Məhkəmə qərarları › İş №e-2-2(113)-6091/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6091/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6091/2024 10.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İcraçıya 5711,85 manat əsas borcu, 285,55 manat vergi borcu, 1000 manat tikinti texnikasını dayman üzərində geri qaytarılmasına görə borcu, 5711,85 manat pulun hər gün üçün 0.1% (12 ayın) 2055,96 manat və ümumilikdə cəmi 9053,36 manat məbləğində borcu məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə, Cavabdeh MMC-nin tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 01-2-23 nömrəli Tikinti Texnikasının Xidmət Müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti: - Bu müqaviləyə görə “İcraçı” müəssisəyə məxsus olan Liugong CLG 418 İİİ Avtoqreyderi Sifarişçi üçün xidmətə verir. “Sifarişçi” isə xidmət müqaviləsində razılaşdırılan dəyəri “İcraçı”ya ödəyir. Həmin Müqavilənin məbləği və ödəmə şərtləri belədir: - bu müqavilənin 2.1 bəndində göstərilən Texnikanın aylıq Xidmət haqqı 11000 manat təşkil edir. Sifarişçi həmin məbləği cari ayın sonunadək nəğd və ya köçürmə yolu ilə İcraçının hesabına köçürməlidir. İddiaçı MMC ilə , Cavabdeh MMC -nin tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 01-2-23 nömrəli Tikinti Texnikasının Xidmət Müqaviləsində göstərilən öhdəliklər, Cavabdeh MMC tərəfindən kobud şəkildə pozularaq İddiaçı MMC ziyana uğramışdır. Belə ki, Xidməti Müqavilədə də göstərildiyi kimi Müqavilənin müddəti xx.xx.2023-ci il tarixdən xx.xx.2024cü il tarixə qədər qüvvədədir. Lakin Sifarişçi ilk başdan yəni müqavilə bağlandığı andan öhdəliklərini pozmuşdur. Sifarişçinin İcraçıya 5711,85 manat əsas borcu, 285,55 manat vergi borcu, 1000 manat tikinti texnikasını dayman üzərində geri qaytarılmasına görə borcu, 5711,85 manat pulun hər gün üçün 0.1% (12 ayın) 2055,96 manat və ümumilikdə cəmi 9053,36 manat məbləğində borcu yaranmışdır. X2 bağlandığı andan İcraçıya heç bir ödəniş etməmişdir. Halbuki Sifarişçi İcraçıya ödəniş etməsə də, İcraçıya məxsus texnikadan istifadə etmişdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyənnamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdirlər.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01-2-23 saylı Tikinti Texnikasının Xidmət Müqaviləsi üzrə yaranmış 9053,36 manat borcun, cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində geri qaytarılmasına görə pul tələbi dedikdə, şifahi razılaşmaya görə Cavabdeh MMC-nin İcraçı -İddiaçı MMC-yə məxsus Liugong CLG 418 markalı 01AB111 nömrə nişanlı avtoqreyderi iş yerinə aparılmasını və iş qurtardıqdan sonra geri qaytarılmasını təmin etməli idi, yəni xərclərini ödəməli idi. Avtoqreyder xüsusi təyinatlı ağır yol texnikası olduğu üçün xüsusi daşıma texnikası (dayman) üzərində daşınır. Cavabdeh MMC avtoqreyderi Bakıdan Qubadlıya daşınması xərcini çəksə də Qubadlıdan Bakıya geri qaytarılma xərcini ödəməmişdir. Qubadlıdan Bakıya Avtoqreyderin xüsusi daşıma texnikası (dayman) üzərində geri qaytarılmasına 1000 manat vəsait xərclənib. Daha sonra iddia ərizəsində hər gecikdirilmiş gün üçün 0,1 faiz cərimə hesablanaraq 5711,85 manatın 12 aylıq hesablanaraq 2055,96 manat tələbi irəli sürülüb. Müqavilədə Sifarişçi xidmət haqqını vaxtında İcraçıya ödəməli idi. Vaxtında ödənilməyən vəsaitə görə İddiaçı MMC-yə külli miqdarda ziyan dəymişdir. Əldə edə bilinən fayda itirilmişdir. Həmçinin işçilərə əmək haqqı ödəyə bilmədiyinə görə işdən ərizə ilə çıxıb getmişdilər və onların son haqq-hesabını vaxtında ödəyə bilmədiyinə görə Əmək müfəttişliyi tərəfindən 700 manat cərimə olunmuşdur. Vergi borcu tələbi dedikdə şifahi razılaşmaya görə İddiaçı MMC-yə köçürülən xidmət haqqının vergisini də köçürməli idi. İddiaçı MMC-gəlir vergisi ödəyicisi kimi Vergi xidmətinə gəlirlərindən 5 faiz vergi ödəyir. 5711,85 manatın 5 faizi tələb olaraq 285,55 manat iddia ərizəsində qeyd edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı MMC ilə SK CONSTRUCTİON” MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 01-2-23 nömrəli Tikinti Texnikasının Xidmət Müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə əsasən sifarişçinin tapşırığı əsaslnda icraçı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 00+000-66+000 və Xanlıq Qubadlı 00+000-17+000 km hissəsinin tikintisi layihəsində torpaq qatının tikintisini həyata keçirir, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəyir.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlər sifarişçi tərəfindən təhvil-təslim aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı bu müqavilənin 1.1-ci bəndinə qeyd edilən işləri bir təqvim ayı ərzində icra etdikdən sonra təhvil-təslim aktı əsasında xidmət haqqı 45 gündən sonra nağdsız qaydada sifarişçi tərəfindən icraçıya ödənilir.

13. Müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədə qalır.

14. xx.xx.2023-cü il tarixli işlərin təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətin dəyəri 3711,44 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

15. 02.04.2023-cü il tarixli EBDC733749 saylı e-qaiməyə əsasən xx.xx.2023-cü il təhvil-təslim aktı əsasında 5711,85 manatlıq xidmətin göstərilməsinə dair qaimə tərtib edilmişdir.

16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

19. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

20. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

22. Məhkəmə iddia tələbinin əsas borca münasibət qismən, yəni 3711,44 manat hissəsinə dair təmin edilməsini əsaslı hesab edir.

23. Belə ki, iddiaçı cavabdehdən 5711,85 manat pulun ödənilməsini tələb etsə də, xx.xx.2023-cü il tarixli işlərin təhvil-təslim aktına əsasən göstərilmiş xidmətlərin dəyəri cəmi 3711,44 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlər sifarişçi tərəfindən təhvil-təslim aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır. Beləliklə, müqavilə şərtinə əsasən, xidmətlərin icra edilməsi eqaimənin göndərilməsi ilə deyil, təhvil-təslim aktının imzalanması ilə icra edilmiş sayılır.

24. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş 3711,44 manat dəyərində xidmətlər müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin aktı ilə iddiaçı tərəfindən Cavabdeh MMCyə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 3711,44 manat məbləğində borcu ödənilməmiş qalmışdır.

25. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 3711,44 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Bundan başqa iddiaçı pulun ödənişinin gecikdirilməsinə görə 2055,96 manat məbləğində dəbbə pulu borcunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.

27. Məhkəmə iddia tələbini bu hissədə də qismən əsaslı hesab edir və gəlmiş olduğu nəticə ilə bağlı aşağıdakı məqamları qeyd edir:

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

29. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

30. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

31. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

32. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq, müqavilə üzrə cavabdehdən tutulacaq dəbbə pulu 186 manat məbləğində müəyyən edilməlidir.

34. Bundan əlavə iddiaçı avtoqreyderin xüsusi daşıma ilə geri qaytarılmasına görə 1000 manat və 5711,85 manat borca dair 5% hesablanmış 285,55 manat gəlir vergisinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

35. Lakin, texnikanın daşıma xərcinə dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir və daşıma xərcinin cavabdeh tərəfindən ödənilməli olmasına dair müqavilə şərtinin mövcüdluğu müəyyən edilməmişdir. Eyni zamanda 5711,85 manat borca dair 5% hesablanmış 285,55 manat gəlir vergisinə dair hissədə də məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki, əsas borc məbləğini məhkəmə tərəfindən işlərin təhvil edilməsi aktına əsasən 3711,44 manat müəyyən etmiş və həmin məbləğə dair gəlir vergisinin hesablanması və buna dair cavabdeh tərəfindən müqavilə üzrə ödəniş edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə həmin hissələrdə iddia tələbinin təmin edilməsini əsaslı hesab etmir.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 110,53 manat dövlət rüsumu ödənilmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, təmin edilmiş məbləğə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü iltarixli 01-2-23 saylı xidmət müqaviləsi üzrə 3711,44 manat əsas borc məbləği, 186 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 59 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar