Məhkəmə qərarları › İş №e-2-2(113)-6064/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6064/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6064/2023 20.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, artıq ödənilmiş icarə haqqının qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 255,84 manat (iki yüz əlli beş manat səksən dörd qəpik) artıq ödənilmiş icarə haqqının, ödənilmiş 20 (iyirmi) manat mediasiya xərcinin və 10 (on) manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 01 iyun 2017-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, 60 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 20 kv.m sahəsi mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin müqaviləyə 23 iyul 2020-ci il tarixdə edilmiş 1 saylı düzəlişə əsasən icarə obyekti 8 kv.m və illik icarə haqqı 1200 (min iki yüz) manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər dəfələrlə pozulmuş, mobil baza stansiyasına müdaxilə edilib, elektrik enerjisinin verilişi dayandırılmışdır. Buna görə də tərəflərin qarşılıqlı razılığı ilə 21 iyun 2023-cü il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti cavabdehə təhvil verilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə cavabdehə birillik icarə haqqı ödənilmişdir. Bundan əlavə ödənilmiş icarə haqqının icarə obyektinin cavabdehə təhvil verdiyi gündən sonrakı günlər üçün qalıq hissəsi, yəni 255,84 manat (1200/365=3.28 (1 gün) X 78 gün=255,84) iddiaçıya geri qaytarılmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.3-cü maddəsinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, icarəyə verən qismində Cavabdeh ilə icarəçi qismində İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi (BBK2597 nömrəli sahə) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu, 60 ünvanda yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadantığın yerləşdirilməsi üçün ümumi sahəsi 20 kv.m olan icarə obyektini icarəçinin istifadəsinə verir; 1.2-ci bəndinə əsasən müqavilədə qeyd edilən sahənin icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur; 2.1.9-cu bəndinə əsasən icarəyəverən müqaviləyə istənilən səbəbdən vaxtından əvvəl xitam verildikdə, icarəyəverənə qabaqcadan ödənilmiş və istifadə edilməmiş pul vəsaitini icarəçiyə geri qaytarmaq öhdəliyi daşıyır; 3.1-ci bəndinə əsasən illik icarə haqqı 3000 manat (üç min) (vergilər daxıl deyil) manat təşkil edir. Ödəniş xx.xx.2017-ci il tarixdən hesablanır; 3.2-ci bəndinə əsasən icarəçi öz mülahizələrinə əsasən icarə haqqını icarəyə verənə illik olaraq ödəyə bilər; 3.3-cü bəndinə əsasən illik icarə haqqının ödənilməsi, yalnız icarəyə verən tərəfindən hesab-faktura və/və ya vergi hesab-faktura təqdim olunduqdan sonra 30 (otuz) gün ərzində bank köçürməsi vasitəsi ilə həyata keçirilir.

6. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2020ci il tarixdə 1 saylı düzəliş edilmişdir. Düzəlişdə qeyd edilmişdir ki, 1) müqavilənin 1.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin: hazırkı müqaviləyə əsasən icarəyə verən Qaradağ rayonu, Xocəsən yolu, 60 ünvanı ərazisində yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın quraşdırılması məqsədi ilə 8 (səkkİz) kv.m icarə obyektini icarəçiyə icarəyə verir. 2) Müqavilənin 3.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin: hazırkı müqaviləyə əsasən illik icarə haqqı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tətbiq olunan müvafiq vergilər xaric olmaqla, 1200 (bir min iki yüz) manat təşkil edir. Ödəniş xx.xx.2020-ci il tarixdən hesablanır. Müqavilə qüvvədə olduğu müddət ərzində icarə haqqı artırıla bilməz. 3) Müqavilənin 2.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin: bu müqavilə xx.xx.2020-ci il tarixdə qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək etibarlıdır. Müqavilə qüvvədə olduğu müddət ərzində icarə haqqının birtərəfli qaydada lcarəyəverən tərəfindən dəyişdirilməsi yolverilməzdir. 4) Düzəlişin müddəaları və şərtləri ilə ziddiyyət təşkil etməyən müqavilənin bütün digər şərtləri və müddəaları dəyişdirilmədən tam qüvvədə saxlanılır. 5) Düzəliş müqaviləyə əlavə edilir və müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. 6) Düzəliş imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin qüvvədə olduğu müddət ərzində etibarlıdır.

7. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4885 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh AZ52ACAB******************** nömrəli hesabına 1199,99 manat məlbəğində ödəniş edilmişdir. Ödənişin təyinatı qrafasında BBK2597 nömrəli sahə xx.xx.2022-ci il qeyd olunmuşdur.

8. Sahənin təhvil-təslim aktı adlı sənəddə qeyd edilmişdir ki, icarəyə götürən İddiaçı MMC-yə məxsus qurğu və avadanlıqlar götürüldü. Həmin sahə yararlı vəziyyətdə icarəyə verənə təhvil verildi, icarəyə verən hazırda və gələcəkdə hər hansı bir iddiasının olmayacağını bildirdi. Təhvil verilən sahə üzrə qüsur və çatışmazlıqlar aşkar edilmədi.

9. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, CEO_LEG_1068 nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilmiş və 591,12 manat icarə haqqının qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

10. Təqdim olunan sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İcarə müqaviləsinin müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. İcarəçi tərəfindən icarəyə verənə 2022-ci ilin sentyabr ayında 1 illik icarə haqqı olaraq 1200 manat ödənilmiş, lakin icarə münasibətlərinə 2023-cü ilin iyun ayında vaxtından əvvəl xitam verilmişdir. İcarə obyekti geri qaytarılmış, bununla bağlı tərəflər arasında akt tərtib olunmuşdur.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

14. İddia tələbini Cavabdeh Məhəmmədli oğlundan 255,84 (iki yüz əlli beş manat səksən dörd qəpik) manat artıq ödənilmiş icarə haqqının geri qaytarılması təşkil edir.

15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, işin faktiki hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, MM-nin 697.3-cü maddəsinə əsasən icarə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş icarə haqqını qaytarmaq vəzifəsi daşıdığından, eləcə də müqavilənin 2.1.9-cu bəndinə əsasən cavabdeh müqaviləyə istənilən səbəbdən vaxtından əvvəl xitam verildikdə, icarəyəverənə qabaqcadan ödənilmiş və istifadə edilməmiş pul vəsaitini icarəçiyə geri qaytarmaq öhdəliyini öz üzərinə götürdüyündən iddia tam təmin edilməli, Cavabdeh 255,84 manat (iki yüz əlli beş manat səksən dörd qəpik) artıq ödənilmiş icarə haqqı məbləği iddiaçının xeyrinə tutulmalıdır.

16. Eləcə də, iddiaçı 20 manat mediasiya xərci və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

17. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 255,84 manat (iki yüz əlli beş manat səksən dörd qəpik) artıq ödənilmiş icarə haqqı, 20 (iyirmi) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat olmaqla, cəmi 285,84 manat (iki yüz səksən beş manat səksən dörd qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar