Məhkəmə qərarları › İş №e-2-2(113)-610/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-610/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-610/2024 09.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X23 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəliyin icrası, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi) X21 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı “X23 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı “X23 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 (birgə) müştərək qaydada 349591,67 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 46165,26 manat, 267991,67 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 5910,50 manat, 197866,67 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 1788,93 manat, 140509,67 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 7487,43 manat, 140491,67 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 2040,02 manat, 60649,47 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 4079,30 manat, ümumilikdə 67471,44 manat və mediasıya xərci əvəzi 410 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X23 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında 31 iyul 2013-cü il tarixdə kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanılmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh1 MMCyə 31 iyul 2015-ci il tarixinədək, 24 ay müddətinə 350000 manat məbləğində kredit xətti (limiti) ayrılmışdır. 21 may 2014-cü il tarixdə “X23 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında 4 №-li Kredit sazişi bağlanılmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MMC-yə 3 ay müddətinə, illik 14% faiz olmaqla 180000 manat məbləğində kredit verilmişdir. 22 may 2014-cü il tarixdə “X23 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında 5 №-li Kredit sazişi bağlanılmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MMC-yə 3 ay müddətinə, illik 14% faiz olmaqla 170000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə, həmçinin Cavabdeh2 ilə Bank arasında 31 iyul 2013-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(009)-225/2017 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 414802,47 manat məbləğində kredit borcnun və 30 manat dövlət rüsumunun, 19 manat poçt xərcinin müştərək qaydada tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin 30 noyabr 2017-ci il tarixə əsas borc üzrə 349591,67 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 60649,47 manat hissəsi ödənilməmiş qalmaqdadır. xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 46165,26 manat, xx.xx.2020-ci ildən xx.xx.2020ci ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 5910,50 manat, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 1788,93 manat, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 7487,43 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 2040,02 manat, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 4079,30 manat təşkil edir. İİ.Tərəflərin mövqeləri Məhkəmə iclasında iştirak edən iddiaçı “X23 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2021-ci ildə onların tərəflə ödəmə ilə bağlı razılaşmaları olmuşdur. 17 noyabr 2021-ci ildə cavabdeh tərəfindən 205000 manat ödəniş olunmuş, bu ödəniş tərəfin cari hesabına köçürülmüşdür. 6 iyun 2022-ci il tarixdə əmlakın alqı-satqısı olmuş və 59947 manat məbləği Cavabdeh2 öz zamin hesabından geri çəkmişdir. Çünki bankla müştəri arasında olan razılaşmaya əsasən həmin 4 əmlaklardan biri borcalanın yoldaşına satılacaqdı, yerdə qalan 145053 manat vəsait kreditindən silinmişdir. Ödəniş edilən 205000 manat məbləğ tam borca silinməmişdir. Əgər bütün məbləğ borca silinsə idi, cavabdehin əmlakı alqı-satqı etmək üçün məbləği çatmayacaqdı. Cavabdehlərlə razılaşmalarından sonra uzun müddət ərzində onlarla danışıqlar aparırmışlar və qısa zamanda ödənişlər edəcəkləri ilə bağlı məlumat vermişlər. Cavabdeh tərəfindən konkret addımlar atılmadığı, razılaşma baş tutmadığı üçün həmin dövrə illik 5% tələb etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “X23 Azərbaycan” QSC ilə "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış 31 iyul 2013-cü il tarixli 072013 saylı kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə, xx.xx.2015-ci il tarixədək 350000 manat məbləğində kredit xətti açmışdır. 21 may 2014-cü il tarixli 4 nömrəli kredit sazişindən görünür ki, “X23 Azərbaycan” QSC ilə "xxxx" MMC-nin direktoru Cavabdeh2 3 ay müddətinə illik 14%-lə 180000 manat məbləğində kredit ayırmışdır. 22 may 2014-cü il tarixli 5 nömrəli kredit sazişindən görünür ki, “X23 Azərbaycan” QSC ilə "xxxx" MMC-nin direktoru Cavabdeh2 3 ay müddətinə illik 14%-lə 170000 manat məbləğində kredit ayırmışdır. 31 iyul 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan "xxxx" MMC-yə zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 30 noyabr 2017-ci il tarixi qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, "xxxx" MMC və Cavabdeh2 “X23 Azərbaycan” QSC-nin xeyrinə 21 may 2014-cü İl tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457,88 manat faiz və 2.000 manat cərimə olmaqla, cəmi 213.247,88 manat məbləğində borc, 22 may 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801,67 manat əsas, 29.752,92 manat faiz və 2.000 manat cərimə olmaqla, cəmi 201.554,59 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu və 19 manat poçt xərcinin müştərək qaydada tutulması, ipoteka predmetləri Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti 128.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyalar açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “X23 Azərbaycan” QSC-nin təmin edilmiş tələblərinin ödənilməsi qət edilmişdir. 47485/2019-16-12 nömrəli Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra işindən görünür ki, icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası ilə bağlı qərar bildiriş xx.xx.2019-cu ildə X2 rəsmi qaydada təqdim edilmişdir. X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi 131 saylı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışını təşkil etmək üçün xx.xx.2019-cu il tarixdə hərrac təşkilatına göndərilmişdir. Borclunun həyat yoldaşı X4 tərəfindən tələbkar “X23 Azərbaycan” QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırdığını, həmin iddianın Nəsimi rayon Məhkəməsinin icraatına qəbul edildiyini və icra sənədinin icrasını İcra haqqında qanunun 17.1.4-cü maddəsinə əsasən dayandırılması ilə bağlı xx.xx.2019cu il tarixdə ərizə ilə şöbəyə müraciət etmişdir. İcra məmuru tərəfindən icraatın dayandırılması ilə bağlı xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmiş və bununla bağlı hərrac təşkilatına, tələbkara məlumat verilmişdir. Tələbkar tərəfindən şöbəyə ünvanlanmış məktubda X4 tərəfindən qaldırılmış iddianın məhkəmə tərəfindən təmin edilmədiyi bildirilmiş, sözügedən əmlakın satışının təşkil edilməsi üçün hərrac təşkilatına sifarişlə müraciət olunması xahiş edilmişdir. İcra məmuru tərəfindən icraatın təzələnməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmiş, eyni zamanda hərracın davam etdirilməsi ilə bağlı hərrac təşkilatına məktubla müraciət olunmuşdur. Hərrac təşkilatından şöbəyə daxil olmuş məktubda sözügedən əmlakın satışı ilə bağlı hərracın keçirilməsi xx.xx.2020-ci il tarixdə saat 11:00, xx.xx.2020-ci il saat 11:00 tarixlərə təyin edildiyi və 48/09 saylı hərracın yekun protokoluna əsasən 57375 manata xx.xx.2020-ci il tarixdə sözügedən əmlak tələbkar tərəfindən əldə edilmişdir. Sözügedən əmlakın tələbkar bankın adına rəsmiləşdirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə tələbkar tərəfindən şöbəyə məktub ünvanlanmışdır və əmlakın rəsmiləşdirilməsi ilə bağlı icra məmuru tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. ünvan 1ldılması ilə bağlı xx.xx.2021-ci il tarixdə tələbkar tərəfindən şöbəyə məktub ünvanlanmışdır. ünvan 1ldılması ilə bağlı icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixə saat 11:00-a icra prosesi təyin edilmişdir. İcra yerində olarkən borclu X5 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi, ailə üzvlərinin evdə olmadığı, bu səbəbdən icra sənədinin icrasının təxirə salınması ilə bağlı icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Bundan sonra borclunun qohumlarından əldə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən digər borclu Cavabdeh2 tərəfindən “X23 Azərbaycan” QSC-yə 205000 manat pulun ödənildiyi məlum olmuşdur. Səbail rayon məhkəməsinin 2(009)-225/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə kredit borcun bağlanması ilə bağlı müxtəlif tarixlərdə tələbkar “X23 Azərbaycan” QSC-yə müraciət olunsa da bank tərəfindən heç bir məlumat verilməmişdir. X17 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək hazırda tərəf olduğu icra işinin Səbail rayon İcra şöbəsinin icraatında olmadığını bildirmiş və şöbənin icra məmurunun hərəkətindən şikayət etmədiyini qeyd etmişdir. 74248/2019-34-11 nömrəli Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra işindən görünür ki, icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Borclu Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, 3-cü yaşayış massivi 8 saylı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışını təşkil etmək üçün xx.xx.2019-cu il tarixdə hərrac təşkilatına məktub göndərilmişdir. Borclunun həyat yoldaşı X10 tərəfindən tələbkar “X23 Azərbaycan” QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırdığını, həmin iddianın Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edildiyini və icra sənədinin icrasını İcra haqqında qanunun 17.1.4-cü maddəsinə əsasən dayandırılması ilə bağlı xx.xx.2019-cu il tarixdə ərizə ilə şöbəyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3632/2019 nömrəli qətnaməsindən görünür ki, X10 tərəfindən tələbkar “X23 Azərbaycan” QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Hərrac təşkilatından şöbəyə daxil olmuş məktubda sözügedən əmlakın satışı ilə bağlı hərracın keçirilməsi xx.xx.2019cu il tarixdə saat 11:00, xx.xx.2019-cu il saat 11:00 tarixlərə təyin edildiyi və Y-233/1 saylı hərracın nəticələri haqqında protokola əsasən 81600 manata xx.xx.2019-cu il tarixdə sözügedən əmlak tələbkar tərəfindən əldə edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, 3-cü yaşayış massivi 8 saylı fərdi yaşayış evinin boşaldılması ilə bağlı tələbkarın xx.xx.2020-ci il tarixli məktubu şöbəyə daxi olmuşdur. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhər Nəsimi Rayon Məhkəməsində iddia qaldırdığını və evin boşaldılması barədə icra hərəkətlərinin dayandırılmasını şöbədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixli icraatın dayandırılması haqqında qərarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 225/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1710/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə” iddiası təmin edilməmişdir. xx.xx.2021-ci il tarixli qərarla Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-225/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. 17 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, “X23 Azərbaycan” QSC-nin nümayəndəsi X3 rayon İcra Şöbəsinin rəisi Azər Paşayevdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 30 noyabr 2017-ci il tarixli icra sənədinin icrasının qeyri-müəyyən vaxta təxirə salınmasını xahiş etmişdir. 36214/2019-5-1 nömrəli Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra işindən görünür ki, icra sənədi şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Hərracın dayandırılmasına dair ərizədən görünür ki, X12 ünvan 2 ünvanlarda yerləşən mənzillərin müvafiq olaraq 110000 və 95000 manat ilkin qiymətləndirmə dəyəri ilə hərraca çıxarıldığını, hərracın xx.xx.2019cu il tarixə təyin olunduğunu, həmin qiymətləndirmənin nəticəsi ilə cavabdehin razı olmadığından ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət olunduğunu bildirmiş, odur ki, hərracın təxirə salınmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə məhkəmə qətnaməsində mənzilin qiymətləndirilməsi əks olunduğu üçün qiymətləndirmənin ləğv edilməsinə dair iddianın icra işinin dayandırılmasına əsas olmadığı bildirilmişdir. xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X17 ipoteka predmetinə dair Nəsimi rayon məhkəməsində iddia qaldırdığını bildirmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 30 noyabr 2017-ci il tarixli qətnamə üzrə icra hərəkətlərinin dayandırılmasını Nəsimi rayon İcra və Probasiya şöbəsindən xahiş etmişdir. 14 06.2019-cu il tarixli qərarla Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 30 noyabr 2017-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3685/2019 nömrəli qətnaməsindən görünür ki, X7 “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 3728/2019 nömrəli qətnaməsindən görünür ki, X13 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Açıq hərracın keçirilməsi barədə bildirişlərdən görünür ki, açıq hərrac 02 sentyabr 2020-ci il tarixə saat 11:00, 17 sentyabr 2020-ci il tarixə saat 11:00 təyin olunmuş, 17 sentyabr 2020-ci il tarixə saat 11:00 təyin olunmuş açıq hərrac 30 sentyabr 2020-ci il tarixə saat 11:00 təxirə salınmışdır. 06 oktyabr 2020-ci il tarixli YP-010 nömrəli satış protolundan görünür ki, Bakı şəhəri Dilarə Əliyeva küçəsi ev 253 mənzil 117 tələbkar tərəfindən 60563 manata alınmışdır. 06 oktyabr 2020-ci il tarixli YP-009 nömrəli satış protolundan görünür ki, Bakı şəhəri Dilarə Əliyeva küçəsi ev 253 mənzil 116 tələbkar tərəfindən 70125 manata alınmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 327/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X13 “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi və yeni qiymətləndirmənin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. 16 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 31 iyul 2013-cü il tarixli kredit müqaviləsi (kredit xəttinin açılması barədə) üzrə əsas borcdan qalan 349.591.67 manat ödənilməsinin 964 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 46165,26 manat, 267.991.67 manat ödənilməsinin 161 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 5910,50 manat, 197866,67 manat ödənilməsinin 66 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 1788,93 manat, 140509,67 manat ödənilməsinin 389 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 7487,43 manat, 140.491.67 manat ödənilməsinin 106 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 2040,02 manat, 60.649.47 manat ödənilməsinin 491 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 4079,30 manat məbləğində təşkil edir. xx.xx.2024-cü il tarixli “X23 Azərbaycan” QSC-nin təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2019-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, ev 8, ilkin satış 128.000 azn, 15% 108.800 azn, 25% 81.600 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 116, ilkin satış 110.000 azn, 15% 93.500 azn, 25% 70.125 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 117, ilkin satış 95.000 azn, 15% 80.750 azn, 25% 60.562.50 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küç., ev 131 nömrəli fərdi yaşayış evi, ilkin satış 90.000 azn, 15% 76.500 azn, 25% 57.375 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. Cəmi borcdan (414.802.47) 81.600 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 333802,47 azn qalmışdır. Cəmi borcdan (333.802.47) 70.125 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 263077,47 azn qalmışdır. Cəmi borcdan (263.077.47) 57.375 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 205702,47 azn qalmışdır. İş üzrə zamin, həmçinin təsisçi xx.xx.2021-ci il tarixdə 205.000 azn məbləğində ödəniş etmişdir. Həmin ödənişdən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 59.947 azn hesabdan çəkmişdir. Həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında olan əmlak 100.000 azn məbləğində X1. Hesabda qalan 145.053 azn kredit borcundan xx.xx.2022-ci il tarixdə silinmişdir. Məhkəmə qərarı üzrə kredit borcundan cəmi 60.649.47 azn məbləğində ödənilməmiş borc qalmışdır. Maliyyə sənədindən görünür ki, Cavabdeh2 05 mart 2021-ci il tarixə “X23 Azərbaycan” QSC-yə cəmi 205702,47 manat borcu var. 17 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 “X23 Azərbaycan” QSCnin hesabına 205000 manat köçürmüşdür. İV.Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.7-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (xx.xx.2023-cü il tarixdən sonrakı redaksiya: Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.). 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir....”. Vİ.Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, iş materiallarını və icra işlərini tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Çünki cavabdehlər iddiaçıya pul məbləğinin ödənilməsini gecikdirməmişlər. Belə ki, icra işlərinin materiallarından məlum olur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 30 noyabr 2017-ci il tarixi qətnaməsi icraya yönəldikdən sonra ipoteka predmeti olan əmlaklarla bağlı hərraclar təşkil olunmuş, həmin hərracların keçirilməsi prosesi müəyən vaxt tələb etmiş, sonda hərraclar baş tutmadıqda ipoteka predmetləri iddiaçı tərəfindən qəbul edilmiş və iddiaçının nümayəndəsi tərəfindən qətnamənin icrasının qeyri-müəyyən vaxta təxirə salınması xahiş olunmuş və məhkəmədə işə baxılana kimi icranın davam etdirilməsi barədə icra şöbəsinə müraciət edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdə xx.xx.2021-ci il tarixə cavabdehlərin cəmi 205702,47 manat borcu olduğu, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra işində xx.xx.2021-ci il tarixdə Cavabdeh2 205000 manat iddiaçıya pul ödədiyi, bundan sonra icra məmurunun borcun bağlanması ilə bağlı iddiaçıya müraciət etdiyi, lakin iddiaçı tərəfin cavab vermədiyi müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra işində iddiaçının nümayəndəsinin xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 30 noyabr 2017-ci il tarixi qətnaməsinin qeyri-müəyyən vaxta təxirə salınmasını xahiş etdiyi müəyyən olunmuş, eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bu faktı təsdiq edərək hazırkı işə məhkəmədə baxıldığı müddətdə qətnamənin icrasının davam etdirilməsi ilə bağlı icra şöbəsinə müraciət etdiklərini bildirmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdeh tərəfindən ödənilmiş məbləğin nəyə görə borcu tam bağlamadığını kifayət qədər əsaslandırmamış, həmçinin tərəflər arasında qətnamənin icrası ilə bağlı əlavə razılaşma olması barədə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi qətnamə üzrə borcun iddiaçıya ödənilməsinin bu günə kimi gecikməsi cavabdehlərin təqsiri üzündən baş vermədiyindən və qətnamənin icrası iddiaçının xahişi nəticəsində təxirə salınaraq icra edilmədiyindən, cavabdehlər icranı gecikdirmiş sayılmırlar. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 30 noyabr 2017-ci il tarixi qətnaməsi üzrə pulun ödənilməsinin qətnamə çıxan tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilməsi üçün gecikdirilmiş məbləğlərə illik beş faizin ödənilməsini tələb etməsi əsassızdır. Çünki Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən yalnız, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdikləri halda iddiaçının gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ vardır. Buna görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Vİİ.Nəticə Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X23 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar