Məhkəmə qərarları › İş №e-2-2(113)-6040/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6040/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6040/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icraə haqqının ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 10497,66 (on min dörd yüz doxsan yeddi manat altmış altı qəpik) manat məbləğin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (bundan sonra “İcarəyə verən” və ya “İddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “İcarəçi” və ya “Cavabdeh”) arasında AZ-01-2023 nömrəli, 14 yanvar 2023-cü il tarixli icarə müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icarəyə verənin Razılaşma Protokolunda təsvir olunan Nəqliyyat Vasitələri, Texnikaları və/və ya Avadanlıqları (bundan sonra, “Avadanlıq”) üzərində mülkiyyət hüququ və səlahiyyəti mövcuddur və icarəyə verən həmin avadanlıqları icarəçiyə icarəyə verir, icarəçi də bunun müqabilində icarəyə verənə icarə haqqı ödəyir. Müqavilənin 2.1-ci maddəsinə əsasən icarə müddəti avadanlıqların icarəçinin sərəncamına verildiyi gündən başlayır. Müqavilənin 2.2-ci maddəsinə əsasən avadanlıqların icarəçinin sərəncamına verilməsi hər iki tərəfin imzası ilə qarşılıqlı razılaşdırılmış formada təhvil-təslim aktının rəsmiləşdirilməsi ilə həyata keçirilir. Müqavilənin 3.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş məqsədlər üçün avadanlıqların istifadəsi müqabilində icarəçi icarəyə verənə Razılaşma Protokolunda göstərilən məbləğdə icarə haqqı ödəməlidir. İcarə haqqı yalnız tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər. Müqavilənin 3.2-ci maddəsinə əsasən aylıq iş mövcud təqvim ayı üzərindən hesablanacaqdır. Müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilə üzrə icarə haqqı aylıq icarəyə götürüldüyü halda ay tamamında, günlük icarəyə götürüldüyü halda isə avadanlıq geri qaytarılan gündən sonra icarəyə verən tərəfindən təqdim ediləcək elektron qaimə fakturanın təsdiqlənməsi tarixindən etibarən 30 gün ərzində ödəniş həyata keçiriləcəkdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən icarəyə verən icarəçidən müqavilədə göstərilən qaydada və müddətdə icarə haqqını icarəçidən tələb edə bilər. Tərəflər arasında bağlanılmış 01 saylı Razılaşma Protokoluna əsasən tərəflər razılığa gəlmişdirlər ki, müvafiq avadanlıq üzrə bir ay üçün icarə haqqı 1800 manat (ƏDV daxil) təşkil edəcəkdir. 2023-cü ilin yanvar ayından iyul ayları üzrə avadanlığın icarəyə verilməsinə dair tərəflər arasında ayrıca 7 təhvil-təslim aktı imzalanmışdır. Həmin aktların hər birində icarəçi həmin aylar üzrə icarəyə verənin xidmət göstərdiyini və həmin aktlar üzrə ümumilikdə ƏDV xaric cəmi 8896,32 manat həcmində icarəyə verənə borclu olduğunu təsdiqləmişdir. Daha sonra icarəyə verən tərəfindən həmin aktlar üzrə icarəçiyə elektron qaimələr təqdim edilmiş və həmin qaimələr icarəçi tərəfindən geri qaytarılmayaraq sistem tərəfindən təsdiqlənmişdir. İcarəçinin borcunu təsdiqlədiyi tarix üzərindən 1 il keçsə də, icarəçi öz öhdəliklərini yerinə yetirməkdən hələ də boyun qaçırır və bu günə kimi AZ-01- 2023 nömrəli, 10 may 2023-cü il tarixli icarə müqaviləsi üzrə icarəçi icarəyə verənə 8896,32 manat əsas borc və 1601,38 manat ƏDV olmaqla, ümumilikdə 10497,66 (on min dörd yüz doxsan yeddi manat, altmış altı qəpik) manat məbləğində pul borcludur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.1, 21.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.2, 445.2.1, 448.1, 448.2, 462.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, AZ-01-2023 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verənin Razılaşma Protokolunda təsvir olunan Nəqliyyat Vasitələri, Texnikaları və/və ya Avadanlıqları (bundan sonra, “Avadanlıq”) üzərində mülkiyyət hüququ və səlahiyyəti mövcuddur və icarəyə verən həmin avadanlıqları icarəçiyə icarəyə verir, icarəçi də bunun müqabilində icarəyə verənə icarə haqqı ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş məqsədlər üçün avadanlıqların istifadəsi müqabilində icarəçi icarəyə verənə Razılaşdırma Protokolunda göstərilən məbləğdə icarə haqqı ödəməlidir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilə üzrə icarə haqqı aylıq icarəyə götürüldüyü halda ay tamamında, günlük icarəyə götürüldüyü halda isə avadanlıq geri qaytarılan gündən sonra icarəyə verən tərəfindən təqdim ediləcək elektron qaimə fakturanın təsdiqlənməsi tarixindən etibarən 30 gün ərzində ödəniş həyata keçirməlidir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən icarəyə verən icarəçidən müqavilədə göstərilən qaydada və müddətdə icarə haqqını tələb edə bilər. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən tərəflər öz aralarında yarana biləcək bütün fikir ayrılıqlarını və mübahisələri müzakirə və danışıq yolu ilə həll etməyə çalışmalıdırlar. Əgər tərəflər hər hansı fikir ayrılığını və ya mübahisəni 10 (on) gün ərzində müzakirə və ya danışıq yolu ilə həll etməyə müvəffəq olmazlarsa, tərəflərdən hər hansı biri məsələni son və qəti olaraq həll olunması üçün Azərbaycan Respublikasının müvafiq məhkəmələrinə təqdim edə bilər.

8. İş və Xidmətlərin yerinə yetirilməsi barədə 1 nömrəli təhvil-təslim aktından məlum olur ki, xx.xx.2023-cü il tarixli AZ-01-2023 nömrəli müqaviləyə əsasən görülən işlərin ümumi icarə haqqı (ƏDV xaric) 738,11 manatdır.

9. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 993132 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 870,97 manat (ƏDV daxil) təşkil edir.

10. İş və Xidmətlərin yerinə yetirilməsi barədə 2 nömrəli təhvil-təslim aktından məlum olur ki, xx.xx.2023-cü il tarixli AZ-01-2023 nömrəli müqaviləyə əsasən görülən işlərin ümumi icarə haqqı (ƏDV xaric) 836,52 manatdır.

11. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 992817 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 987,09 manat (ƏDV daxil) təşkil edir.

12. İş və Xidmətlərin yerinə yetirilməsi barədə 3 nömrəli təhvil-təslim aktından məlum olur ki, xx.xx.2023-cü il tarixli AZ-01-2023 nömrəli müqaviləyə əsasən görülən işlərin ümumi icarə haqqı (ƏDV xaric) 1525,42 manatdır.

13. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 990395 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1800 manat (ƏDV daxil) təşkil edir.

14. İş və Xidmətlərin yerinə yetirilməsi barədə 4 nömrəli təhvil-təslim aktından məlum olur ki, xx.xx.2023-cü il tarixli AZ-01-2023 nömrəli müqaviləyə əsasən görülən işlərin ümumi icarə haqqı (ƏDV xaric) 1525,42 manatdır.

15. İş və Xidmətlərin yerinə yetirilməsi barədə 5 nömrəli təhvil-təslim aktından məlum olur ki, xx.xx.2023-cü il tarixli AZ-01-2023 nömrəli müqaviləyə əsasən görülən işlərin ümumi icarə haqqı (ƏDV xaric) 1525,42 manatdır.

16. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 627508 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1800 manat (ƏDV daxil) təşkil edir.

17. İş və Xidmətlərin yerinə yetirilməsi barədə 6 nömrəli təhvil-təslim aktından məlum olur ki, xx.xx.2023-cü il tarixli AZ-01-2023 nömrəli müqaviləyə əsasən görülən işlərin ümumi icarə haqqı (ƏDV xaric) 1525,42 manatdır.

18. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 536594 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1800 manat (ƏDV daxil) təşkil edir.

19. İş və Xidmətlərin yerinə yetirilməsi barədə 7 nömrəli təhvil-təslim aktından məlum olur ki, xx.xx.2023-cü il tarixli AZ-01-2023 nömrəli müqaviləyə əsasən görülən işlərin ümumi icarə haqqı (ƏDV xaric) 1220 manatdır.

20. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 223395 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1439,60 manat (ƏDV daxil) təşkil edir.

21. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, AZ-01- 2023 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin borcu ******* manat təşkil edir.

22. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, icarə haqqı borcunun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

25. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh MMC arasında AZ-01-2023 nömrəli, 14 yanvar 2023-cü il tarixli icarə müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmış və tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı, yəni icarəyəverən icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, icarəçi cavabdeh öhdəliklərini icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

26. İddia tələbi Cavabdeh MMC-dən ümumilikdə 10497,66 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsindən ibarətdir.

27. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, AZ-01-2023 nömrəli icarə müqaviləsi üzrə yaranmış 10497,66 (on min dörd yüz doxsan yeddi manat, altmış altı qəpik) manat icarə haqqı borcu tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

28. Belə ki, tərəflər arasında imzalanıb möhürlə təsdiq edilmiş 7 ədəd təhvil-təslim aktı tərtib edilmiş, eyni zamanda cavabdehə müvafiq elektron qaimələr göndərilmişdir. Təhvil-təslim aktları üzrə hesablanan ƏDV xaric ümumi məbləğ 8896,32 manat, ƏDV məbləği 1601,33 manat olmaqla, ümumi ödənilməli məbləğ 10497,66 manat təşkil etmişdir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 10497,66 manat (on min dörd yüz doxsan yeddi manat altmış altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar