Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6060/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2.803,76 manat - bundan 2.567,46 manat əsas, 53,71 manat faiz, 19,15 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 163,44 manat faiz borcunun, iş üzrə ödənilmiş 48,04 manat məbləğində xərcin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh2 arasında bağlanmış 258-14 USD nömrəli xx.xx.2014-cü il tarixli kredit Müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitlərin təmiri” məqsədi ilə 15 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 6.350 ABŞ dolları məbləğində kredit verilmişdir. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında LM102000658 nömrəli xx.xx.2020-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 258-14 USD nömrəli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2.567,46 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Cavabdeh1 ilə Bank arasında LM102000658 nömrəli xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.
3. Bakı Kommersiya Məhkəməsini e-2-2(113)-6060/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
4. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin tutulmasıni gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh2 (borcalan) arasında xx.xx.2014-cü il tarixli 258-14 USD saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sonuncuya 15 (on beş) ay müddətinə illik 32 (otuz iki) faiz olmaqla 6.350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir.
11. xx.xx.2020-ci il tarixdə Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında LM102000658 saylı Restrukturizasiya müqaviləsi bağlanmışdır. Müqavilənin məqsədi bankla Cavabdeh2 arasında bağlanılmış və mövcud olan 19 oktyabr 2020-ci il tarixli LM102000658 nömrəli kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi olmuşdur.
12. Müqavilə ilə 2.567 (iki min beş yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti illik faiz dərəcəsi 1 faiz olmaqla, 24 ay müddətinə restrukturizasiya olunmuşdur.
13. Bundan əlavə Bankla Cavabdeh1 (zamin) və Cavabdeh2 (borclu) arasında 19 oktyabr 2020-ci il tarixli LM102000658 saylı Zaminlik müqaviləsi üzrə bankla borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM102000658 nömrəli müqaviləyə əsasən 24 ay müddətinə verilmiş 2567 (iki min beş yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik manat borc məbləğinin və ona hesablanmış faizlərin və müqavilədən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. .
14. Kredit müqaviləsi, zaminlik müqaviləsi bankın imzası və möhürü, borcalan və zaminin imzaları ilə təsdiq olunmuşdur.
15. İddiaçı tərəf cavabdehin borcunun qaldığını bildirərək, pulun tutulmasını xahiş edir.
16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
18. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
19. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Belə ki, bankla Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
21. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin banka əsas borc üzrə 2.567,46 manat, faiz borcu üzrə 53,71 manat, cərimə borcu üzrə 19,15 manat borcu vardır.
22. Cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, qeyd edilən borcun ödənilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər.
23. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.567,46 manat, faiz borcu üzrə 53,71 manat, cərimə borcu üzrə 19,15 manat olmaqla, cəmi 2.640,32 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə 19 oktyabr 2020-ci il tarixli, LM102000658 nömrəli kredit müqaviləsi üzrə əsas borca illik 5% məbləğində hesablanmaqla 163,44 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
25. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən) 16 yanvar 2024-cü il tarixədək (maliyə arayışı ilə borcun tələb edildiyi tarixədək) hesabladıqda görünür ki, cavabdeh borcun ödənilməsini təxmini 15 ay gecikdirmişdir.
26. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli LM102000658 nömrəli kredit müqaviləsi üzrə əsas borca illik 5 faiz hesablanmaqla iddiaçının 160,46 manat məbləğində pul (2.567,46,x5/100=128,373 (1 il üçün), 128,373/12=10,697 (1 ay üçün), 10,697x15=160,46 (15 ay üçün) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,04 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
28. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Əsas borc üzrə 2.567 (iki min beş yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik, faiz borcu üzrə 53 (əlli üç) manat 71 (yetmiş bir) qəpik, cərimə borcu üzrə 19 (on doqquz) manat 15 (on beş) qəpik olmaqla, cəmi 2.640 (iki min altı yüz qırx) manat 32 (otuz iki) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 160 (bir yüz altmış) manat 46 (qırx altı) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat 04 (dörd) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov