Məhkəmə qərarları › İş №e-2-2(113)-607/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-607/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-607/2024 20.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi, plandankənar yoxlama üzrə reyestrin aparılma qaydası, fiziki şəxsin sayğacın işləkliyinə məsuliyyəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 2700 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Kürdəmir rayonunda yerləşən “Yaşar Telecom” mağazasında Cavabdeh ilə müvafiq qaydada qazdan istifadə sahəsində müqavilə bağlamaqla fəaliyyət göstərir. Cavabdehin əməkdaşları 2023-cü ilin aprel ayından iddiaçının fəaliyyətinə süni maneələr yaradırlar. Buna səbəb kimi isə guya müəssisədəki qaz sərfiyyatının düzgün qeyd edilmədiyi göstərilir. Halbuki iddiaçı cavabdehin əməkdaşları tərəfindən hər ay qaz sayğacına baxılaraq verilən hesaba uyğun qazın dəyərini ödəyir. Lakin iddiaçıya 2700 manat əsassız borc yazılmışdır. 2.2. Cavabdehin nümayəndələri yoxlama keçirərkən və əsassız borc tətbiq edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdehin nümayəndələri yoxlama keçiriləcəyi barədə heç bir rəsmi bildiriş təqdim etməmiş, baxış keçirərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərini pozmuşdur. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd olunanlar 2700 manat yazılmış cərimənin qanunsuz yazılmasının sübutudur. 2.3. Mübahisənin məhkəməyədək həll olunması üçün cavabdehə pretenziya qaydasında müraciət edilsə də, heç bir nəticəsi olmamışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1, 4.7-ci, bəndləri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndləri göstərilmişdir.

4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddia tələbi tamamilə əsassızdır. Belə ki, İddiaçı Cavabdeh İB-nin X3 İstismarı İdarəsinin Kürdəmir xidmət sahəsinin abonenti olmaqla **********00310 saylı abonent hesabı ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus olan Kürdəmir rayonu Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinin qaz təchizatı ilə təmin edən “G-6” markalı ******* nömrəli qaz sayğacı, “smart-kart” tipli “İtron” qaz sayğacı ilə əvəz edilmişdir. Qeyri-yaşayış sahəsindən açılmış qaz sayğacına cavabdehin Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, baxış zamanı qaz sayğacının membranı hərəkətə gətirən qollarının kənar təsir nəticəsində əzilməsi, xətaların normaya uyğun olmadığı müəyyən edilmişdir. Metrologiya Departamentinin MS- 14-2-2/3-5-3294-140 saylı rəyinə əsasən X3 İstismarı İdarəsinin Kürdəmir xidmət sahəsi tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmişdir. 5.2. Qeyri-yaşayış sahəsində istifadə edilən qaz cihazlarının maksimal qaz sərfiyyatına uyğun olaraq, mənzildə “QP-4” markalı 1 ədəd 32 KV kombidən istifadə olunduğu müəyyən edilmişdir. “G-6” markalı qaz sayğacının maksimal qaz sərfi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ **********00310 nömrəli hesaba 2700 manat olaraq işlənmişdir. 5.3. Tərəflər arasında bağlanılmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.5-ci bəndinə əsasən iddiaçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində cavabdehə dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar cavabdehin əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir.

6. İddiaya etirazda hüquqi əsas kimi Azərbaycan respublikası Mülki Məcəlləsinin 443.1, 448.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2 saylı əlavəsinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanının 3-cü bəndinə, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9-cu bəndinə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı fiziki şəxs kimi Kürdəmir rayonunda fəaliyyət göstərən mikro sahibkarlıq subyektidir və 2020-ci il tarixdə mağazasına quraşdırdığı isidilən döşəmə sistemi üçün təbii qazın alqı-satqısı ilə əlaqədar cavabdehlə müqavilə bağlamışdır. Bu zaman “smart-kart” tipli sayğacın quraşdırılmasını xahiş etsə də, cavabdehin xidmət sahəsində həmin vaxt “smart-kart” sayğac olmadığından “G-6” markalı mexaniki sayğac quraşdırılmışdır. Daha sonra “İtron” markalı “smart-kart” tipli sayğac cavabdehin Kürdəmir xidmət sahəsinin anbarına gətirilmiş, iddiaçı fərdi sahibkar kimi qeyri-əhali abonenti hesab olunduğundan öz hesabına həmin sayğacdan almış və xx.xx.2022-ci il tarixdə onun iştirakı ilə cavabdehin nümayəndələri tərəfindən “G-6” markalı mexaniki sayğac çıxarılmış və “İtron” markalı “smart-kart” tipli sayğac quraşdırılmışdır. Lakin cavabdeh qanunsuz olaraq təqribən 8 ay sonra 2700 manat borc məbləği hesablamışdır. Halbuki iddiaçı fiziki şəxs olduğundan onun sayğacdakı bu və ya digər qüsura görə məsuliyyət daşıması qanunvericilikdə nəzərdə tutulmamışdır.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçı qeyd etdi ki, o yalnız isidilən döşəmə sistemi üçün qaz təchizatından istifadə etdiyindən payız-qış aylarında sərfiyyat olur. Həmçinin fəaliyyət göstərdiyi müddətdə yalnız bir dəfə - xx.xx.2022-ci il tarixdə obyektin qaz sayğacı çıxarılmışdır. Sayğac isə iddiaçıya məxsus obyektdən 10-12 metr aralıda, çoxmərtəbəli yaşayış binasının yaxınlığında yerləşir.

9. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli yoxlama aktı tərtib edilərkən iddiaçının iştirakının təmin edilmədiyini, həmin yoxlama aktı ilə xx.xx.2022-ci il tarixdə çıxarılmış sayğaca baxış keçirildiyi, halbuki həmin vaxt başqa sayğac – “smart-kart” tipli sayğacdan istifadə etdiyini bildirmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilərkən Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını göstərmişdir.

10. Məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda qeyd etdi ki, xx.xx.2022-ci il tarixdə “G-6” markalı ******* nömrəli qaz sayğacı çıxarılmış, həmin sayğaca xx.xx.2023-cü il tarixdə Metrologiya Departamentində baxış keçirilmiş və qaz sayğacının membranı hərəkətə gətirən qollarının kənar təsir nəticəsində əzilməsi, xətaların normaya uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən müvafiq borc yazılmışdır.

11. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, sayğacın laborator müayinədən təqribən 8 ay sonra keçirilməsi Metrologiya Departamentinin müvafiq vaxtı təyin etməsi ilə əlaqədardır. Metrologiya Departamenti tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli baxışda iddiaçı iştirak etməmişdir. Həmçinin “smart-kart” tipli sayğacın qeydə aldığı sərfiyyat və ödənişlər standart abonent saldosunda əks olunmur, xüsusi saldoda göstərilir.

12. Cavabdehə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 08 iyun 2022-ci il tarixli AMX-1839/22 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçıya məxsus “G-6” markalı mexanika tipli ******* zavod nömrəli sayğac xx.xx.2022-ci il tarixdə çıxarılmış, çıxarılmaya səbəb “smart-kart” tipli sayğacla əvəzləmə olmuş və həmin tarixdə “İtron G-4” markalı **********5 nömrəli sayğac quraşdırılmışdır. 17 aprel 2023-cü il tarixdə cavabdehin Metrologiya Departamentində həmin sayğaca baxış keçirilmiş, sayğacın membranı hərəkətə gətirən qollarının kənar təsir nəticəsində əzilməsi, xətaların normaya uyğun olmadığı müəyyən edilmiş, bu barədə qeyri-əhali sayğacının yoxlanılması haqqında 25 aprel 2023-cü il tarixli MS-14-2-2/3-5-3294-140 nömrəli akt tərtib edilmiş, daha sonra həmin akt əsasında 25 aprel 2023-cü il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək dəymiş zərərin hesablanması tələb edilmişdir. 28 aprel 2023-cü il tarixdə dəymiş ziyanın bərpa edilməsi barədə tələbnamə tərtib edilərək 10800 kub metr itirilmiş qaz sərfi hesablanmış və 2023-cü ilin 4-cü ayı üçün abonent saldosunun “qalıq və aktlar” sütununa 2700 manat məbləğində borc daxil edilmişdir.

17. İddiaçı sayğacın çıxarılması, onda qüsurun aşkar olunması, bu əsasla borcun yazılmasını yoxlama hesab edir və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığını qeyd edir. Digər tərəfdən, iddiaçı fiziki şəxs olduğundan “Qazdan istifadə Qaydaları”na əsasən sayğaca cavabdehlik daşımadığını bildirir və əsassız hesablanmış borcun silinməsini tələb edir.

18. Cavabdeh sayğaca baxış zamanı sərfiyyatın bir hissəsinin qeydə alınmadığının müəyyən edildiyini və 2700 manat məbləğində borcun sərfiyyatla bağlı olduğunu qeyd edir və iddianın rədd olunmasını xahiş edir.

19. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. Əvvəla qeyd edilməlidir ki, cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali sayğacının yoxlanılması haqqında 25 aprel 2023-cü il tarixli MS-14-2-2/3-5-3294-140 nömrəli aktda sayğacın dövlət yoxlanılmasına gətirildiyi göstərilmişdir.

21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

22. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

23. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.

24. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

25. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

26. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

27. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

28. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

30. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

31. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalıdır.

32. Lakin hazırkı iş üzrə yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. KY231917502 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində (yoxlamanın müddəti) sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə plandankənar yoxlama təyin edilmişdir.

33. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.

34. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.3-1-ci bəndinə əsasən, Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2- 3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

35. Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən, yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.

36. Göründüyü kimi, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma hallarında təyin edilmiş yoxlama barədə müvafiq məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməli, sonuncu tərəfindən dərhal qeydiyyata alınmalıdır.

37. Hazırkı halda isə sayğacın dövlət yoxlaması qaydasında yoxlanılması, müvafiq pozuntunun aşkar olunması, akt əsasında itirilmiş sərfiyyatın müəyyən olunduğu xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində yoxlamaların vahid məlumat reyestrində hər hansı qeydiyyat aparılmamış, yalnız dəymiş zərər üçün tələbnamənin daxil edilməsi ilə əlaqədar reyestrə məlumat işlənmişdir.

38. Digər tərəfdən, xx.xx.2022-ci il tarixdə çıxarılmış sayğaca 8 ay sonra - 17 aprel 2023-cü il tarixdə baxış keçirilməsi məhkəməyə aydın deyil.

39. Bundan başqa, Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edilən Qanunda və Qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır.

40. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

41. Həmçinin “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

42. Hazırkı halda iddiaçı fiziki şəxs olduğundan ona məxsus qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olaraq cavabdeh daşıyır. Sonuncu isə iddiaçı tərəfindən qaz sayğacına təqsirli olaraq hər hansı müdaxilənin edildiyi, həmin sayğacının plombunun zədələndiyi və s. ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir.

43. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, 25 aprel 2023-cü il tarixli akt əsasında borc əsassız hesablanmışdır və hüquqi qüvvəsi yoxdur.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən İddiaçı məxsus **********00310 nömrəli abonent koduna 25 aprel 2023-cü il tarixli akt əsasında hesablanmış 2700 manat məbləğində borc silinməlidir. V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00310 nömrəli abonent koduna 25 aprel 2023-cü il tarixli akt əsasında hesablanmış 2700 (iki min yeddi yüz) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar