Məhkəmə qərarları › İş №e-2-2(113)-61/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-61/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-61/2021 15.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X1 ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin qanuni təmsilçisi X6, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı zərərin ödənilməsi tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı Bakı şəhər İcra Hakimiyyəti və X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla zərərin ödənilməsi və qurğunun sökülməsi dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə dəymiş 67.200 manat məbləğində maddi ziyanın, Azərbaycan Respublikasının X16nə hazırkı vaxta kimi ümumilikdə ödənilmiş 5397,60 manat məbləğində rüsum və yayım haqqının, həmçinin, Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusuna görə xərclənmiş 53.467 ABŞ dolları məbləğində pulun Cavabdeh MTKdan tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdən etibarən və sonuncu dəfə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə İddiaçı MMC arasında Bakı şəhəri ərazisində açıq məkanda reklamların yerləşdirilməsi və yayımı məqsədi ilə 07 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 92 nömrəli qərarı ilə küçə reklamının yerləşdirilməsinə verilən 2197 nömrəli icazə sənədi əsasında xx xxxxxx 2017-ci il tarixdə İddiaçı MMC-yə Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində reklam yerləşdirilməsinə icazə verilmişdir. Həmin tarixdən yuxarıda qeyd olunan ərazidə yerləşən monitor tipli reklam qurğusunda müxtəlif reklamlar yerləşdirilmiş və yayımlanmışdır. Azərbaycan Respublikasının X11 yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli Fərmanına əsasən ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimlənməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının X16” publik hüquqi şəxs yaradılmış və bu səbəbdən həmin fərmana uyğun olaraq təkrarən Azərbaycan Respublikası X16ilə yeni müqavilələr bağlanmış və hazırda fəaliyyət göstərir. xx xxxxx 2018-ci il tarixdə İddiaçı ilə “X17” MMC arasında həmin ərazidə, yəni Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən İddiaçı MMC-yə məxsus monitor tipli reklam qurğusunda reklam məhsulunun yerləşdirilməsi barədə 15 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı MMC tərəfindən reklam məhsullarının hazırlamağı, quraşdırmağı və yerləşdirməyi, eləcə də müqavilənin 2.2.8-ci bəndinə əsasən müqavilənin müddəalarını lazımı qaydada və vaxtında yerinə yetirməyi öz üzərinə götürmüşdür. O cümlədən müqavilənin 10.1-ci bəndinə əsasən xx xxxxx 2018-ci il tarixdən - xx xxxxx 2019-cu il tarixə kimi hər ay 5.600 manat, ümumilikdə isə 67.200 manat məbləğində pulun ödənilməsi “X17” MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi öhdəçiliyi götürülmüşdür. “X17” MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx xxx 2018-ci il tarixli məktubla bildirilmişdir ki, xx xxxxx 2018-ci il tarixində “X17” MMC ilə İddiaçı MMC arasında bağlanmış 15 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşdirilmiş monitor tipli reklam qurğusunda müqavilənin 2.2.8-ci bəndinə əsasən reklam qurğusunun quraşdırılması və müqavilənin müddəalarını lazımı qaydada və vaxtında yerinə yetirməyi öz üzərinə götürmüşdür. Lakin xx xxx 2018-ci il tarixdə “X17” MMC-nin əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində monitor tipli reklam qurğusu işləmir. Həmin monitor tipli reklam qurğusunda yaranmış nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər görülməsi xahiş olunmuşdur. İddiaçı MMC-nin əməkdaşları tərəfindən qeyd olunan ünvanda monitor tipli reklam qurğusuna baxış keçirən zaman müəyyən olunmuşdur ki, monitoru elektrik enerjisi ilə qidalandıran üç fazalı elektrik xətti kəsilmiş və Cavabdeh MTK tərəfindən həmin ərazi hasara alınmışdır. İddiaçı MMCnin əməkdaşları ilə Cavabdeh MTK-nin əməkdaşı kimi özünü təqdim edən Aqşin adlı şəxslə aparılan danışıqlar nəticəsində müəyyən olunmuşdur ki, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən qeydiyyat nömrəsi **********1034 olan monitor tipli reklam qurğusunu qidalandıran elektrik xətti Cavabdeh MTK tərəfindən heç bir məlumat verilmədən kəsilmiş, həmin ərazidə söküntü işləri aparılır. Azərbaycan Respublikasının Dövlət X14 Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən qeydiyyat nömrəsi **********1034 olan monitor tipli reklam qurğusuna görə İddiaçı MMC tərəfindən hər ay 849,60 manat məbləğində yayım haqqı ödənilmişdir. Cavabdeh MTK tərəfindən ərazidə aparılan söküntü işlərinin, monitor tipli reklam qurğusunun elektrik enerjisinin kəsilməsinin və hasara alınması nəticəsində “X17” MMC ilə aramızda bağlanmış müqavilə şərtləri pozulmuş və əldə ediləcək 67.200 manat məbləğində pulun əldən çıxmış fayda kimi qiymətləndirməklə Cavabdeh MTK təqsiri üzündən öhdəliyin yerinə yetirilməsi mümkün olmamışdır. İddiaçı MMC-yə dəymiş 67.200 manat məbləğində maddi ziyanın, Azərbaycan Respublikasının X16nə hazırkı vaxta kimi ümumilikdə ödənilmiş 5397,60 manat məbləğində rüsum və yayım haqqı, həmçinin Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusuna görə xərclənmiş 53.467 ABŞ dolları məbləğinin İddiaçı MMC-yə könüllü ödənilməsi barədə Cavabdeh MTK-ya pretenziya məktubu göndərilməsinə baxmayaraq heç bir cavab verilməmişdir. Pretenziya məktubuna bütün sənədlər, eləcə də müqavilələr əlavə edilmişdir. Lakin Cavabdeh MTK vurulmuş ziyanın ödəməkdən yayınmışdır. Cavabdeh MTK İddiaçı MMC-yə qarşı Bakı şəhər İcra Hakimiyyəti və X16 üçüncü şəxslər olmaqla qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, 2018-ci ilin mart ayının 1-dən başlayaraq qətnamə icra edilən an üçün cavabdeh İddiaçı MMC-dən hər aya görə 11.000 manat məbləğində maddi ziyanın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 637 nömrəli, xx xxxxxx 2017-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, S.Vurğun və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə, Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Tikinti işlərinin başlanılması məqsədi ilə 100-ə qədər mənzilin sakinləri kirayə köçürülmüş və bu günə qədər onların kirayə haqqları MTK tərəfindən ödənilir. Qeyd olunan sərəncamın icra edilməsi və tikinti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, ayrıc aktı əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən MTK-ya verilmiş ərazi hasarlanmışdır. Həmin vaxtdan etibarən mübahisəli reklam qurğusunun götürülməsi məqsədi ilə dəfələrlə üçüncü şəxslərə rəsmi müraciətlər edilmişdir. Üçüncü şəxs X16 reklam yayımının dayandırılması barədə 2018 və 2019-cu illərdə onlara rəsmi cavab vermişdir. Həmin cavablarda qeyd edilir ki, reklam qurğularının quraşdırılması və sökülməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin tələbinə görə reklam qurğularının quraşdırılmasına icazə verən orqan yerli icra hakimiyyəti orqanı olan Bakı şəhəri İcra Hakimiyyətidir. Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış çoxsaylı şikayətlərdən sonra, X16 sənədlərdən görünür ki, İddiaçı MMC-yə cəmi 3 ay müddətinə (xx.xx.2018xx.xx.2018) qanunsuz icazə vermişdir. İcazənin qanunsuz olması onda ehtiva olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti MTK-ya torpaq ayırmasından və hasarlama işlərinə başlanılmasından sonra verilib. Buna baxmayaraq, İddiaçı MMC iddia ərizəsində qeyd edir ki, güya həmin qurğuda reklam məhsulunun yerləşdirilməsi üçün bir il müddətinə xx xxxxx 2018-ci il tarixli müqavilə bağlamışdır. Üçüncü şəxslərə, dəfələrlə edilmiş şifahi və yazılı müraciətlər, o cümlədən həmin qurumlar tərəfindən İddiaçı MMC-yə rəsmi müraciətlər bu günə qədər heç bir müsbət nəticə verməmiş, qurğunun sökülməsi təmin edilməmişdir. Nəticədə külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, reklam qurğusunun yerləşdiyi ərazi tikinti sahəsinə düşür və bu səbəbdən tikinti işlərində gecikmə baş vermişdir. MTK tərəfindən köçürülmüş sakinlərə hər ay 11.000 manat kirayə haqqı ödənilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2.1-ci maddəsinə əsasən, şəxsin, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququ olduqda, müvafiq icra hakimiyyəti tərəfindən reklam qurğusunun quraşdırılmasına icazə verilə bilər. Qanunvericiliyin tələbinə görə, reklam qurğularının tikintisinə və quraşdırılmasma icazə vermək səlahiyyəti yerli icra hakimiyyətinə, yəni Bakı şəhəri İcra Hakimiyyətinə məxsusdur. Lakin İddiaçı MMC-nin həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi olmadığı halda, X16 tərəfindən qanunun qeyd olunan tələbinə məhəl qoyulmadan x xxxxx 2018-ci ildə reklam yayımına və hətta reklam lövhəsinin quraşdırılmasına icazə verilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddədə qeyd olunur ki, tikintisi başa çatmış və ya başa çatmamış tikinti obyekti, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində inşa edildikdə, sökülür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)- 1395/2019 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçının, ilkin iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə müraciət edərək, 297.000 manat həcmində vurulmuş ziyanın İddiaçı MMC-dən, Cavabdeh MTK-nın xeyrinə tutulmasına və reklam lövhəsinin İddiaçı MMC tərəfindən sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində **********1034 olan monitor tipli reklam qurğusunun ətrafında yerləşən ərazidə Cavabdeh MTK tərəfindən aparılan söküntü işlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)181/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı pul tələbinə dair ilkin iddiası və Cavabdeh MTK-nın İddiaçı MMC-yə qarşı Bakı şəhər İcra Hakimiyyəti və X16 üçüncü şəxslər olmaqla pul tələbinə dair dair qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə iddianın təmin edilməsi tədbirinin tətbiq edilməsi barədə ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə rədd edilmişdir. Həmin qərardaddan İddiaçı MMC tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(103)-282/2020 saylı qərardadı ilə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)181/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin qanuni təmsilçisi X15 ilkin iddia tələbini müdafiə edib, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X12 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən X11 nümayəndəsi X13 məhkəmədə verdiyi izahatında mübahisəli reklam qurğusunun X16 yaranmamışdan əvvəl həmin ərazidə quraşdırıldığını, Agentliyin reklam qurğusunun quraşdırılmasına icazə vermədiyi, yalnız reklam qurğusunda reklamın yayımlanmasına icazə verdiyini və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığı bildirdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 məhkəməyə verdiyi izahatında Bakı şəhər İcra Hakimiyyətinin reklam qurğusunun quraşdırılmasına icazə verib-verməməsi barədə məlumatının olmadığını, icazə sənədlərin İcra Hakimiyyətində qalmadığını, mübahisənin təmsil etdiyi quruma aidiyyətinin olmadığını və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası X16 (icazə verən qurum) ilə İddiaçı MMC (reklam yayıcısı) arasında açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə verilmiş xx.xx.2018-ci il tarixli, İ**********001 – İ**********050 nömrəli icazə əsasında bu Müqavilədə göstərilmiş şərtlərlə reklam yayımını həyata keçirir, icazə verən qurum isə bununla bağlı müvafiq tənzimləməni və nəzarəti həyata keçirir. 2.1.1 və 2.1.4-cü bəndlərinə görə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının, verilmiş icazənin və texniki şərtlər pasportunun tələblərinə uyğun reklam yayımını həyata keçirmək; bu müqavilədə göstərilmiş ödənişləri vaxtında və tam şəkildə ödəmək reklam yayıcısının öhdəlikləridir. 2.2.1 və 2.2.4-cü bəndlərinə əsasən açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı reklam yayıcısının müraciətlərinə müvafiq qaydada baxmaq; müvafiq qaydada icazənin, onun dublikatının verilməsi, icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi üçün tədbirlər görmək icazə verən qurumun öhdəlikləridir. 4.1-ci bəndinə görə reklam yayımına görə haqq müvafiq qaydada hesablanır və onun məbləği bu müqavilənin Əlavəsində göstərilir. Reklam yayımına görə aylıq haqq müvafiq ayın bitməsindən sonra 3 iş günündən gec olmayaraq reklam yayıcısı tərəfindən icazə verən quruma ödənilir. 5.2-ci bəndinə əsasən müqavilə xx.xx.2018-ci il tarixədək etibarlıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -Azərbaycan Respublikası X16 (icazə verən qurum) ilə İddiaçı MMC (reklam yayıcısı) arasında açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinə əlavədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində quraşdırılmış sahəsi 12 kv.m. olan monitora görə aylıq yayım haqqının məbləği 720 manat təşkil edir. -İ**********034 qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Açıq məkanda reklam yerləşdirilməsinə dair” İcazədən görünür ki, Azərbaycan Respublikası X16 tərəfindən İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində reklam yerləşdirilməsinə icazə verilmişdir. -Azərbaycan Respublikası X16 tərəfindən İddiaçı MMC-yə P**********034 qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Açıq məkanda reklam yerləşdirilməsinə dair” Texniki şərtlər pasportu verilmişdir. Həmin pasporta əsasən monitorun ölçüsü 3m*4m, reklam səthinin sahəsi 12,00 kv.m-dır. -İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası X16nə ünvanlanmış xx xxxx 2018-ci il tarixli, 32 saylı məktubdan görünür ki, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçəsində yerləşən monitorun xx.xx.2018-ci il tarixdən işığı söndürülmü və monitorda reklam yayımı dayandırılmışdır. Odur ki, yayım haqqına görə hesab-fakturada nəzərə alınması xahiş edilmişdir. - Azərbaycan Respublikası X16 tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, xx xxxxx 2018-ci il tarixli müqavilənin 2.1.7-ci yarımbəndində reklam yayımının dayandırılacağı gün barədə icazə verən quruma həmin tarixdən 5 gün əvvəl yazılı məlumat vermək vəzifəsi reklam yayıcısının öhdəliyi kimi nəzərdə tutulsa da, həmin öhdəliyin icrası təmin edilməmişdir. Odur ki, müraciətdə qaldırılan məsələnin icrasının təmin edilməsi mümkün olmamışdır. -İddiaçı MMC (icraçı) ilə “X17” MMC (sifarişçi) arasında xx xxxxx 2018-ci il tarixdə 15 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən reklam yayıcısı hazırkı müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə göstərilən reklam məhsulunu bu Müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq, hazırlamağı, quraşdırmağı və yerləşdirməyi öz üzərinə götürür, sifarişçi isə, bunun müqabilində, razılaşdırılmış məbləği bu Müqavilənin şərtlərinə uyğun olaraq, icraçıya ödəməyi öz üzərinə götürür. Reklam məhsulunun müvafiq xüsusiyyətləri, hazırlanma, quraşdırma və yerləşdirmə müddətləri tərəflər arasında imzalanan Əlavələrə əsasən müəyyən ediləcəkdir. 2.2.1, 2.2.3 və 2.2.8-ci bəndlərinə görə bu Müqavilənin 1-ci bəndinin tələblərinə uyğun olaraq, icraçının öz vəsaiti hesabına hazırlanmış “Reklam məhsulu”nu sifarişçiyə vaxtında təqdim etmək; keyfiyyət fəndlərindən və standartlarından istifadə etmək və “Reklam məhsulumu reklam sənayesində tətbiq olunan ən yaxşı təcrübəyə uyğun olaraq tələb olunan ehtiyat, səriştə və qayğı ilə hazırlamaq; bu müqavilənin müddəalarını lazımi qaydada və vaxtında yerinə yetirmək reklam yayıcısının öhdəlikləridir. 2.4.1 və 2.4.2-ci bəndlərinə əsasən icraçının xidmət haqqını vaxtında ödəmək; icraçının təfərrüatlı xahişi ilə, “Reklam məhsulu”nun icraçı tərəfindən vaxtında hazırlanması üçün tələb olunan bütün uyğun məlumat və təlimatları təqdim etmək sifarişçinin öhdəlikləridir. 3.1-ci bəndinə əsasən reklam xidmətlərinin dəyəri bu Müqaviləyə əlavələrdə müəyyən edilir. 3.2-ci bəndinə görə sifarişçi hazır Reklam məhsulunun dəyərini hər kvartal bitdikdən müvafiq hesab-faktura əsasında, imzalanmış və möhürlənmiş təhvil-təslim aktı imzalandıqdan, elektron qaimə-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində icraçının bank hesabına köçürmə yolu ilə ödəməlidir. 10.1-ci bəndinə əsasən bu müqavilə xx xxxxx 2018-ci il tarixində qüvvəyə minir və xx xxxxx 2019-cu il tarixinədək qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx xxxxx 2018-ci il tarixli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, S.Vurğun küçəsi ilə Ssalatın Əsgərova küçəsində quraşdırılmış sahəsi 12 kv.m olan monitorun 1 aylıq icarə haqqı ƏDV xaric 5.600 manat təşkil edir. -xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin texniki işlər üzrə meneceri X8 və həmin şirkətin texniki X9 iştirakı ilə S.Vurğun küçəsi ilə S.Əsgərova küçəsində yerləşən qeydiyyat nömrəsi **********1034 olan monitor tipli reklam qurğusuna baxış keçirilmişdir və üç fazalı enerji təchizatı sistemindən qidalandığı elektrik xəttinin kəsildiyi müəyyən edilmişdir. Elektrik xəttin kəsildiyinə görə monitorun texniki tərəfdən işlək vəziyyətdə olub-olmaması müəyyən etmək olmamamışdır. Bunun səbəblərini, kəsilməyin kim tərəfindən həyata keçirildiyi, hansı səbəbdən kəsdirilməsini araşdırıldıqda bu barədə nəticə əldə edilməsi mümkün olmamışdır. -xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin texniki işlər üzrə meneceri X8 və həmin şirkətin satış üzrə meneceri X10 iştirakı ilə S.Vurğun küçəsi ilə S.Əsgərova küçəsində yerləşən qeydiyyat nömrəsi **********1034 olan monitor tipli reklam qurğusuna baxış keçirilmişdir. Monitorun arxasında yerləşən binada söküntü işləri başlamışdır və bu işləri aparan tikinti şirkəti tərəfindən monitora qoşulan elektrik xəttin kəsildiyi müəyyən edilmişdir. -xx.xx.2018-ci il tarixdə tərtib edilmiş arayışdan görünür ki, S.Vurğun küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusunun dəyəri 1.651,750 rus rublu təşkil edir. xx.xx.2012-ci il tarixdə valyuta kursu: 1 USD = 30.89 RUR. -xx.xx.2018-ci il tarixdə tərtib edilmiş arayışdan görünür ki, S.Vurğun küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusunun alınması üçün 1.651,750 rubl ödəniş edilmişdir. -06 dekabr 2012-ci il tarixli, 29 saylı ödəniş tapşırığında görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2012-ci il tarixli СДЭ-051 nömrəli müqaviləyə əsasən “Dimedia Strit” şirkətinə 2.237.820,00 rubl ödəniş edilmişdir. -xx.xx.2013-cü il tarixli, 1 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2012-ci il tarixli СДЭ-051 nömrəli müqaviləyə əsasən “Dimedia Strit” şirkətinə 1.462.680,00 rubl ödəniş edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 637 saylı Cavabdeh Mənzil Tikinti Kooperativinə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamından görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin xx.xx.2017-ci il tarixli, 014 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 356-cı məhəllə, S.Vurğun, S.Əsgərova, Bülbül və Ş.Əzizbəyov küçələrin kəsişməsindəki ərazidə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarəyə əsasən Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. -Nəsimi rayonu, 356-cı məhəllə, S.Vurğun, S.Əsgərova, Bülbül və Ş.Əzizbəyov küçələrin kəsişməsində Cavabdeh MTK-ya ayrılmış yaşayış binalarının tikintisi üçün 0.7495 hektar torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/60 qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli ayrıc aktı verilmişdir. Həmin ayrıc aktından görünür ki, Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsi Salatın Əsgərova küçəsinin səkisindən 2.90 metr, Səməd Vurğun küçəsinin səkisindən 2.92 metr məsafədə yerləşir. -Cavabdeh MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 7 saylı müqavilənin surətinin qısa zamanda verilməsi, həmçinin qanunsuz quraşdırılmış reklam löhvəsinin götürülməsi və MTK-ya verilməsi xahiş edilmişdir. - Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1506 N-li, xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 637 saylı sərəncamla ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/2859 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusunun dirəyi Səməd Vurğun küçəsində yerləşən səkidən 4.65 metr, Salatın Əsgərova küçəsində yerləşən səkidən isə 6.0 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi ilkin iddianın predmetini ilkin iddia üzrə Cavabdeh MTK-nın hüquqazidd hərəkətləri nəticəsində ilkin iddia üzrə İddiaçı MMC-yə dəymiş zərərin (real zərər və əldən çıxmış fayda formasında) ödənilməsi tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1-21.2, 1096-1097-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd, təqsirli əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli ərazidə yerləşən reklam qurğusunda reklam yayımlamaq hüququna malik olması, lakin cavabdehin hüquqazidd hərəkətləri nəticəsində həmin hüququ həyata keçirə bilməməsi ilə əsaslandırsa da, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, “Reklam haqqında“ AR Qanununun: 26.1-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.2-ci maddəsinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-1-ci maddəsinə görə açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 26.2-2-ci maddəsinə görə reklam yayıcısı, həmçinin: 26.2-2.1. reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; 26.2-2.2. reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. 26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 26.3-cü maddəsinə görə reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər. “Reklam haqqında” AR Qanununun 26.2-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında isə deyilirdi ki, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Sözügedən qanunvericilik normalarının məzmunundan göründüyü kimi açıq məkanda reklam yerləşdirilməsi üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (X4) reklam yayımına icazə almaqdan öncə müvafiq reklam qurğusu yerləşdirilməsi məqsədi ilə reklam qurğusunun yerləşdiriləcəyi daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə icarə müqavilə bağlanmalı idi. Mübahisəli reklam qurğusunun xx xxxx 2017-ci il tarixdən əvvəlki dövrdə quraşdırıldığını nəzərə alsaq isə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə reklam yayıcıya reklama dair texniki şərtlər pasportu da verilməli idi. Hazırkı işdə isə mübahisəli reklam qurğusunun Cavabdeh MTK-nın istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşdirildiyi, yəni həmin reklam qurğusunun yerləşdirildiyi torpaq sahəsi İddiaçı MMC-nın mülkiyyətində və qanuni istifadəsində olmadığı halda İddiaçı MMC həmin reklam qurğusunun yerləşdirilməsi üçün əsas olmuş müvafiq icra hakimiyyəti ilə bağladığı icarə müqaviləsini məhkəməyə təqdim etməmişdir. Dövlət mülkiyyətində olan torpaq sahəsində reklam qurğusunun yerləşdirilməsi üçün əsas olmuş sənədlərin tələb edilməsi üçün məhkəmə tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət edilsə də, həmin sorğuya əsasən qurğunun yerləşdirilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə mübahisəli ərazidə reklam qurğusunun quraşdırılmasının qanuni olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddiaçının qeyri-qanuni quraşdırılmış reklam qurğusunda reklam yayımlamaq hüququ da mövcud olmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, reklam yayımının dayandırılmasının iddiaçının hüquqazidd, təqsirli əməlləri nəticəsində baş verməsi ehtimal edilsə belə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi qeyri-qanuni quraşdırılmış reklam qurğusunda reklam yayımlamaq hüququ olmadığından cavabdeh mövcud olmayan hüququnun pozulması nəticəsində dəymiş zərərin (həm real zərər, həm də əldən çıxmış fayda) cavabdehdən tutulması tələb etməkdə haqlı deyil. İddiaçının reklam qurğusuna çəkilmiş xərclərin cavabdehdən tutulması tələbinə hissəsinə münasibətdə gəldikdə iddiaçı ona məxsus reklam qurğusunun zədələnməsi, məhv olması və ya həmin qurğuya hər hansı digər formada hansı maddi zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda isə məhkəmə hesab edir ki,həmin hissədə də ilkin iddia əsassızdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin iddia iki tələbdən ibarətdir.

1. Reklam qurğusunun sökülməsi tələbi. Məhkəmə qeyd edir ki, qeyd olunan tələbə münasibət bildirilməsi üçün məhkəmə tərəfindən ilk növbədə mübahisəli reklam qurğusunun Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 637 saylı saylı sərəncamı ilə qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MTK-ya tikinti aparılması üçün ayrılmış torpaq sahəsində yerləşib-yerləşməməsi məsələsinə aydınlıq gətirilməlidir. İş üçün əhəmiyyət kəsb edən göstərilən halın müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusunun dirəyinin Səməd Vurğun küçəsində yerləşən səkidən 4.65 metr, Salatın Əsgərova küçəsində yerləşən səkidən isə 6.0 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan ayrıc aktında Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsinin Salatın Əsgərova küçəsinin səkisindən 2.90 metr, Səməd Vurğun küçəsinin səkisindən 2.92 metr məsafədə yerləşməsinin aydın göründüyünü nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, monitor tipli reklam qurğusu Cavabdeh” MTK-ya ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.

Mülki Məcəllənin: 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Belə olan halda məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən mübahisəli reklam qurğusunun lazımi icazələr alınmadan quraşdırıldığını, həmin qurğunun yerləşdiyi torpaq sahəsindən qanuni əsaslarla sahiblik edən qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh“ MTK-nın maraqlı şəxs kimi həmin qurğunun sökülməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə qarşılıqlı iddia təmin edilməli, Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən sökülməlidir. 2.Maddi zərərin ödənilməsi tələbi Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki,qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh“ MTK həmin hissədə qarşılıqlı iddiasını tikinti üçün ayrılmış torpaq sahəsində cavabdehə məxsus reklam qurğusunun mövcud olmasının tikinti işlərini gecikməsinə səbəb olması ilə əsaslandırsa da, mübahisəli torpaq sahəsində görüləcək tikinti işlərinin həqiqətən də gecikməsini, eləcə də tikinti üçün ayrılmış torpaq sahəsində cavabdehə məxsus reklam qurğusunun mövcud olması ilə tikinti işlərini gecikməsi arasında səbəbli əlaqənin mövcud olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda isə maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin iddianın rədd edildiyini, qarşılıqlı iddianın isə qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməli, Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul məbləğinin 25 manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən, qalan 25 hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

Nəticə hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı zərərin ödənilməsi tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı zərərin ödənilməsi və qurğunun sökülməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən sökülsün. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul məbləğinin 25 manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən, qalan 25 hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar