Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6079/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X2 katibliyi ilə, İddiaçının nümyəndəsi (qanuni təmsilçisi) Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 90.689,93 manat ona verilmiş qida məhsullarının dəyəri, 9.703,82 manat gecikdirilən hər gün üçün malın ümumi dəyərinin 0,1 faizi olmaqla, 107 günün konpensasiyası və ödənilmiş 390,39 manat dövlət rüsumunun-cəmi 100.784,14 manatın alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qətnaməsi çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda fəaliyyət göstərməklə, Bakı şəhəri və regionları keyfiyyətli qida məhsulları ilə təmin olunmasına öz töhvəsini verir. Məhdud Məsuliyyətli Cəmiyyət xaricdən gətirmiş olduğu ərzaq məhsullarının pərakəndə satışını qarşılıqlı razılaşma əsasında bağlanmış müqavilələr və qaimələr əsasında həyata keçirir, pul vəsaitləri müqavilədə nəzərdə tutulan müddət ərzində Azərbaycan X1 hesabımıza ödənilir. İddiaçın direktoru olaraq, Cavabdeh MMC-nin direktoru X5 arasında qida məhsullarının alqısatqısı ilə bağlı xx.xx.2023-ci il tarixdə ZC/MG-N1 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən qida nəhsullarının qiyməti və miqdarı qarşılıqlı razılaşma əsasında tərtib olunan aktlarla müəyyən olunur. Müqaviləyə əsasən İddiaçı MMC-nin direktoru olaraq Cavabdeh MMC-nin direktoru X4 xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı və 00109609 saylı elektronqaimə fakturaya əsasən 71.069,04 manat dəyərində Urussa əmtəə nişanlı 1 litirlik günəbaxan yağı və 5820,89 manat dəyərində Urussa əmtəə nişanlı 5 litirlik günəbaxan yağı olmaqla-cəmi 76889,93 manat dəyərində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı və 00448889 saylı elektron-qaimə fakturaya əsasən isə 4407,97 manat dəyərində Urussa əmtəə nişanlı 5 litirlik günəbaxan yağı və 9392,03 manat dəyərində Mayonez 67%, 9,6 kq olmaqla cəmi-13800 manat dəyərində qida məhsulları təhvil verilmişdir. İddiaçı MMC-nin direktoru olaraq Cavabdeh MMC-nin direktoru X5 arasında xx.xx.2024-cü il tarixdə görüş keçirilərək “qiymətlərin razılaşdırılması protokolu”, xx.xx.2024-cü il tarixdə isə görüş keçirilərək “Hesablaşmaların qarşılıqlı üzləşmə aktı” tərtib olunmuş və razılaşdırılmışdır ki, xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin mənə 90.689,93 manat borcu vardır. Üzləşmədən sonra Asiman Salahov qısa müddətdə borcu ödəyəcəyinə söz versə də həmin borcu ödəməmiş, dəfələrlə şifahi olaraq xəbərdarlıq edilsə də nəticəsi olmamış, xx.xx.2024-cü il tarixdə rəsmi məktubla xəbərdar olunmuş, lakin cavab alınmamış, borcu ödəməkdən faktiki olaraq boyun qaçırır. Tərəflər arasında bağlanmış “Alqı-satqı müqaviləsi”nin 3.5 bəndində göstərilir ki, “Alıcı malın dəyərini elektron-qaimə yazılan gündən köçürmə yolu ilə Satıcının bank hesabına köçürməlidir və əsaslandırılmamış gecikməyə görə Alıcı hər gecikdirilmiş növbəti gün üçün bu Müqavilədə göstərilən müddətdə vaxtında ödənilməmiş ümumi malın dəyərinin 0,1 faizi həcmində ümumi dəyərə əlavə edilən konpensasiya ödəməlidir. Cavabdeh MMC-nin direktoru X5, İddiaçı MMC-yə olan 90.689,93 manat borcunu vaxtında ödəmədiyindən, müqaviləyə əsasən gecikdirilən hər gün üçün malın ümumi dəyərinin 0,1 faizi həcmində konpensasiya hesablanması nəzərdə tutulduğundan, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 107 günə görə də 9.703,82 manat ödəməlidir. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən 90.689,93 manat ona verilmiş qida məhsullarının dəyəri, 9.703,82 manat gecikdirilən hər gün üçün malın ümumi dəyərinin 0,1 faizi olmaqla, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan107 günün konpensasiyası və ödənilmiş 390,39 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
9. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən alqı-satqı müqaviləsinin predmetini satıcının alıcıya təqdim etdiyi qida məhsulları təşkil edir.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən alqı-satqı müqaviləsinin predmetinə satıcının alıcıya təqdim etdiyi qida məhsulları qiymətləri də daxildir ki, həmin qiymətlər bu müqaviləyə əlavə olunan müxtəlif məhsulların qiymətlərinə və miqdarına dair qaşılıqlı razılaşma əsasına tərtib edilən aktla müəyyən edilir.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin məbləği təqdim edilən elektron qaiməyə əsasən köçürmə yolu ilə aparılır.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma malların verilməsi üçün nəğd və ya köçürmə yolu ilə aparılır. Elektron qaimə yazılan gündən 15 gün müddətində köçürmə olunmalıdır.
14. xx.xx.2024-cü il tarixli malların təhvil təslim aktlarına əsasən iddiaçı tərəfindən 76889,93 manat, xx.xx.2024-cü il tarixli malların təhvil təslim aktlarına əsasən tərəfindən 13800 manat dəyərində mallar cavabdehə təqdim edilmiş, hər iki akt tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir.
15. xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı 00109609 saylı e-qaiməyə əsasən 76889,93 manat dəyərində və xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı 00448889 saylı eqaiməyə əsasən isə 13800 manat dəyərində məhsul cavabdeh firmaya təqdim edilməsinə dair qaimələr tərtib edilmiş və hər iki qaimə alıcı tərəfindən təsdiq edilmişdir.
16. xx.xx.2024-cü il tarixli hesabların qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMCni müqavilə üzrə 90689,93 manat borcu olması müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
17. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 835 saylı arayışına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi heç bir vəsait ödənilmişdir.
18. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
19. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
20. Məhkəmə ilkin olaraq xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 90689,93 manat məbləğində əsas borcun təmin edilməsi hissəsinə dair hüquqi qiymət verilməsini vacib hesab edir.
21. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) müqavilədə nəzərdə tutulmuş malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəməmişdir.
22. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Məhkəmə qeyd edir ki, ödəniş tərəflər arasında bağlanmış müqaviləyə əsasən eqaimə yazılan gündən 15 gün müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.
25. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
27. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Qeyd olunanlardan göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəf 90689,93 manat məbləğində əsas borcun olmasını qəbul etmiş, borcların qarşılıqlı üzləşdirilməsinə dair akt tərtib edilmiş və həmin akt da hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
30. Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun ödənilməsi tələbi ilə bağlı
31. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 9703,82 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq müqqavilənin 6.2ci bəndinə istinad etmişdir.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
34. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
35. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
36. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehdən tutulacaq dəbbə pulu 4534 manat məbləğində müəyyən edilməlidir.
38. İş materiallarından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu olaraq olaraq 391 manat ödəniş edilmişdir.
39. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu ilə bağlı ödənilmiş xərcin əvəzi olaraq 376 manat (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) məbləğində pul cavabdehdən tutularaq İddiaçı MMC şirkətinə ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 90.689,93 manat əsas borc məbləği, 4534 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 376 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova