müaqvilə üzrə cəmi borcu 42753,65 manat müəyyən edilmişdir.

21. 26.09.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən cavabdeh MMC tərəfindən 16068,05 manat və 5480 manat məbləğlərində iddiaçının hesabına ödənişlər edilmişdir.

22. Köçürülmənin aparılması haqqında xx.xx.2024-cü il tarixli bildirişə əsasən Cavabdeh MMC tərəfindən 2289,8 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir.

23. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

28. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

29. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

30. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

31. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 17326,95 manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir.

32. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfat daxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura verməlidir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

35. Məhkəmə hesab edir ki, icarəyə verilən avadanlıqların cavabdehə verilməsi təqdim olunmuş sübutlarla təsdiqini tapdığından iddia tələbinin əsas hissədə təmin olunması üçün əsaslar mövcuddur.

36. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə 17326,95 manat məbləğində yaranmış borcu tutularaq iddiaçıya ödənilməlidir.

37. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 219 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi qismində isə (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) 142 manat məbləğində pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli AZ-01-2023 saylı icarə müqaviləsi üzrə 17326,95 manat borc məbləği və 142 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar