Məhkəmə qərarları › İş №e-2-2(113)-604/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-604/2020

31.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-604/2020 31.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, X7 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı̇: İddiaçı Cavabdeh X3rşı “qeyri-qanuni tərtib edilmiş aktı etibarsız hesab edərək hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Cavabdeh ASC”-nin Suraxanı rayon Sukanal İdarəsinin tərtib etdiyi aktın qeyri-qanuniliyi və ləğvi barədə “Cavabdeh ASC”-yə müraciət etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli 02/1/02-3/119024 nömrəli imtina cavabı verilmişdir. Belə ki, iddiaçıya məxsus Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivi, ev 28 a ünvanında həyət evinə bitişik ərazidə 5-6 il əvvəl fəaliyyət göstərən “Zeytun Bağı” çayxanasında su sayğacı iddiaçının adınadır. Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşı ona məlumat vermədən və xəbərsiz olaraq 11133 nömrəli inventar akt tərtib etmişdir. Vaxtlı-vaxtında suyun verilməməsi ilə əlaqədar 2019-cu ilin isti avqust ayında çayxananın həyətindəki evinə bitişik ərazidəki ağacların sulanması məqsədilə məhəllədə tanımadığı şəxs (hər halda məhəllədə yaşayan) tərəfindən həyətdən gələn su borusuna birləşmiş su şlanqı ilə ağaclar sulanarkən akt tərtib edilmiş və iddiaçıya 2.168 (iki min yüz altmış səkkiz) manat borc yazılmışdır. Ağacları sulayan adamı tanımır və çayxana xeyli vaxtdır fəaliyyət göstərmir. Həyəti sulamaq üçün iddiaçı həmişə sayğacına bitişik borudan gələn sudan istifadə edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən su xəttinə sayğaca qədər olan hissədə rezin boru ilə qeyriqanuni qoşulma aşkar edilmiş, bununla bağlı akt tərtib olunmuşdur. İddia tələbini əsassız hesab edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: MXD-11133 nömrəli xx.xx.2019-cu il tarixli inventar aktı ilə müəyyən edilir ki, İddiaçı fəaliyyət göstərdiyi Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, ev 28 a ünvanında yerləşən obyektə baxış keçirilən zaman məlum olmuşdur ki, sudan D-15 mm-lik rezin boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni istifadə olunur. Həmin kənar xətt ləğv olundu. Cəmi 2196 manat məbləğində borc hesablanaraq İddiaçı tələb edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, 2196 manat borcun silinməsinə dair iddia qismən təmin olunmalı, iddiaçıya hesablanmış 2103 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X5”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Beləliklə, istehlakçı İddiaçı suyun təchizatını təmin edən Cavabdeh ASC-yə məxsus su xəttində aparılan yoxlama zamanı qanunsuz qoşulma müəyyən edilmiş, tərtib edilmiş inventar aktı üzrə 12 ay üzrə hesabat aparılaraq 2196 manat borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıdan tələb edilən borc 11 ay üzrə hesablanmaqla silinməlidir. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı istehlakçı kimi (abonent kodu: 19004685) Cavabdeh ASC tərəfindən hesablanmış 2196 manat borcun 2103 manat məbləğində borc silinməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən inventar aktından müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddia qismən təmin edilməli,Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli MXD-11133 nömrəli akta əsasən İddiaçı tələb olunan borc məbləğindən 2.103 (iki min yüz üç) manat hissəsi silinməli,iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə-sinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli MXD-11133 nömrəli akta əsasən İddiaçı tələb olunan borc məbləğindən 2.103 (iki min yüz üç) manat hissəsi silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar