Məhkəmə qərarları › İş №e-2-2(113)-6091/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6091/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6091/2025 11.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, əsas və faiz borcu, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə - 004R********** saylı krеdit razılaşması üzrə 10465.12 manat məbləğində krеdit bоrcu, 847.44 manat məbləğində faiz bоrcu və 491.38 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11803,94 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125.41 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh3 120 ay müddətinə 800000 manat məbləğində krеdit хətti açılmışdır. Həmin müqavilə əsasında Cavabdeh3 xx.xx.2022-ci il tarixli 004R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 19534.88 manat ödəmiş, 10465.12 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 139 gün üçün hesablanmış faiz borcu 847.44 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 139 gün üçün hеsablanmış cərimə 491.38 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

3. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə EMİS vasitəsilə etiraz təqdim etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, 26 oktyabr 2022-ci ildə bankdan ümumilikdə 40000 manat pul götürülmüş, ilkin olaraq 30000 manat qeyd olunsa da, 30000 manatdan az məbləğ 2 ay müddətində hissə-hissə verilmiş, təxmini bir aydan sonra təkrar 10000 manat pul yazılsa da yenə 10000 manatdan az pul verilmişdir. Kreditin götürülmə səbəbi miras qalan qeyri-yaşayış obyektinin təmiri və yenidən qurulması olmuşdur. Bankdan götürülən pulu vaxtı-vaxtında ödəmiş, hətta 10000 manatı vaxtından əvvəl qaytarmışdır. 2024-cü ilin yanvarında səhhətində qəfil pisləşmə olmuş və müalicəsi üçün küllü miqdarda pul xərclənmişdir. 2025-ci ilin fevral ayında Accesses banka yazılı və şifahi müraciət etmiş və ona yeni qrafikin açılmasını, vaxtın uzadılmasını və aylığın azaldılmasını xahiş etmişdir. Lakin müraciəti heç bir nəticə verməmişdir, banka olan borcunu ödəməkdən boyun qaçırmır, sadəcə vaxtı uzadaraq aylığın azaldılmasını xahiş edir.

İİ Tərəflərin mövqeləri:

5. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclaslarında iştirak etməmişlər.

6. İddiaçı xx.xx.2025-ci il tarixdə EMİS vasitəsi ilə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə EMİS vasitəsi ilə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etiraz ərizəsinin məzmununa uyğun izahat vermişlər.

İİİ Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı QSC ilə kredit alan Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Bank müqavilə ilə müəyyən şərtlər əsasında uzunmüddətli kredit xəttini açır. 2.2-ci bəndinə əsasən, kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir: kreditin məqsədi/təyinatı– sahibkarlıq faəliyyətinin maliyyələşdirilməsi, uzunmüddətli kredit xəttinin məbləği 800000 manat, kreditin maksimum müddəti 120 ay, kreditin faiz dərəcəsinin yuxarı həddi 28 faiz, FİFD-in yuxarı həddi 30 faiz, aylıq ödənişin yuxarı həddi 50000 manat təşkil etmişdir. 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilərlər. 4.9-cu bəndinə əsasən bank, kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. 11.1-ci bəndinə əsasən zamin, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 13.10-cu maddəsinə əsasən, tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənədək müqavilə qüvvədədir.

12. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 və İddiaçı QSC arasında bağlanan xx.xx.2022-ci il tarixli 004R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasından görünür ki, kreditin müddəti 36 ay, illik faiz dərəcəsi 22%, kreditin məbləği ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat təşkil edir.

13. İddiaçı QSC-nin kreditin verilməsi – köçürmə barədə çıxarışına əsasən, Cavabdeh3 hesabına xx.xx.2022-ci il tarixdə 30000 manat pul köçürülmüşdür. Çıxarış Cavabdeh3 tərəfindən imzalanmışdır.

14. Cavabdeh3 məxsus hesabdan çıxarışa əsasən xx.xx.2022-xx.xx.2025-ci illəri əhatə edən dövr üzrə ümumi mədaxil 85375,91 manat, məxaric 85375,91 manat təşkil etmişdir.

15. İddiaçı QSC-nin xx.xx.2025-ci il tarixli, OUT-2025/06/23-87 saylı maliyyə arayışına əsasən Cavabdeh3 004R********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 10465,12 manat, faiz üzrə borcu 847,44 manat, cərimə borcu 491,38 manat olmaqla cəmi borcu 11803,94 manat təşkil edir, o cümlədən cərimə hesablanmış gecikdirilən günlərin sayı 139 gün müəyyən edilmişdir.

16. 22.07.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 125,41 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

17. Beləliklə, tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. İddiaçı cavabdehin müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələb edir.

18. AR Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

20. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh3 120 ay müddətinə 800000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 004R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit verilmiş, cavabdeh krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka öhdəsinə götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə zaminlər kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin olunması məqsədi ilə borclunun öhdəliklərini yerinə yetirməməsi nəticəsində əmələ gələn borc üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyacaqlarını üzərinə götürmüşlər. Beləliklə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmiş, cavabdeh isə kredit məbləğinin bir qismini ödəməsinə baxmayaraq qalan məbləğin ödənişini həyata keçirməmişdir. İddiaçı hazırda kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutulması tələbi ilə çıxış edir.

21. Məhkəmə ilkin olaraq kredit müqaviləsinin qüvvəsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

22. AR MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

23. AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

24. İş materiallarından görünür ki, tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilənin müddətinin 36 ay müəyyən edilməsinə baxmayaraq, iddiaçı xx.xx.2025-ci il tarixdə borcalana pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə əsas, faiz və cərimə borcunun qaytarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2025-ci il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb etməkdə haqqlıdır.

25. Əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

26. 004R********** saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləğinin müəyyən edilməsi məqsədilə cavabdehin müvafiq vəsatəti əsasında məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən xx.xx.2025-ci il tarixə əsas borc 12345,12 manat, faiz borcu üzrə 1191,45 manat müəyyən edilmişdir.

27. İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq ekspert rəyinin nəticəsinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmiş, cavabdehlər tərəfindən rəyə dair hər hansı bir etiraz və ya əlavə sübut təqdim edilməmiş, mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.

28. Göründüyü kimi məhkəməyə təqdim edilmiş ekspert rəyində göstərilən əsas borc və faiz borcu məbləği iddia tələbində qeyd olunan məbləğdən daha yuxarı həddə müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, iddia tələbindən kənara çıxmamaq şərtilə ekspert rəyinə sübut kimi qiymət verərək və tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, əsas borc və faiz borcu hissəsində iddia tələbi təmin edilməli, əsas borcun məbləği 10465.12 manat və faiz borcunun 847.44 manat müəyyən edilməlidir.

29. İddiaçı eyni zamanda 491.38 manat cərimə borcunun cavabdehlərdən tutulmasını tələb edir.

30. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

31. Əlavə olaraq AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).

32. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalı, cavabdehlərdən iddiaçının xeyrinə 491.38 manat məbləğində dəbbə pulu tutulmalıdır.

33. Eyni zamanda məhkəmə Cavabdeh1 və Cavabdeh2 ilə bağlanan xx.xx.2022-ci il tarixli 004L**********88 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, zamin qismində çıxış edən şəxslər borclu ilə birgə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

34. Məhkəmə Cavabdeh3 etirazına münasibətdə qeyd edir ki, etirazda qeyd edilənlər formal mülahizələrə əsaslanmış, cavabdeh həmin dəlillərə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehlərin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiklərini, nəticədə onların iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 10465.12 manat əsas borc, 847.44 manat faiz borcu, 491.38 manat dəbbə pulu olmaqla, cəmi 11803.94 manat pul məbləği, tutularaq iddiaçıya ödənilməlidir.

36. İddiaçı həmçinin 125.41 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. İddia tələbi təmin edildiyindən məhkəmə dövlət rüsumunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir.

39. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. V Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10465.12 manat əsas borc, 847.44 manat faiz borcu, 491.38 manat dəbbə pulu olmaqla, cəmi 11803.94 (on bir min səkkiz yüz üç manat doxsan dörd qəpik) manat pul məbləği, həmçinin 125.41 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pul məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar