Məhkəmə qərarları › İş №e-2-2(113)-6094/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6094/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6094/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, əmlakın boşaldılması və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, əmlakın boşaldılması və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X3 (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “icarə müqaviləsinin ləğvi, əmlakın boşaldılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 iyun 2023-cü il tarixli, CN-İ xx/xx/2023 nömrəli Müqavilə üzrə 41800 (qırx bir min səkkiz yüz manat) manat əsas borc, 1724,58 (min yeddi yüz iyirmi dörd manat, 58 qəpik) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz və 28 noyabr 2023-cü il tarixli Müqavilə üzrə 107 364 (bir yüz yeddi min üç yüz altmış dörd) manat məbləğində əsas borc, 2013,08 (iki min on üç manat 8 qəpik) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz, cəmi 152901,66 (bir yüz əlli iki min doqquz yüz bir manat, 66 qəpik) manat əsas borc, 1000 manat məbləğində vəkil xərci, 442,9 manat (dörd yüz qırx iki manat, doxsan) manat məbləğində dövlət rüsumu və məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək aylıq 13420,50 (on üç min dörd yüz iyirmi manat əlli qəpik) manat məbləğində icarə haqqınının Cavabdeh MMC-dən alınaraq iddiaçı X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 (“İcarəyə verən”) ilə Cavabdeh MMC (“İcarəçi) arasında bağlanmış 1 iyun 2023-cü il tarixli, CN-İ xx/xx/2023 nömrəli İcarə Müqaviləsinə əsasən, İcarəyə verən icarə obyektini İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, İcarəçi İcarəyə verənə 2023-cü il iyun ayının birindən etibarən 15300 (on beş min üç yüz) manat (bütün vergi ödənişləri daxil olmaqla) (bundan sonra “İcarə haqqı” adlandırılacaq) aylıq haqq ödəyəcəkdir. Bu müqavilə üzrə Cavabdeh MMC (“İcarəçi”) cəmi 50000 manat ödəniş etmişdir. Ödənilmiş məbləğ cəmi 3 aydan bir qədər uzun müddətin icarə haqqını qarşılayır. Həmin müqavilə üzrə cavabdehin 41800 manat borcu qalmışdır. İddiaçı və cavabdeh arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli yeni İcarə Müqaviləsinə əsasən, İcarəçi icarə obyektini İcarəçinin istifadəsinə verməyi İcarəçi isə İcarə Haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflərin razılığı ilə müəyyən edilmiş İcarənin müqabilində İcarəçi İcarəyə verənə 2023-cü il noyabr ayının 27-dən etibarən 13420,50 (on üç min dörd yüz iyirmi manat əlli qəpik) manat (bütün vergi ödənişləri daxil olmaqla) (bundan sonra “İcarə haqqı” adlandırılacaq) aylıq haqq ödəyəcəkdir. Həmin müqavilə üzrə cavabdehin 107 364 manat borcu qalmışdır. Həmin Müqavilənin də 7-ci bəndinə əsasən, icarə haqqı və ya hazırkı müqaviləyə əsasən, İcarəçinin hər hansı digər vaxtı çatmış ödənişi və ya onun bir hissəsinin ödəmə vaxtı çatdıqdan sonra 1 (bir) ay ərzində ödənməzsə, İcarəyə verən 30 gün öncədən bildiriş göndərməklə İcarə Müqaviləsinə xitam verə bilər. İcarə müqaviləsinə xitam verilməsi İcarəçini ödənilməmiş aylar üçün icarə haqqını ödəməkdən azad etmir. 28 noyabr 2023-cü il tarixli İcarə Müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən heç bir ay üçün icarə haqqı ödənilməmişdir. İddiaçı X3 tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin xitamı ilə bağlı məktub göndərilmişdir. Lakin, həmin məktubun göndərilməsindən 1 (bir) ay keçməsinə baxmayaraq, hələ də nə borc ödənilmiş, nə də qeyri-yaşayış sahəsi tərk edilmişdir. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə Cavabdeh MMC-yə xx.xx.2024 tarixli pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq 1 (bir) aydan artıqdır ki, icra etməkdən qəsdən yayınmışdır.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1 iyun 2023-cü il tarixli, CN-İ xx/xx/2023 nömrəli Müqavilə üzrə 41800 (qırx bir min səkkiz yüz manat) manat əsas borc, 1724,58 (min yeddi yüz iyirmi dörd manat, 58 qəpik) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz və 28 noyabr 2023-cü il tarixli Müqavilə üzrə 107 364 (bir yüz yeddi min üç yüz altmış dörd) manat məbləğində əsas borc, 2013,08 (iki min on üç manat 8 qəpik) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz, cəmi 152901,66 (bir yüz əlli iki min doqquz yüz bir manat, 66 qəpik) manat əsas borc, 1000 manat məbləğində vəkil xərci, 442,9 manat (dörd yüz qırx iki manat, doxsan) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçı X2 ödənilməsi, 28 noyabr 2023-cü il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 16 ünvanda yerləşən ümumi sahəsi 2207 kv.m olan qeyri yaşayış binasının X1 payına düşən 1348 kv.m sahəsindən və onun ətrafında yerləşən 0.045 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış ikinci icarə müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş olunmayıb və icarə obyekti hazırda cavabdehin istifadəsindədir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir

6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış 1 iyun 2023-cü il tarixli, CN-İ xx/xx/2023 nömrəli icarə müqaviləsinə əsasən, icarəçi (iddiaçı) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 16 ünvanında yerləşən qeyri-yaşayış binasının 2202.7 kv.m sahəsi olan qeyri-yaşayış binasını və onun ətrafında yerləşən torpaq sahəsini icarəçiyə (cavabdeh) icarəyə verir.

14. Müqavilənin 1.3-cü bəndinə əsasən, icarə obyektinin icarəsi 3 il müddətinə təyin edilir. Müqavilənin müddəti bitdikdən sonra tərəflərin müqavilənin müddətinin uzadılmasına yazılı imtinası olmazsa, müqavilə növbəti müddət üçün uzadılmış hesab olunur.

15. Müqavilənin 1.7-ci bəndinə görə bu müqavilə xx.xx.2023-cü il tarixdən qüvvəyə minir.

16. Müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflərin razılığı ilə müəyyən edilmiş icarənin müqabilində icarəçi aşağıda qeyd olunduğu kimi icarəyə verənə tətbiq edilən vergilər ödənildikdən sonra 2023-cü ilin iyun ayının 1-dən etibarən 15300 manat (bütün vergi ödənişləri daxil olmaqla) aylıq haqq ödəyəcək.

17. Müqavilənin 2.5-ci maddəsinə icarə müddətinin axımı və icarə müqaviləsi üzrə ödənişlər xx.xx.2023-cü il tarixdən başlayır.

18. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən, icarəçi (iddiaçı) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 16 ünvanında yerləşən 2202.7 kv.m sahəsi olan qeyri-yaşayış binasının icarəyə verənin payına düşən 1348 kv.m olan sahəsini və onun ətrafında yerləşən torpaq sahəsini icarəçiyə (cavabdeh) icarəyə verir.

19. Müqavilənin 1.3-cü bəndinə əsasən, icarə obyektinin icarəsi 3 il müddətinə təyin edilir. Müqavilənin müddəti bitdikdən sonra tərəflərin müqavilənin müddətinin uzadılmasına yazılı imtinası olmazsa, müqavilə növbəti müddət üçün uzadılmış hesab olunur.

20. Müqavilənin 1.7-ci bəndinə görə bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir.

21. Müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflərin razılığı ilə müəyyən edilmiş icarənin müqabilində icarəçi aşağıda qeyd olunduğu kimi icarəyə verənə tətbiq edilən vergilər ödənildikdən sonra 2023-cü ilin dekabr ayının 15-dən etibarən 13420,50 manat (bütün vergi ödənişləri daxil olmaqla) aylıq haqq ödəyəcək.

22. Müqavilənin 2.5-ci bəndinə görə icarə müddətinin axımı və icarə müqaviləsi üzrə ödənişlər xx.xx.2023-cü il tarixdən başlayır.

23. 08.05.2024-cü il tarixli **********6 / ********* nömrəli ödəniş tapşırığına əsasən, xx.xx.2023 tarixli müqaviləyə əsasən EBDJ 625649, EBDJ 629683, EBDM 325571, EBDO 313800 saylı qaimələr üzrə 50000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına köçürülmüşdür.

24. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2408 10680688 nömrəli 30600 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10680755 nömrəli 107364 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 325571 nömrəli 15300 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11950159 nömrəli 13420,5 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 629683 nömrəli 15300 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 625649 nömrəli 15300 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 313800 nömrəli 15300 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, icarə sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.

26. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

27. Belə ki, iddia tələbləri dörd hissədən ibarətdir: 1. icarə haqqı borcunun tutulması;

2. illik 5% məbləğində faiz borcunun tutulması; 3. müqavilənin ləğv edilməsi 4. cavabdehin icarə sahəsindən çıxarılması.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

30. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 1 iyun 2023-cü il tarixli, CN-İ xx/xx/2023 nömrəli və 28 noyabr 2023-cü il tarixli icarə müqavilələri bağlanmışdır.

32. 1 iyun 2023-cü il tarixli, CN-İ xx/xx/2023 nömrəli icarə müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən iddiaçıya müqavilənin qüvvədə olduğu 6 ay üzrə (2023-cü ilin iyun, iyul, avqust, sentyabr, oktyabr) ümumilikdə 91800 manat ödəniş edilməli olduğu halda, 50000 manat vəsait ödənilmiş, qalıq 41800 manat borc ödənilməmişdir.

33. Materiallardan görünür ki, 28 noyabr 2023-cü il tarixli icarə müqaviləsi üzrə isə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, xx.xx.2023-cü il tarixdən müqavilə üzrə yaranan icarə haqqı borcu 8 ay üçün 107364 manat (2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul) təşkil edir.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

35. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.

36. İddia ərizəsindən görünür ki, iddiaçı icarə müqavilələri üzrə borclunun icranın gecikdirməsi nəticəsində əsas borc məbləğləri üzrə iddiaçıya vurulmuş zərər qismində 1 iyun 2023-cü il tarixli, CN-İ xx/xx/2023 nömrəli müqavilə üzrə 1724,58 manat, xx.xx.2023cü il tarixli müqavilə üzrə isə 2013,08 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.

37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

38. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

39. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

40. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

41. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

42. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

43. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

45. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

46. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

47. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

48. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

49. Borc məbləğlərinin gecikdirilməsi faktı iş materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

50. Məhkəmə iddia tələbini üçüncü, xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi hissəsində də əsaslı hesab edir, həmin tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Belə ki, sözügedən müqavilənin 7-ci bəndinə əsasən, icarə haqqı və ya hazırkı müqaviləyə əsasən icarəçinin vaxtı çatmış ödənişi və ya onun bir hissəsinin ödənmə vaxtı çatdıqdan sonra 1 ay ərzində ödənməsə icarəyə verən icarəçiyə 30 gün öncədən bildiriş verməklə icarə müqaviləsinə xitam verə bilər.

52. Materiallardan görünür ki, iddiaçı məhkəməyə müraciət edilməzdən öncə cavabdehə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı müraciət etmişdir.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

54. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

55. Məhkəmə araşdırması zamanı cavabdehin sözügedən müqavilə üzrə ümumiyyətlə icarə haqqı ödəməməsi müəyyən edilmişdir.

56. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilməlidir.

57. İddia tələbinin sonuncu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə icarə sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, icarə sahəsi hazırda da cavabdehin sahiblik və istifadəsindədir. Hazırda tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edildiyi üçün iddiaçı icarə sahəsinin boşaldılmasını cavabdehdən tələb etməkdə haqlıdır.

58. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

59. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh icarə sahəsindən çıxarılmalıdır.

60. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabdehə aid edilməlidir.

61. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 06 nömrəli hesab faktura və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən 1000 manat hüquqi xidmət haqqı ödənilmişdir.

62. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 442,9 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 41800 manat əsas borc, 1724,58 manat faiz borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 107364 manat məbləğində əsas borc, 2013,08 manat faiz borcu, 1000 manat hüquqi yardıma görə xərc, 442,9 manat məbləğində dövlət rüsumu, ümumilikdə 154344,56 (bir yüz əlli dörd min üç yüz qırx dörd manat əlli altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin. İddiaçı X3 və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 16 ünvanında yerləşən ümumi sahəsi 2207.7 kv.metr olan qeyri-yaşayış binasının iddiaçı X1 payına düşən 1348 kv.m sahəsindən və onun ətrafında yerləşən 0.045 hektar torpaq sahəsindən çıxarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar