Məhkəmə qərarları › İş №e-2-2(113)-61/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-61/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-61/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə; Cavabdeh və vəkili Nümayəndə2 İsgəndər oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 205.9 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 2219.72 (iki min iki yüz on doqquz manat, yetmiş iki qəpik) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilmsəini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 205.9 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməli olan 1849.10 (min səkkiz yüz qırx doqquz manat, on qəpik) manat məbləğində icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan RespublikasıQanununun 7 və 13- cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2023-cü il tarixli, 3-21-3/2-7961/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 205.9 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 3900.75 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək xahiş etdi ki, iddiaçının iddiası qanunsuz hesab edilsin, icarə sahəsinin qanuni sahibinə satılması barədə qərar qəbul edilsin.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddia tələbinə etiraz edərək bildirdilər ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı qurumun tərkibinə keçənədək cavabdehin icarəsində olub, onlara keçəndən sonra da icarə davam edib. Özəlləşdirmə zamanı aralarında problem yaranmışdır, cavabdeh istəyib bütün anbarı icarəyə götürsün, iddiaçı isə etiraz edib və bildirib ki, yarısını cavabdehə, yarısını digər şəxsə və bu mübahisənin zəmnində bu gecikmələr yaranıb. Cavabdeh çox saylı məhkəmədə iddiası olub və hər dəfə düşünüb ki, onun xeyrinə qərar çıxar, bu yaxınlarda yekun məhkəmə prosesi yekünlaşıb. Ona görə icarə haqqını ödəməyib. Hesab edirlər ki, icarə haqqının tutulması hissəsində iddia ədalətlidir, çünki istifadəsindədir, lakin müqavilənin ləğvi və qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində tələb ədalətsizdir həmin hissədə iddianın rədd edilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1077 saylı Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqındda icarə müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə "lcarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021ci il tarixli, 108 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Plrallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, 262 A (registr N»***-*******4-002) ünvanında yerləşən, ümumi sahəsi 205.9 m2 təşkil edən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verilən qeyri yaşayış sahəsinin ölçüsü 205.9 kv.m., 1 kv.m. sahənin illik icarə haqqı 12 manat olmaqla illik icarə haqqının ƏDV-siz cəmi məlbəği 2964,96 manat müəyyən edilmişdir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı: 269.32 manatdır. Aylıq icarə haqqının 50%-i (ƏDV-siz) - 123.54 manat, illik icarə haqqının 50%-i (ƏDV- siz) - 1482.48 manat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 idarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C), aylıq icarə haqqının 50%-i (ƏDV-ilə) - 145.78 manat, İllik İcarə haqqının 50%-i (ƏDV-ilə) - 1749.33 manatı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, istehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (VÖEN **********) Azərbaycan Beynəlxalq Bankın «Sənaye» filialı AZ 51İBAZ**********9975433 211 saylı hesabına, kod 805603, müxbir hesabı AZ03NABZ********************, VÖEN ********** S.W.İ.F.T. bik: İBAZAZ2X) hesablaşma hesabına ödənilməlidir.

12. Müqavilənin 3.3-cü bəndinə əsasən icarə müqaviləsinin müddəti: xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilir.

13. Müqavilənin 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər.

14. Müqavilənin 8.2-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir.

15. Müqavilənin 8.4-cü bəndinə əsasən icarə müqaviləsinə xitam verildikdən sonra icarəçi icarəsində olan əmlakı icarəyəverənə qaytarmağa borcludur. Əgər icarəçi əmlakı qaytarmasa, icarəyəverən əmlakın saxlanıldığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini və icarəçidən saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bilər.

16. Müqavilənin 8.5-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi onun qüvvədə olduğu müddət ərzində icarə haqqı üzrə yaranmış borclarının ödənilməsindən və icra olunmamış öhdəliklərinin icrasında icarəçini azad etmir.

17. Cavabdeh məxsus şəxsi hesab vərəqəsinə əsasən 1077 saylı müqavilə üzrə cəmi 1458,58 manat ödənilmiş və 3900,75 manat ödənilməmiş borcu qalmışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli 2(102)-5361/2019 saylı iş üzrə qəbul etdiyi qərara əsasən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli 2(103)-2774/2019 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

19. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən əmlakın özəlləşdirilməsi ilə bağlı iddiaçının müraciətinə əsasən bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinə dair bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarı qüvvəyə minməklə, qanunamüvafiq qaydada icraya yönəldikdən sonra bu məsələ ilə bağlı zəruri tədbirlər görüləcəkdir.

20. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-(112)-2030/2022 saylı qərarından göründüyü kimi hazırkı kommersiya mübahisəsi üzrə Cavabdeh iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək onunla cavabdeh (hazırkı iş üzrə iddiaçı qurum) arasında xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 205.9 kv.m. olan sahəsinə bağlanılmış müqavilənin tam binaya, yəni 361.2 kv.m. olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və inzibati məhkəmə «Cavabdeh ünvan 5 ünvanda yerləşən, ümumi faydalı sahəsi 361.2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair üstünlük hüquqlarının mövcudluğu barədə formalaşdırılış mövqeyi Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli 2(102)-5361/2019 nömrəli qərarında aydın şəkildə göstərilməsi» əsası ilə iddia tələbi təmin edərək Cavabdeh ilə cavabdeh arasında xx.xx.2021ci il tarixdə ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin 205,9 kv.m olan sahəsinə bağlanılmış müqavilənin tam binaya 361,2 kv.m olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

21. İşdən olan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixləri əhatə edən ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən qeyd olunan illər üzrə müxtəlif məbləğdə icarə haqları ödənişi edilmişdir.

22. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1799/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1395/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-32/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2030/2022 saylı 15 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş. İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 205,9 kv.m olan sahəsinə bağlanılmış müqavilənin tam binaya, yəni 361,2 kv.m olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi” tələbinə iddiası mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ümumi sahəsi 361.2 kv.m təşkil edən mübahisə predmeti olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasının 154.5 kv.m təşkil edən hissəsi ilə bağlı inzibati orqanın sərəncamı və bağlanmış müqavilələr qüvvədə olduğundan, Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında xx.xx.2020-ci il tarixli, 424 saylı icarə müqaviləsinin, daha sonra Xidmət ilə X4 arasında xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasından ibarət cavabdeh inzibati orqanın hərəkətlərinin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə onun mülkiyyətçi kimi öz əmlakından sərbəst sərəncam vermək (bölmək) hüququndan irəli gəldiyi müəyyən edildiyindən və iddiaçının həmin hüququn həyata keçirilməsinə müdaxilə etməsi istisna edildiyindən, hazırki işdə iddiaçının ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasının digər 154.5 kv.m təşkil edən hissəsinə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı subyektiv hüququnun mövcudluğu müəyyən olunmur.

24. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir.

26. Həmin Əsasnamənin 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir.

27. Həmin Əsasnamənin 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.

28. Beləliklə, işin yuxarıda göstərilən hallarına və normativ hüquqi aktların məzmununa əsasən müəyyən edilir ki, hazırkı iş üzrə icarə obyekti olan dövlət mülkiyyətində olan qeyriyaşayış sahəsi Cavabdeh icarəsinə verildiyindən Əmlak Məsələləri Dövlət Xidməti dövlət mənafeyinin müdafiəsi üçün hazırkı iddianı məhkəmədə qaldırmaq hüququna malikdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

33. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

34. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

35. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

37. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

38. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

39. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

40. 690.1-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir.

41. 690.2-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.

42. 697.1-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

43. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

44. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi tələbinə dair aşağıdakıları qeyd edir.

45. Sadalanan normaların təhlili göstərir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.

46. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər:

1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda.

47. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsidir.

48. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər.

49. İşdə olan iddiaçı tərəfindən cavabdehə göndərilən xx.xx.2023-cü il tarixli xx.xx.2023cü il tarixdə cavabdehə poçt vasitəsi ilə çatdırılıb) pretezniya məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli, 1077 saylı icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixinə 1478,48 məbləğində borcu yaranmış və icarə haqqı üzrə bütün ödəniş məbləğini 7 iş günü ərzində ödənilməsi xahiş edilmiş. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən müqavilənin ləğvi də tələb olunmuşdur.

50. Qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə öhdəlikləri üzrə tələbləri yerinə yetirilmədiyindən, iddiaçı mülki qanunvericiliyin və alarından bağlanmış müqavilənin qeyd edilən bəndlərinə əsasən müqavilənin ləğvi tələbini irəli sürmüşdür.

51. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin və müqavilələrin bəndlərinə əməl edilərək aralarında bağlanmış müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini cavabdehə xx.xx.2023-cü il tarixində çatdırıldığı üçün (pretenziyada 7 gün verilmiş müddət nəzərə alınmaqla) tərəflər arasında bağlanmış müqavilə həmin tarixdən ləğv edilmiş hesab edilməlidir.

52. İddia tələbinin digər hissəsini icarə müqaviləsi üzrə ödənilməmiş 3900,75 manat pulun cavabdehdən tutulması təşkil edir.

53. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, icarə obyekti cavabdehə təhvil verilmiş və qətnamə çıxan günə kimi cavabdehin istifadəsindədir, cavabdeh tərəfindən əvvəlki dövrdə icarə haqqı ödənişləri həyata keçirilsə də, sonrakı dövrlərdə cavabdeh öhdəliklərini icra etmir və nəticədə iddiaçıya 3900,75 manat məbləğində ödənilməmiş icarə borcu yaranmışdır. Cavabdehin icarə haqqının ödənilməməsinə dair arqumenti isə ondan ibarət olmuşdur ki, hazırda onun icarəsinə 205,9 kv.m qeyri-yaşayış sahəri verilmişdir, o isə tam binaya, yəni 361,2 kv.m olan sahəsinə icarə müqaviləsinin bağlanmasını tələb edir (bu cür iddia ərizələri ilə inzibati məhkəməyə müraciət etsə də iddiası qeyri-mümkün hesab edilmişdir). Məhkəmə cavabdehin bu arqumentini tamamilə qanunsuz və əsassız hesab edir. Çünki işin mübahisəsiz halıdır ki, 205.9 kv.m qeyri-yaşayış sahəsi bugün də cavabdehin istifadəsindədir, daha çox sahəyə icrarə müqaviləsinin bağlanmasından imtina edilməsi cavabdehə mövcüd (205.9 kv.m qeyri-yaşayış sahəsinə dair) müqavilə üzrə öhdəliklərin icra edilməsindən yayınmaq üçün haqq qazandıra bilməz.

54. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir.

55. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyini nəzərə alaraq, hesab edir ki, 3900,75 manat məbləğində yaranmış borc tutularaq iddiaçıya ödənilməlidir.

56. İddia tələbinin digər hissəsini icarə obyekti olan ünvan 1 ünvanında yerləşən 205.9 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi təşkil edir.

57. Qeyd olunanlardan göründüyü kimi ünvan 1 ünvanında yerləşən 205.9 kv.m sahəsi dövlətin mülkiyyətindədir. Həmin əmlak 08 iyul 2021-ci il tarixində iddiaçı ilə cavabdeh arasında bağlanan icarə müqaviləsinə əsasən sonuncunun istifadəsinə verilmişdir. İcarə obyekti üzrə cavabdeh icarə haqqının ödənilməsini əsassız olaraq dayandırılmışdır. Qarşı tərəf dəfələrlə yazılı və şifahi qaydada məlumat verilməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə icarə haqqının ödənilməsindən yayınır. Hazırda cavabdehin ödənilməmiş icarə haqqı borcu vardır.

58. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, icarə haqqı ödənilməmişdir. İddiaçı tərəfindən Müqavilə şərtlərinə riayyət edilməklə cavabdehə öhdəliyin icra edilməsi barədə xx.xx.2023-cü il tarixli pretenziya məktubu (borcun ödənişi üçün 7 gün vaxt verilmiş) göndərilmiş, lakin cavabdeh tərəfindən həmin müddət ərzində borc məbləği ödənilməmiş və icarə müqaviləsinə xitam verilmişdir.

59. Beləliklə, AR MM-nin 697.1-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, icarə müqaviləsinə xitam verildiyi üçün, iddia tələbi bu hissədə də təmin edilməli, ünvan 1 ünvanında yerləşən 205.9 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

60. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyinən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutulamlıdır.

61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

63. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, təmin olunan 3900,75 manat məbləğinə mütənasib olaraq iş üzrə ödənilməli olan 59 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. İcarə obyekti olan ünvan 1 ünvanında yerləşən 205.9 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin. xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 3900,75 manat icarə haqqı borcu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ((VÖEN **********, Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) ödənilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 59 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar