Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6080/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X3 (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 124000 manat məbləğində borcun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli iltizama əsasən Cavabdeh3 sement materialına görə "xxxx" MMC-yə 134000 manat (yüz otuz dörd min manat) məbləğində borcunun olması təsdiq olunmuşdur. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 həmin borca görə zamin kimi borc alan ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi "xxxx" MMC və cavabdehlər arasında borc münasibətləri mövcud olmuşdur. Hazırki tarixə qədər Cavabdeh3 tərəfindən həmin borc məbləğindən yalnız 10000 manat (on min manat) məbləğində ödəniş olunmuşdur. Cavabdehlərə "xxxx" MMC və iddiaçı tərəfindən dəfələrlə yazılı məktublarla müraciət olunsa da həmin borcu ödəməkdən yayınmışlar və hazırki tarixə qədər borcun qalan hissəsi üçün (124000 manat) heç bir ödəniş etməmişlər. "xxxx" MMC ilə bağlanmış 01 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən satılmış sement materialına görə yaranmış borca görə Cavabdeh3 tələb hüququnu "xxxx" MMC-dən satın alınmışdır. Bu səbəbdən hazırda cavabdehlər həmin borcu iddiaçıya qaytarmalıdır.
3. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 124000 manat məbləğində pulun Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6080/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Cavabdeh3 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli yazılı iltizama görə, Cavabdeh3 "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixə 134000 manat borcu olduğunu təsdiq etmiş və həmin məbləği xx.xx.2021-ci il tarixinə qədər MMC-yə ödəyəcəyini öhdəsinə götürmüşdür.
11. İddiaçı (alıcı) ilə "xxxx" MMC (satıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli tələb hüquqlarının alqı-satqısı müqaviləsinə görə Cavabdeh3 "xxxx" MMC-yə olan 134000 manat borcunun 10000 manat hissəsini ödəmiş, qalıq borc məbləği 124000 manat təşkil edir. Satıcı bu müqavilə üzrə müəyyən edilmiş şərtlər əsasında Cavabdeh3 "xxxx" MMC-yə olan borc məbləğinə tələb hüququnu alıcıya satmağı, alıcı isə bu müqavilə razılaşdırılmış qaydada tələb hüququnun dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 1.2-ci bəndinə əsasən borc məbləğinə tələb hüququ 124000 manat həcmində satıcıdan alıcıya keçmişdir.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh3 ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, "xxxx" MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək müvafiq malları Cavabdeh3 təhvil verməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik lazımınca icra edilməmiş, Cavabdeh3 "xxxx" MMC-yə 124000 manat məbləğində borcu yaranmışdır. Göstərilən müqavilə üzrə tələb hüququ xx.xx.2023-cü il tarixdə iddiaçıya ötürülmüşdür. İddiaçı hazırda həmin borcu cavabdehdən tələb etməkdə haqlıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Həmin Məcəllənin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
19. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
20. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur.
21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin "xxxx" MMC-yə olan borcu, eləcə də bu borcla bağlı tələb hüququnun iddiaçıya ötürülməsi iş materialları öz təsdiqini tapdığı və tələbin güzəşti qanunvericiliyə müvafiq həyata keçirildiyi üçün iddia tələbi əsaslıdır və təmin edilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 414 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh3 124000 manat məbləğində pul, 414 manat dövlət rüsumu, ümumilikdə 124414 (bir yüz iyirmi dörd min dörd yüz on dörd) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova